Cümə , Fevral 3 2023
Ana səhifə / Kriminal / Əli Əliyevin şikayətinə baxılacaq

Əli Əliyevin şikayətinə baxılacaq

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri, məhbus Əli Əliyevin şikayətinə baxacaq.

Novator.az bildirir ki, şikayət Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il hökmündən verilib. Həmin hökmlə Əli Əliyev qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabunçu Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin mühakiməsini baş çatdırıb. Noyabrın 22-də məhbus siyasətçi qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1967-ci il təvəllüdlü Əli Əliyev 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarətlər alıb. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərdə siyasətçinin böhtana görə məsuliyyətə cəlb olunması istənib.

Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Emil Cəfərovun şikayəti əsasında çıxarılıb, siyasətçi həmin gün tutulub.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsi Ramin Ədilovun şikayəti üzrə prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

İyunun 23-də Yasamal Rayon Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının sabiq üzvü Ramiz Göyüşovun xüsusi ittiham qaydasında müraciətini nəzərə alaraq Əli Əliyevi təhqirdə təqsirli bilib, ona 6 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Əvvəlki iki hökm nəzərə alınmaqla Əli Əliyevin ümumi həbs müddəti 1 il müəyyən edilib.

Sentyabr ayında Sabunçu Rayon Polis İdarəsi Bakı İstintaq Təcridxanasında saxlanan Əli Əliyevə yeni cinayət işi qaldırıb. İddiaya görə, siyasətçi avqustun 23-də kamera yoldaşına fiziki təzyiq göstərib. İstintaq ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı üzrə aparılıb.

Həmçinin oxuyun

“Bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə …