Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / 200 nəfəri aldadan iş adamı gülümsədi, təhqir olundu – məhkəmədə gərginlik

200 nəfəri aldadan iş adamı gülümsədi, təhqir olundu – məhkəmədə gərginlik

İş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. Bu dəfə də o, vətəndaşlara qarşı dələduzluqda ittiham edilir. Zərərçəkənlərin sayı 200 nəfərə yaxındır…

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Alışov Cahangir Həsənağa oğlu və Fətəliyev Habil Məmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan məhkəmənin hazırlıq iclası gərgin keçib.

Zərərçəkmişlər məhkəmə işinin uzanmasına etiraz ediblər. Bundan əlavə isə Cahangir Alışovun ünvanına təhqirlər səsləndirərək illərdir başlarına açılan oyunlara görə ona etirazlarını bildiriblər. Bu gərginlik məhkəmədən əvvəl və sonra da davam edib.

Hakim məhkəmənin baxış iclasının martın 12-nə təyin edilməsi ilə bağlı qərar qəbul edildiyini açıqlayıb. Hakim onu da əlavə edib ki, bu müddət ərzində zərərçəkmişlər məhkəməyə dəymiş zərərlə bağlı mülki iddia təqdim edə bilərlər.

Lakin məhkəməyə mülki iddia təqdim etmiş zərərçəkmişlər bu qərardan narazı qalıblar və prosesin uzandığını əsas gətiriblər. Zərərçəkmişlər Cahangir Alışovu təhqir etməyə başlayıblar. Alışovun gülümsəməsi onları daha da qəzəbləndirib. Məhkəmə nəzarətçiləri zərərçəkmişləri çətinliklə sakitləşdirə bilib.

Bildirək ki, Cahangir Alışov “Yeni Yasamal” MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib.

İttihama görə, mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Bununla da paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.

Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.

Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir.

Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir.

Xatırladaq ki, Cahangir Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni ittihamlarla təqsirli bilinərək həbs edilib. Samir Alışov da bir evi bir neçə nəfərə satmaqda ittiham edilir.

Samir Alışovun məhkəmə iclasında atası Cahangir Alışov və Habil Fətəliyev şahid qismində ifadə veriblər. Cahangir Alışov oğlunun bu işlərdə təqsiririnin olmadığını deyib.

Habil Fətəliyev isə bütün günahı öz üzərinə götürərək Alışovları məsuliyyətdən xilas etməyə çalışır. Fətəliyev onu da deyib ki, zərərçəkmişlərə dəymiş ziyan tam olaraq ödəniləcək. (Musavat.com)

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …