Ana səhifə / Kriminal / Əmanətlər banklardan kütləvi şəkildə çıxarılır…

Əmanətlər banklardan kütləvi şəkildə çıxarılır…

Əmanətlərin banklardan çıxarılması sürətlənib. Yanvar ayının nəticələri açıqlanmasa da, ötən ilin dekabrındakı statistika bunu təsdiqləyir. Ekspertlər bildirirlər ki, ölkənin bank sisteminə inamın kəskin itməsi əmanətlərlə bağlı təhlükəni artırır. Bu səbəbdən də əhali əmanətlərini kütləvi şəkildə banklardan çıxarmaqdadır. Ekspertlərin fikrincə, əmanətlərin tam sığortalanması barədə qanun da problemi həll etməyəcək.
Qeyd edək ki, 2015-ci il ərzində banklardan 3,1 milyard əmanət geri çəkilib. Təkcə dekabrda əhali 640 milyon dollar əmanətini götürüb.
Ekspert Əkrəm Həsənovun sözlərinə görə, əmanətlərin kütləvi çıxarılması prosesi davam edəcək: “Mərkəzi Bankın saytına əsasən bu ilin əvvəlinə banklarda 9,4739 milyard manat əmanət var. Məlumdur ki, əmanətlər əsasən dollarla yerləşdirilib. Deməli, yanvarın 1-nə olan məzənnəni götürsək, hazırda banklarda 6,1121 milyard dollar məbləğində əmanət var. Cari məzənnə ilə isə daha da azdır- 5,9584 milyard dollardır.
2015-ci ilin dekabrın 1-nə olan məlumata görə, banklarda olan əmanətlərin məbləği 7,0895 mlrd. manat idi. O dövrdə olan məzənnə ilə 6,7519 milyard dollar deməkdir. Təkcə dekabr ayı ərzində banklardan 640 milyon dollara yaxın əmanət çıxarılıb. 2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, banklarda olan əmanətlərin məbləği 7,1883 milyard manat idi. O dövrdə olan məzənnə ilə 9,2157 milyard dollar edir. 2015-ci il ərzində banklardan 3,1 milyard dollardan çox əmanət çıxarılıb. Mərkəzi Bank yanvar ayının nəticələrini hələ də gizlədir. Ehtimal etmək olar ki, əmanətlərin məbləği daha da azalıb və artıq 6 milyard dollardan da azdır. Onu da ehtimal etmək olar ki, əmanətlərin kütləvi çıxarılması prosesi davam edəcək. Səbəb aydındır, bank sisteminə etimadın azalması, Mərkəzi Bankın banklara səmərəsiz nəzarəti, bəzi bankların bağlanması və sığortalanmamış əmanətlərin faktiki batması, mövcud bankların bir qisminin əmanətləri həyasızcasına və cəzasız olaraq qaytarmaması, bankların problemli kreditlərinin xeyli artması və nəticədə əmanətlərin batma ehtimalları və sair. Bir səbəbi də xüsusi qeyd etmək lazımdır: dövlət istiqrazlarının buraxılması. Təbii, pulunu mütləq yerləşdirmək istəyən indiki dövrdə onu banka deyil, dövlətə etibar edəcək. Buna görə də əmanətlərdəki vəsaitlərin əksəriyyətinin dövlət istiqrazlarına axması qaçılmazdır”.
 
Ekspertin sözlərinə görə, “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun da yaxında qüvvəyə minməsi vəziyyəti ciddi şəkildə dəyişməyəcək: “Çünki əmanətlərə dövlət deyil, əsli-nəcabəti məlum olmayan Əmanətlərin Sığortalanması Fondu təminat verir. Həmin Fondun özü də müflis ola bilər və bu halda əmanətlər batacaq, dövlət isə heç nəyə görə məsuliyyət daşımayacaq. Dövlət istiqrazlarına görə isə dövlət birbaşa cavabdehdir. Banklar üçün çıxış yolu şəffaf olmaq, ictimaiyyəti dəqiq və vaxtında məlumatlandırmaq, qeyri-sağlam bankları sıralarından xaric etmək, borclularla real və ciddi kompromisə getmək və xoş məramı göstərməkdir. Çünki kreditlər qayıtmasa, əmanətlərin də qaytarılması mümkün olmayacaq. Etimadı bərpa etmək lazımdır. Əks halda, əmanətləri tam itirəcəklər”.
Əksər ekspertlər qeyd edirlər ki, əmanətlərin Sığortalanması Fondunun bağlanan banklardakı əmanətləri qaytarmaq üçün kifayət qədər vəsaiti yoxdur. Yəni bağlanan bankların sayı artarsa, əmanətlər ümumiyyətlə qaytarılmaya bilər. Əhali də bu kimi informasiyalardan qorxaraq pullarını çıxarır. Musavat.com

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın