Cümə , Avqust 19 2022
Ana səhifə / Kriminal / Əjdər Ol 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib

Əjdər Ol 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror qeyd edib ki, ittiham aktına əsasən, Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb.

O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.

Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.

Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Daha sonra nazirliyin sabiq Aparat rəhbəri Ə.Cəbiyev qeyd olunan bütün ittihamları qəbul etdiyini deyib. O, ittihamda göstərilən cinayət əməllərini törətdiyini etiraf edib: “İttiham üzrə özümü təqsirli bilirəm. İstintaqa verdiyim ifadələri tam təsdiq edirəm. Pulları alıb nazirliyin müəyyən xərclərinə sərf etmişik. Başqa məqsədim olmaylb. Özü də həmin pullar uzun illər ərzində alınmış məbləğlərdir. Səlim Müslümovla əlbir olmamışam. Aldığım pullardan ona nəsə verməmişəm”.

Daha sonra şahidlər dindirilib. Şahidlər ifadələri zamanı Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrə təyin olunmaq üçün təqsirləndirilən şəxsə müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.

Şahid ifadələri zamanı məlum olub ki, Ə.Cəbiyev müxtəlif vəzifələrə düzəlmək üçün ayrı-ayrı şəxslərdən 2 min manatdan 120 min manata qədər pul alıb.

Növbəti proses yanvarın 19-da davam etdiriləcək./Report

Həmçinin oxuyun

1 saylı “zon”un rəisi “oğru”lara yas mərasimi təşkil edib

Bu gün Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən …