Rüşvət almaqda ittiham edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılıb.
Bakı
Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev
və sektorun məsləhətçisi Araz Qazıyevin cinayət işi üzrə məhkəmə iclası
başlayıb. Proses hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutub.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, iclasda şahidlər ifadə verib.
Qida Təhlükəsizlik Agentliyinin əməkdaşı, agentliyin Daxili Nəzarət Şöbəsinin rəisi Sənan Əsgərli ifadə verib.
S.Əsgərli
deyib ki, bir vətəndaş onlara müraciət edərək Elvin Nağıyevin ondan
rüşvət tələb etdiyini deyib: “Həmin şəxs qəssab idi. O bildirdi ki,
Elvin Nağıyev onun işlədiyi obyektdə qanunsuz yoxlama apararaq ondan pul
tələb edib və deyib ki, nə yolla olursa-olsun, pulunu alacaq. Vətəndaş
dedi ki, Elvin ondan evinin kirayə pulunu alıb. Daha sonra vətəndaş
hüquq-mühafizə orqanlarına müraciət edib”.
Elvin Nağıyevin vəkilinin suallarından məlum olub ki, rüşvət alındığı deyilən şəxslər 6 ay sonra şikayət ediblər.
Vəkillər Sənan Əsgərliyə sual verib: “Siz şikayət edən vətəndaşlardan maraqlandınızmı ki, niyə 6 aydan sonra şikayət ediblər?”.
Sənan Əsgərli bununla maraqlanmadığını deyib.
Sərbəst ifadəsində Sənan Əsgərli bir məsələyə də toxunub. O deyib ki, Elvin Nağıyevin başqa şəxslərdən də rüşvət aldığı deyilib.
Nağıyevin vəkilləri həmin şəxslərlə bağlı araşdırma aparıb-aparmadıqlarını soruşub.
Suala
cavabında Nağıyev bunları deyib: “Bizə müraciət edən vətəndaş bildirdi
ki, Nağıyev ayrı sex sahiblərindən də pul tələb edib. Ancaq biz
araşdırma aparanda sexlərin bağlı olduğunu müəyyən etdik”.
Məhkəmənin davamında Nağıyevin rüşvət aldığı deyilən Taleh Bəbirov da dindirilib.
Taleh
Bəbirov söyləyib ki, quş kəsimi sexi olub: “Bir gün gecə sexdə
işləyəndə iki nəfər gəldi. Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları
olduqlarını dedilər. Sonradan onların Elvin və Araz olduqlarını bildik.
Sexin işinin dayandırılacağını bildirdilər. Onlar dedilər ki, bu şəkildə
fəaliyyət göstərmək olmaz. Mən və qardaşım nə qədər xahiş etsək də
razılaşmadılar. Bu istiqamətdə bir xeyli söhbət apardıq. Sonra Araz məni
kənara çəkib, dedi ki, bu işi yoluna qoymaq olar. O bildirdi ki, bu işə
onlar nəzarət edir, Elvin də müdiridir. Araz dedi ki, buna görə müəyyən
məbləğdə pul ödəsəm, onlar mənim işimə problem yaratmayacaqlar. Araz
danışıqdan sonra 300 manat ödənilməli olduğunu dedi. Mən də razılaşdım.
Onunla bir neçə dəfə bu məsələni dəqiqləşdirdim. Araz dedi ki, narahat
olma, özləri sexə nəzarət edəcəklər. Onlar bildirdilər ki, kimsə gəlsə,
özləri yoluna qoyacaqlar. Mən səhər də Araza zəng edib danışdım.
Dəqiqləşdirdim ki, problem olmaz ki. Araz dedi ki, narahat olma”.
Taleh Bəbirov əlavə edib ki, bu danışıqdan bir neçə gün sonra daha iki nəfər də onların sexinə gəlib:
“Onlar
da özünü agentliyin işçisi kimi təqdim etdilər. Biri Sənan, digəri də
Elməddin idi. Onların agentliyin vəzifəli şəxsləri olduğunu öyrəndim.
Məndən sexlə bağlı sorğu-sual etdilər, sexə kimin gəldiyini soruşdular,
bildirdilər ki, sex bu şəkildə fəaliyyət göstərə bilməz. Mən də onlara
Elvin və Araza danışığımız, razılığımız bardə bildirdim. Araza zəng
etdim. Amma zəng çatmadı. Onlar da dedilər ki, bu qanunsuzdur və mən
şikayət etməliyəm. Bildirdilər ki, bu barədə prokurorluğa məlumat
verim”.
Elvin Nağıyev şahidə sual vermək üçün məhkəmədən icazə istəyib.
O,
əvvəlcə deyib ki, Taleh Bəbirova hədə-qorxu gələrək izahat alıblar:
“Ona deyiblər ki, bizdən rüşvət aldığını deməsə, sexini bağlayacaqlar.
Bu təzyiqdən sonra o şikayət edib. Onu agentliyə məcburi gətirib
hədələyiblər. Amma indi deyir ki, agentliyə getməyib”.
Taleh Bəkirov heç bir hədə-qorxu ilə üzləşmədiyini, agentliyə özü getdiyini deyib.
Hakim elan edib ki, şahidlərin dindirilmə mərhələsi başa çatıb və sənədlərin tədqiqinə başlanılmalıdır.
Elvin
Nağıyevin vəkili növbəti prosesdə məhkəməyə vəsatət təqdim
edəcəklərini, bu səbəbdən də prosesin təxirə salınmasını xahiş edib.
Xatırladaq
ki, təqsirləndirilən şəxslərin əməlləri barədə Baş Prokurorluq və Qida
Təhlükəsizliyi Agentliyi rüşvət almaqda ittiham olunan iki vəzifəli
şəxslə bağlı açıqlama yayıb.
Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla
Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq
nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun
məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın
Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal
Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin
məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu
ərazisində yerləşən zeytun emalı zavodunun ərazisində antisanitar
şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat
məbləğində rüşvət almаları müəyyən olunub.
Faktla
bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi
başlanıb.
Həmin
vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar
törədildikdə) maddələri ilə ittiham elan olunmaqla E.Nağıyev barəsində
məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti
altına vermə qətimkan tədbiri seçilib.
Musavat.com
Ana səhifə / Kriminal / “300 manata danışdıq, dedilər, problem olmayacaq” – vəzifəli şəxslərin rüşvət işi
Həmçinin oxuyun
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …