Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Ər-arvadı Gürcüstana qanunsuz keçirdi – 1 AZN və balaca arağa görə

Ər-arvadı Gürcüstana qanunsuz keçirdi – 1 AZN və balaca arağa görə

Azərbaycanda dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən ər-arvad və onlara kömək edən sərhədyanı kənd sakininin cinayət işi üzrə istintaq yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu işdə ərlə arvada köməklik edən Qazax rayon sakini, 60 yaşlı Çərkəz Vəliyev istintaqa ifadəsində bildirib ki, rayonun Şıxlı kəndində kafedə tanımadığı kişi və qadına yaxınlaşaraq oturub onlarla yemək istədiyini deyib: “Biz birlikdə yemək yeyib, araq içdik. Bu vaxt Xalid dedi ki, arvadı Gülmirə ilə Gürcüstana gedib orada işləmək istəyir, amma xarici pasportu yoxdur. Məndən Gürcüstana necə gedə biləcəyini soruşdu. Mən ona qaçaq yolla getməyin 2 variantını izah etdim. Yolun biri qaz turbasının üstü ilə, digəri isə meşə ərazisindən keçməklə idi. Xalid Gürcüstana keçməklərinə kömək etməyim üçün mənə 1 manat verdi, bir də balaca araq aldı. Onları gecə saat 1-də gedəcəkləri yerə qədər aparıb qalan yolu izah etdim, sonra özüm evə qayıtdım. Daha sonra onlardan xəbərim olmadı. İki ay sonra evdə olarkən sərhədçilər evə gələrək məni zastavaya dəvət etdilər, orada hər şeyi etiraf etdim”.

Sərhədi qanunsuz keçənlər Xalid Əhmədov və arvadı Gülmirə Vəliyeva Gürcüstanda saxlanılıb məhkəmənin hökmü ilə məhkum olunduqları üçün bu iş üzrə ittiham olunmayıblar. Onlar bu işə şahid kimi cəlb olunublar.

Şahid Xalid Əhmədov ifadəsində deyib ki, Sabirabad rayonunda anadan olub və 2009-cu ildə Gülmirə ilə qeyri-rəsmi olaraq evlənib: “2012-ci ildə bir oğlumuz dünyaya gəldi, amma 10 gün sonra vəfat etdi, hazırda övladımız yoxdur. Müxtəlif rayonlarda təsərrüfatlarda işləyib ailəmi dolandırmışam. Gülmirə də mənimlə işləyib. Sabirabadda iş tapa bilmədiyim üçün Şəmkirdə əvvəllər işlədiyim fermaya getdik, orada da iş olmadı. Buna görə Qazaxa gedib sərhəd məntəqəsinə yaxın bir kafedə 2 gün qaldıq”.

X.Əhmədov daha sonra Ç.Vəliyevin ifadəsinə uyğun danışaraq necə tanış olduqlarını və yolu necə keçdiklərini izah edib: “Gürcüstan ərazisinə keçəndən sonra Tbilisiyə, oradan isə Qabal kəndinə getdik. Həmin kənddə bizi polislər saxlayıb prokurorluğa apardılar. Sənədləşmə işlərindən sonra bizi 1 ay polis şöbəsində saxladılar. Bir ay sonra məhkəmə oldu və bizim hər birimizi 3 min lari cərimələyib miqrasiya xidmətinə təhvil verdilər. Biz 20 gün də miqrasiyada saxlanıldıq, sonra mənə Azərbaycana qayıdış şəhadətnaməsi verdilər. Gülmirənin pasportu var idi. Bizi Şıxlı sərhəd-nəzarət məntəqəsinə gətirib Azərbaycan tərəfinə keçirdilər. Azərbaycanın hərbi qulluqçuları sənədlərimizi yoxlayanda Azərbaycandan çıxışımızın olmadığını görüb bizi saxladılar. Biz də hər şeyi etiraf etdik”.

Çərkəz Vəliyevin cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün Qazax rayon məhkəməsinə göndərilib.

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …