Çərşənbə , May 22 2024
Ana səhifə / Kriminal / 5 il iş verilən AXCP üzvü ölüm aclığına başlayacaq

5 il iş verilən AXCP üzvü ölüm aclığına başlayacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev mayın 15-dən həbsdə ölüm aclığına başlayacağını deyir.
“Azadlıq raiosu” xəbər verir ki, o, mayın 13-də Bakı Apellyasiya Məhkəməsində belə söyləyib:
“Mən heç bir cinayət törətmədiyim halda, siyasi sifarişlə həbsdə saxlanılıram. Buna etiraz olaraq bir müddət əvvəl aclıq aksiyası keçirməyə başladım. O zaman Kürdəxanı təcridxanasının (Bakı İstintaq Təcridxanası nəzərdə tutulur -red.) rəhbərliyi məni əmin elədi ki, məhkəmədə işimə ədalətli baxılacaq. Ona görə dayandırdım. Amma bu dəfə elə olmayacaq. Mayın 15-dən ölüm aclığına başlayacağam”.
E.Əliyev təkcə qidadan deyil, sudan da imtina edəcəyini bildirib.
Bir ilə yaxındır dələduzluq ittihamı ilə həbsdə olan E.Əliyevə aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası kəsilib. Apellyasiya şikayəti də həmin hökmdən verilib.
Mayın 13-də Bakı Apellyasiya Məhkəməsində E.Əliyevin vəkili yekun qəraradək onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq onun həbsdə insult keçirdiyini, himayəsində üç azyaşlı uşağının olmasını hakimlərin diqqətinə çatdırıb.
Ancaq hakimlər E.Əliyevi ev dustaqlığına buraxmaqdan imtina ediblər.
Cəbhəçi fəal daha iki nəfərlə – Vəfadar Axundov və Yusif Əliyev ilə birlikdə mühakimə olunur.
Cinayət işinin materiallarında iddia edilir ki, adları çəkilən təqsirləndirilən şəxslər Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluğa yol veriblər.
Y.Əliyev satılan torpağın sahibidir. E.Əliyev isə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olub. Təqsirləndirilən şəxslərdən V.Axundov da bu işə vasitəçilikdə suçlanır.
Bakı Ağır Cinayətlər Məhkəməsində cəbhəçi fəal istisna olmaqla, digər iki təqsirləndirilənə şərti cəza verilib. E.Əliyevin fikrincə, bu ayrıseçkiliyin özü də ona qarşı qərəzli münasibətin, siyasi sifarişlə cəzalandırılmasının sübutudur.
Bu işə birinci instansiya məhkəməsində baxılanda E.Əliyevin vəkili onun həbsindən bir neçə gün öncə çəkdiyi və sosial şəbəkələrdə yayılmış videonu təqdim etmişdi. Cəbhəçi fəal orada bildirir ki, bir nəfər ona israrla zəng edir, ev və ya bağ sahəsi tapmasını istəyir:
“Zəng edir, əl çəkmir. Deyir, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm, hakimiyyətin bir oyunudur, nədir…”.
E.Əliyevin sözlərinə görə, videoda bəhs etdiyi şəxs hazırda zərərçəkmiş qismində tanınan R.Şükürovdur. İş materiallarına əsasən, ondan alınmış 57 min manatdan E.Əliyevə makler kimi 3 min 900 manat çatıb. Həmin pul da ona qaytarılıb. Ümumiyyətlə, 57 min manat tam şəkildə zərərçəkmişə ödənilsə də, R.Şükürov məhkəmədə yenə E.Əliyevdən şikayətçi olduğunu söyləyib.
E.Əliyev daha öncə bir neçə dəfə polisə müqavimət ittihamı ilə inzibati qaydada həbs edilib. Ona hər dəfə 20-30 sutka olmaqla, inzibati həbs cəzası kəsilib.

Həmçinin oxuyun

Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilər

Hüquqşünas bildirib ki, həbsdəkilərin generalla bağlı səsləndirdiyi ittihamlar mütləq araşdırılmalıdır  Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş …