Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 2 min 500 şirkət vergi amnistiyasından yararlanıb

2 min 500 şirkət vergi amnistiyasından yararlanıb

«Vergi amnistiyası»ndan yararlanmaq üçün ayrılmış üçaylıq müddət bitməkdədir. İlk iki ayda 2 min 500 şirkət vergilərə hesablanmış maliyyə sanksiyasını qismən ödəyərək, Vergilər Nazirliyi ilə «üzülüşüb». Nazirlik yanvarın 1-nə maliyyə sanksiyaları üzrə borcu olan 11 min 480 müəssisə və təşkilatın adını açıqlamışdı. Onların arasında dövlət qurumları da az deyildi. Hüquqi şəxs statuslu bu vergi ödəyicilərinin toplam borcu 327 milyon 806 min manat idi.

Nazirlik, hələlik, bağlanan borcların məbləğini açıqlamayıb. İlk siyahı ilə martın 1-nə olan adlı siyahıların müqayisəsi göstərir ki, 2 min 500 vergi ödəyicisi borclular siyahısından çıxarılıb.

AZ HİSSƏSİNİ ÖDƏDİ, QALANI BAĞIŞLANDI

Borcunu bağlayanlar arasında «Sənayecihaz» Elm İstehsalat Müəssisəsi (138.2 min manat), «Bakı Cihazqayırma Zavodu» MMC (1 milyon 138.4 min manat), «Azərkosmos» ASC (1 milyon 264.1 min manat), «Bakinshaat Group» (229.3 min manat), «Azərsu» ASC (418.7 min manat), «Bakı Tikinti Rabitə Təchizat» MMC (102 min manat) və başqaları var.

Bu dövrdə 50-dək şirkət borcun az bir qismini ödəyib. Onlar 440 min manat verərək borcu bir qədər yüngülləşdiriblər. Məsələn, «Azon Zavodu» MMC 12 milyon 335.2 min manat borcun 215 min manatını, «Azər-Türk Yolbinatikinti» MMC 4 min 77 manatın 1 min 250-sini, «İnam-Bayram-M» MTK 672 min 487 manatın 15 minini, «Bakı Platforma» MMC 145 min 420 manatın 43 min 630 manatını iki ayda ödəyə bilib.

BORCLARIN ÇOX HİSSƏSİ ŞƏRTSİZ SİLİNİB

«Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanunu vergidən yayınmalar üzrə hesablanmış maliyyə sanksiyalarının güzəştli ödənişini nəzərdə tutur. Borcu yanvar, fevral və ya mart aylarında qismən (30; 50; 70 faiz) ödəyəcəkləri təqdirdə qalan hissə silinir.

Üstəlik, 18 min 932 hüququ şəxsin vergilərə hesablanmış 690 milyon 529 min manat faiz borcu və bəzi maliyyə sanksiyaları şərt qoyulmadan bağışlanıb. Borcu silinənlər arasında sahibkarlıqla məşğul olan 50 mindən çox fiziki şəxs də var. Dövlət onların 36.7 milyon manat borcundan keçib. (Azadliq.org)

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın