Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Əyriçay Su Anbarında əyri işlər – İDDİA

Əyriçay Su Anbarında əyri işlər – İDDİA

Redaksiyamıza daxil olan məlumatlarda Əyriçay Su Anbarı İstismar İdarəsinin rəisi Məmməd Qasımovun səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları barədə açıqlamalar yer almaqdaır.

Məlum olduğu kimi, aqrar sahənin inkişafı baxımından torpaqların meliorativ qaydalara müvafiq şəkildə suvarma suyu ilə təminatı məsələsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə su anbarlarının, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən sığortalanması məsələsi daim müvafiq dövlət qurumlarının diqqət mərkəzində saxlanılır. Bu vacib işlərin həyata keçirilməsi üçün də hər il dövlət büdcəsindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə on milyonlarla manat məbləğində vəsait ayrılır. Lakin yerlərdən aldığımız məlumatlardan da bu qənaətə gəlmək olur ki, bəzi vəzifəli şəxslər büdcə vəsaitlərini heç də təyinatı üzrə xərcləmək niyyətində deyillər.

Qeyd edək ki, qəzetimizin ötən saylarında biz Əyriçay Su Anbarı İstismarı İdarəsinin fəaliyyətində yer almış bəzi ciddi nöqsanlara dair yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc etmişik. Məlum olduğu kimi Əyriçay su anbarı Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Bu obyekt Şəki və Qax rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir. Bu rayonların iqlim şəraitlərinin daha çox yağmurlu olduğundan, habelə ərazilərin əsasən dağlıq relyef üzrə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də yerli suvarma idarələri ilə yanaşı həm də Əyriçay Su Anbarı İstismarı İdarəsinin vəzifələrinə aiddir. Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Həmçinin Şəki və Qax rayonlarının iqtisadiyyatının inkişafı üçün bu idarənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İdarənin əsas işi su anbarının doldurulması və vegetasiya dövründə limit əsasında verilməsini həyata keçirməkdir. Həmçinin müəssisə bəndlərin və su paylayıcı qurğuların istismarı, təmiri və bərpası ilə məşğul olur. Lakin əldə etdiyimiz məlumatlara görə, idarə öz funksiyalarını lazım olan səviyyədə həyata keçirə bilmir. Mənbələrin iddiasına görə, idarədə hökm sürən özbaşınalıq istehlakçıların suvarma və kommunal-texniki suya olan tələbatının tam ödənməsinə imkan vermir. Mövcud su mənbələrindən səmərəli şəkildə istifadə edilmir. Sel sularının hidrotexniki qurğulardan maneəsiz ötürülməsi üçün zəruri tədbirlər həyata keçirilmir. İdarəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara, hansı işlərə sərf olunması dəqiq bilinmir. Məlumatlarda qeyd olunur ki, idarədə məhz yeni texnika və avadanlıqların alınması xüsusunda külli-miqdarda mənimsəmələrə yol verilir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir.

Mənbənin bildirdiyinə görə, Əyriçay Su Anbarı İstismar İdarəsini bərbad vəziyyətə gətirən Məmməd Qasımov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyində təmsil olunan şəxslərdən birinə arxalanır. Məhz həmin şəxsin himayəsi sayəsində idarə rəisinin özbaşınalıqları bu gün də tam cəzasızlıq şəraitində davam etməkdədir.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın