Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI – “Çıxanda bizimlə hesablaşacaq”

Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI – “Çıxanda bizimlə hesablaşacaq”

Öz dostu tərəfindən bıçaqlanan Əliyar Qasımovun vəkili hadisənin təfərrüatı və hazırda davam edən məhkəmə prosesi ilə bağlı açıqlama verib.

Musavat.com-a danışan vəkil İlqar Rüstəmov bildirib ki, Əliyar Qasımovla yanaşı hadisə zamanı bıçaqlanan Sabir Tarverdiyevin də müdafiəçisidir.

Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilir.

Bu iş üzrə zərərçəkənlər Əliyar Qasımov və Sabir Tarverdiyevdir.

Əliyar Qasımov biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur.

Vəkil İlqar Rüstəmov Əliyar Qasımovun və dostunun bıçaqlanması ilə nəticələnən hadisənin baş verməsi haqda bunları danışıb:

“Təqsirləndirilən Tural Məmmədovla hüquqlarını müdafiə etdiyim şəxs dostluq münasibətində olublar. Hadisə baş verən gün Tural Əliyar Qasımovun yanına gələrək iddia edib ki, guya Əliyar onun münasibətdə olduğu xanımla danışır. Heç bir əsas olmadan Əliyar Qasımova bir neçə bıçaq zərbəsi endirib. Tural Məmmədov hadisə yerinə cinayəti əvvəlcədən planlaşdıraraq gəlib. O, cibindən çıxardığı bıçaqla əvvəlcə Əliyar Qasımovun ürək nahiyəsindən zərbə vurub. Sonra da bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Əliyar əli ilə bıçağı tutaraq özünü qorumağa çalışıb. Hətta onu öldürməməsi üçün yalvarıb. Bu yalvarışlar olmasa, Tural Məmmədov bəlkə də zərbələri davam etdirəcəkdi. Hadisə yerində olan Sabir Tarverdiyev də ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Hadisə şahidlərinin də dediyinə görə, Əliyar sonda onu xəstəxanaya aparmağı xahiş edib. Amma Tural Məmmədov “sən ölməli adamsan” deyib və bıçağı yerə ataraq oradan uzaqlaşıb”.

Daha əvvəl baş tutan məhkəmə iclaslarında Tural Məmmədovun çıxış etdiyini deyən vəkil bildirib ki, Tural Məmmədov əməlindən peşman deyil: “Qətiyyən peşman olmadığını dedi. Hətta məhkəmə iclasında məni və müdafiə etdiyim şəxsi də hədələdi. Bildirdi ki, çıxandan sonra bizimlə hesablaşacaq. Bu, məhkəmə protokoluda da qeyd edilib”.

Əliyar Qasımovun da məhkəmədə ifadə verdiyini deyən vəkil İlqar Rüstəmov bunları əlavə edib:

“Əliyar Qasımov ifadəsində Turalla dost olduqlarını dedi. O bildirdi ki, Tural son zamanlar narkotik vasitə istifadə etməyə başlayıb və dostları tərəfindən bu hərəkətinə görə qınanılıb və bir çoxları ilə münasibəti pozulub. Əliyar bildirdi ki, Tural narkotik istifadə etdikdən sonra absurd söhbətlər etməyə başlayıb. Bunlardan biri də hadisənin baş verməsinə səbəb olan söhbətdir. Əliyar bildirdi ki, mübahisə zamanı Turala sadəcə “biz dostuq, şəxsiyyətin olsun” deyə irad bildirib”.

Vəkil açıqlama zamanı Əliyar Qasımov və atasının adının “26-lar” kafesi ilə hallanmasına da münasibət bildirib. O deyib ki, həmin kafe Qasımovlara məxsus olmayıb.

Vəkil Əliyar Qasımovun qoşa “Gelandevagen”lə Bakı küçələrində şütüməsi xəbərinə də münasibət bildirərək deyib ki, sosial şəbəkələrdə və mətbuatda fotoları yayılan avtomobillərdən sadəcə biri Əliyar Qasımova məxsusdur.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …