Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Kriminal / 5 il həbsxanada lüks şəraitdə yaşadı – MTN generalı hüquq sisteminə necə qalib gəldi?

5 il həbsxanada lüks şəraitdə yaşadı – MTN generalı hüquq sisteminə necə qalib gəldi?

2015-ci ildə ağır cinayətlərdə ittiham olunaraq həbs edilən MTN generalı Akif Çovdarovun adı 2020-ci ilin aprelində Əfv Komissiyası tərəfindən koronavirusa görə əfv edilən xəstə və yaşlı məhbusların siyahısına salındı. O zaman vəkilləri və bəzi komissiya üzvləri bunu onunla əsaslandırmağa çalışdılar ki, Çovdarov ağır xəstəlikdən əziyyət çəkir, ömrünü başa vurmağa çox qalmayıb. Amma Çovdarov necə “ağır xəstə” idisə, həbsdən çıxdığı gün əlində şərab piyaləsi ilə sosial şəbəkələrdə poz verdi… 

Akif Çovdarov kimdir, nəyə görə həbs edilmişdi – bu barədə cəmiyyətdə az-çox məlumat var. O, keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi olub, general-mayor rütbəsi daşıyıb. Akif Çovdarov 2015-ci ildə həbs edilib və Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq – mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əslində, o zaman da hakimlər MTN generalına böyük “güzəşt” edərək, bu qədər cinayətlərin qarşılığında ona cəmi 12 il cəza vermişdilər. Hansı ki, bu maddələrin hər biri ilə onu azı 15 il sərt rejimli həbsxanaya göndərmək mümkün idi…

Çovdarov ömrünün 5 ilini həbsxanada yaradılmış lüks şəraitdə keçirdi və onunla eyni həbsxanada olanlara vəd etdiyi kimi, tezliklə azadlığa çıxdı. Ancaq bununla da kifayətlənmədi və üstəlik, yuxarıda sadalanan cinayətləri törətməklə ələ keçirdiyi əmlaklarını da geri aldı. Nonsens budur.

O, vəzifədə olduğu dövrdə yığdığı var-dövləti quldurluq, talama, vəzifə saxtakarlığı, rüşvətalma cinayətləri ilə əldə edib və bu ittihamların heç biri onun üzərindən götürülməyib, bəraət verilməyib. Amma Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov 30 milyonluq var-dövləti “gözünü yumub” ona qaytardı.

Azərbaycan reallıqlarında bir hakimin müstəqil şəkildə, öz qərarı ilə bunu etməsi mümkündürmü? İnandlırıcı görünmür… Bu təxribatçı qərarı kim verib, nəyə görə verib, mütləq sorğulanmalıdır. Çünki bu cür qərarlar dövlətin, siyasi hakimiyyətin nüfuzuna zərbə vurur…

Cəmiyyətdə Akif Çovdarov məsələsinə münasibət birmənalı olaraq mənfidir. Bu qərarlar dövlətə, hüquq sisteminə inamı sarsıdan, məmur cildində cinayətkarlıqla məşğul olan şəxsləri həvəsləndirən qərarlardır. Belə çıxır ki, dövləti tala, vətəndaşı orta əsr metodları ilə cəzalandır, haqq qoy, işgəncə ver, əmlakını əlindən al, amma layiqli cəzanı alma, üstəlik, dövlət cinayət yolu ilə əldə etdiyin sərvəti sənə geri qaytarsın…

Bu bibarıçığı görən vətəndaş özünü, hansısa sahibkar, xarici investor sərmayəsini təhlükəsiz hiss edərmi?… Əlbəttə yox!

Çovdarovun əmlakını qaytaranlar görünür bu haqda fikirləşmir. Bəs onlara nəzarət edən səlahiyyətli orqanlar necə, bu cür qərarların Azərbaycan dövlətinin imicinə nə qədər böyük ziyan vurduğunun fərqindədirlərmi?!/AzPolitika.info” 

Həmçinin oxuyun

Keçmiş arvadının evinə gedərək qarşısına çıxanı BIÇAQLADI – VİDEO

Gəncədə bir ailənin 3 üzvü bıçaqlanıb. Bu azmış kimi kömək üçün gələn qonşu da xəsarət …