Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Əksər banklar “reanimasiya” vəziyyətindədir

Əksər banklar “reanimasiya” vəziyyətindədir

İqtisadi böhran dərinləşdikcə, bank sektorunun durumu da çıxılmaz olur. Ekspertlər bu il də bir neçə bankın müflis olacağını istisna etmirlər. Bank sektorunda kreditləşmə demək olar ki, dayanıb. Problemli kreditlərin qaytarılması prosesi daha da çətinləşib. Nəticədə banklar əmanətləri qaytarmaqda çətinlik çəkirlər. Bu da iş adamlarını və sadə vətəndaşları narahat edir. Son günlərdə bankların yeganə işi valyuta alıb satmaqdır. 4 faizlik marjanın ləğvindən sonra valyutanı əhalidən ucuz alıb baha satan banklar demək olar ki, ancaq bu prosesdən qazanc əldə edirlər.
Bəs görəsən, iqtisadiyyatın əsas aparıcı qüvvəsi olan bank sektoru bu şəkildə davam edərsə, hansı nəticələrlə üzləşəcək.
İqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda bank sektoru ümidini devalvasiyadan pul qazanmağa bağlayıb: “Ümumən bank sektoru çox ağır durumdadır. Problemli kreditlərin həcmi durmadan artır, əmanətlərin həcmi isə kəskin azalır. Hətta banklar bunu gizlədir. Bank sisteminə etimad sarsılıb, bankların təxmini yarısı hesabatları gizlədir, açıqlanan hesabatlara isə etibar azdır”.

Related image
İqtisadçının sözlərinə görə, bütün bunlar onu göstərir ki, cari il bank sistemimiz üçün ötən ildən də ağır olacaq: “Açıq-aşkardır ki, bu il ərzində bir neçə bank müflis olacaq. Ötən il müflis olmuş bankların ləğvi prosesi də çox qeyri-şəffaf davam edir. Bu bankların kreditorlarını prosesə yaxın belə buraxmırlar. Minlərlə vətəndaş və şirkətlər həmin banklarda milyonlarla vəsaitini itirib. Buna görə də sahibkarlar bankda pul saxlamağa qorxur. İş o yerə çatıb ki, banklar yalandan müştərilərə deyir ki, ayda 30 min manatdan çox pul nağdlaşdırmaq olmaz. Məqsəd isə odur ki, bankda pul saxlasınlar. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Palatası vəzifələrinin öhdəsindən gəlmir: nə ölü bankları layiqli şəkildə ”dəfn edə” bilmir, nə də diriləri sağlam yaşada bilmir. Təbii ki, başda Mərkəzi Bank olmaqla, bu işdə ona mane olanlar da var. Ümumiyyətlə, bank sisteminin cari acınacaqlı vəziyyəti o cümlədən dövlət orqanları arasında birliyin olmaması ilə də bağlıdır. Elə məhz buna görə də banklardan kredit adı ilə oğurlanmış milyonlarla vəsaitlərin üzə çıxarılmasında heç kəs maraqlı deyil. Hərənin öz şəxsi maraqları var, dövlət maraqları isə kənarda qalıb. Valyuta bazarında da problemlər qalır. Banklar valyutanı az satır, çox alır. Çünki kəskin devalvasiyanın qaçılmaz olduğunu bilirlər. Manatın məzənnəsi yenə də inzibati qaydada müəyyən olunur. Kreditləşməyə gəldikdə, dollarla kredit götürmək istəyən yoxdur, manatla kredit vermək istəyən. Bir daha xatırladıram ki, hətta Beynəlxalq Bank da quldurcasına verdiyi manat kreditlərini geri tələb edir. Belə şəraitdə banka kim əmanət qoyar, kim kredit götürər?”

Related image
İqtisadçı ekspert Pərviz Heydərov isə “Yeni Müsavat”a danışarkən vurğuladı ki, bank sektorunda hazırkı durum kəskin qasırğadan sonra yaranmış vəziyyətə bənzəyir: “Ən mənfi və qorxulu cəhət isə ondan ibarətdir ki, bərpa işləri hələ çox vaxt tələb etməklə yanaşı, ”qasırğanın” yenidən olmayacağı barədə də ortada konkret heç bir gözlənti yoxdur. Yəni banklarımız manatın az qala 2 AZN-ə qədər ucuzlaşmasından itirdiklərini hələ kompensasiya edə bilmədiyindən, növbəti bir ucuzlaşma dalğası da baş verərsə, bu, bank sektorunun tam şəkildə çökməsi ilə nəticələnəcək. Odur ki, bugünlərdə Beynəlxalq Valyuta Fondunun ölkəmiz üzrə missiyasının rəhbərinin də dediyi kimi, bank sahəsində müvafiq çağırışlar əvvəlki tək qalmaqdadır. Belə ki, son dövrdə sayca 11 bank bağlansa da, yerdə qalanların əksəriyyəti “reanimasiya” vəziyyətindədir. Ümumiyyətlə, açıq demək lazımdır ki, hazırda fəaliyyətdə olan 32 bankdan yalnız 2-si sağlam vəziyyətdədir… Qalanların islahata ehtiyacı var… Valyuta satışına gəldikdə isə bu sahədə vəziyyət keçən il və ondan əvvəlki ilə nisbətən əlverişlidir. Buna həm xarici faktorlar, yəni neftin qiymətinin nisbətən yaxşı olması, ətraf ölkələrdə milli valyutaların devalvasiya proseslərinin səngiməsi kimi amillər, həm də ölkə daxilində büdcə-vergi siyasətinin dəyişdirilməsi, xüsusən də Mərkəzi Bankın yürütdüyü sərt pul-kredit kursu və sair şərait yaradıb”.
Ekspert hesab edir ki, cari il ərzində ölkədə xarici valyutaya tələbat ötənilki qədər olmayacaq: “Düzdür, müəyyən vaxtlarda kiçik ajiotajlar müşahidə olunacaq, lakin bu, qığılcım kimi baş verib keçəcək… Bankların da dollar təklifi üçün valyuta ehtiyatları pis deyil. Ən azı bu, Neft Fondu tərəfindən müvafiq təklif əsasında il ərzində ödənilə biləcək. Kreditləşdirmə ilə əlaqədar deyə bilərəm, ölkədə iqtisadi aktivlik hazırda sıfır vəziyyətindədir. Kreditlərə tələb yoxdur. İndiyədək alınan kredit vəsaitləri üzrə geri ödəniş artıq uzun müddətdir ki, tıxacla üzləşib. Ticarət səviyyəsi minimuma enib. İşgüzarlıq üçün stimullaşdırıcı xarakter daşıyan amillər xüsusən obyektiv nöqteyi-nəzərdən yox dərəcəsindədir. Banklar krediti kimlərə və nədən ötrü versinlər?! Krediti hansı pul ifadəsində versinlər?! Təsadüfi deyil ki, prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdi ki, 2016-da iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın