Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / 6 il Bakıda ali təhsil alandan sonra həbs edilən tələbənin işində yenilik

6 il Bakıda ali təhsil alandan sonra həbs edilən tələbənin işində yenilik

Bakıya İrandan narkotik gətirməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Reza Dolatabadinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, qaçaq yolla Azərbaycana narkotik tərkibli dərmanlar gətirməkdə ittiham edilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Reza Dolatabadi 6 il Azərbaycanda təhsil alıb. O, Azərbaycan Tibb Universitetində təhsil alsa da, təhsilini başa çatdıra bilməyib. Bundan sonra isə Bakıda yaşamağa davam edib.

Reza Dolatabadi özünü qətiyyən təqsirli bilməyib.

R.Dolatabadinin vəkili bildirib ki, müdafiə etdiyi şəxsin əməlində qətiyyən cinayət tərkibi yoxdur: “Baxış protokolunda, Reza Dolatabadi şübhəli şəxs kimi dindiriləndə, təqsirləndirilən şəxs qismində dindiriləndə də müdafiəçisi olmayıb. Bu qədər ciddi qanun pozuntuları olub. Təsəvvür edin ki, bu adamı ötən il fevralın ikisindən izləyiblər. Onun narkotik tərkibli dərmanlar gətirəcəyindən şübhə ediblər. Amma bunu sübut edə bilməyiblər.

Düz bir ay sonra şərti alıcı ilə onun saxlanılması üçün əməliyyat keçiriblər. Amma burada da qeyri-peşəkarlıq üzə çıxıb. Gömrük əməkdaşları Reza Dolatabadiyə yaşadıqları binanın qarşısında yaxınlaşıblar. Şərti alıcı kənarda dayanıb. Yəni, malı Rezaya verdikdən sonra əməliyyat keçirilməyib. Oradaca Rezanı saxlayaraq idarəyə aparıblar. Sonra da işin istintaqı polisə verilib. Əgər bu əməliyyat həqiqət idisə, niyə gözləmədilər ki, şərti alıcı malı Rezaya verəndə saxlasınlar?”

Vəkil müdafiə etdiyi şəxsin məhkəmə zalından azadlığa buraxılmasını, cinayət işinə xitam verilməsini istəyib.

Müdafiəçi onu da qeyd edib ki, Reza Dolatabadinin atası Azərbaycan dilinin tədris edilməsi üçün İranda mübarizə aparıb. Bu fəaliyyətinə görə də onun barəsində edam hökmü çıxarılıb.

Reza Dolatabadi də İranda milli azadlıq hərəkatının fəallarından olduğunu deyib. Məlum olub ki, istintaq orqanı ciddi prosessual pozuntulara yol verib. Həmçinin təqsirləndirilən şəxsdən ifadə alınan zaman dəvət edilən tərcüməçi ilə bağlı problem üzə çıxıb. Tərcüməçinin təqsirləndirilən şəxsin fikirlərini tərcümə edərkən səhvlərə yol verdiyi məlum olub. Bu səbəbdən hakim işin istintaqa qaytarılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, gömrük əməkdaşları Reza Dolatabadidən şübhələniblər. Onlar Reza ilə münasibət quraraq bir ay müddətində görüşüblər. Bir ay sonra keçirilən əməliyyatla Reza Dolatabadi saxlanılıb.

Reza Dolatabadi isə deyib ki, sonradan gömrük əməkdaşları olduğunu bildiyi şəxslər onu narkotik tərkibli dərmanları Azərbaycana gətirməyə təhrik ediblər. Amma bununla razılaşmayıb. Musavat.com

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …