Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Yeni il bayramı müsəlmanlara haramdımı – Aysel Əlizadə

Yeni il bayramı müsəlmanlara haramdımı – Aysel Əlizadə

Yeni ilə protest edən adamlar var. Onlar evdə küknar bəzəmir, ayın 31-i bayram süfrəsi açmır və hər yerdə bunu fəxrlə deyirlər. İzahları da adətən bu cür olur: “Yeni il İsa peyğəmbərin doğulduğu gündü. Xristianların bayramıdı. Müsəlmanıq deyə bizə bu bayramın dəxli yoxdu”. 

Doğrudanmı İsa peyğəmbərin müsəlmanlara dəxli yoxdu?..

Hərdən adama elə gəlir ki, müsəlmanlara heç kimin və heç nəyin dəxli yoxdu. Bütün dünyada gedən inkişaf prosesinin, elmi partlayışların müsəlmana dəxli yoxdu. İslama qədər və islamdan sonra yaranan mədəniyyətlər, onların yaradıcıları, dinin yaranma tarixi, elm, proqress, başqa xalqların zəhməti müsəlmanın dəxlindən yan keçir.

Məsələn, utanmadan son model İphone işlədib ABŞ-ı və xristianları söyə bilər. Buddizmi din saymadan yaponların texnikası ilə evini doldurar.
Dünyaya bir çöp vermədən gecəsini gündüzünə qatıb dünyanın ilkin düzənindən bu gününəcən bütün sistemini formalaşdıran xalq və mədəniyyətləri heç bir məsuliyyət daşımadan, ağzını əyə-əyə pisləyə bilən adamlar var.

Belə adamlar yeni il kimi dünyəvi günü dışlayırlar, nə var, nə var, adı İsa peyğəmbərə bağlıdı. Cahilliklərindən belə edirlər. Çünki bilmirlər, oxumayıblar, savadsızdılar.

Çünki yeni il dini bayram deyil. Siz hardasa 31-i dini ritual görmüsüz?

Şaxta babanın, qar qızın dinlə nə dərəcədə əlaqəsi ola bilər? Şaxta Babanı Allaha oxşadırlar bəlkə ona görə? Bəs Qar qız kimdi? O da yəqin hurilərdən biridi.

Yeni il bayramı qədim mədəniyyətlərin bəşəriyyətə mirasıdı. Eramızdan çox əvvələ dayanan tarixçəsi var. Yeni il bayramı yunan fəlsəfəsi, şumer, çin, roma mədəniyyəti kimi qədimdən qədim bir irsin ənənəsidi. Bəşəri kultdu – kulturadı.

Qədim sivilizasiyalarda ən qısa gündüzün olduğu ayı bayram edərək xeyirə dəstək verirlərmiş. İnanca görə gecələr uzandığı üçün xeyirin şərlə savaşı başlayır. Nəhayət, aylar sonra gündüzlə gecə bərabərləşir və gündüzlər uzanır. Bu, xeyirin qələbəsi sayılırmış. Sonradan təqvimə uyğun il dəyişməsi dekabrın son gününə keçirilir. Qriqorian kalendarına görə yeni il yanvarın 1-dən sayılır. Bu kalendar da elə-belə ərsəyə gəlməyib. Günəş sisteminin illər uzunu öyrənilməsindən sonra, aylar, günlər, illər bölünüb. İnsan həyatı səliqəyə düşüb. Sivilizasiya inkişaf etdikcə bir dünya düzəni yaranıb.

Bütün ölkələr üçün keçərli olan sistem, ortaq dəyərlər formalaşıb. Bu dəyərlərdən biri də yeni il bayramıdı.

Qədim cəmiyyətlərdə sofistlər, münəccimlər, bilicilər hətta imperatorlar zəhmət çəkib müxtəlif sistemlər qurublar. Yeni ili Yuli Sezarın adı ilə də bağlayırlar. Bu günü onun təsis etdiyi deyilir. Versiyalar müxtəlifdi.

İsa peyğəmbərin doğum gününün də dekabrda olduğu aydın ediləndən bu aya həm də Xristos ayı deyilir.

Demək olar bütün ölkələr yeni ili keçirir; Yaponiyadan ABŞ-a kimi.

Əsrlər boyu hər xalqın öz yeni il adətləri formalaşıb. Bu cür rəngli, həyat dolu bayramı din adına bağlayıb dışlamağın adı yoxdu. Özündən olmayan hamıya hər nəsnəyə düşməncə münasibət sərgiləmək, yaxşı olanı inkar etmək heç kimi doğru yerlərə aparıb çıxarmayacaq, necə ki çıxarmır.

Üstəlik, bundan daha çox onların evində böyüyən uşaqlar əziyyət çəkir. Qaraqabaqlıq edib uşaqları Şaxta Baba kimi xeyirxah qocanın hədiyyəsindən, oyuncaqlı bəzəkli yolkanın zövqündən-sevincindən ayırmaq o uşaqların da içində dünyaya nifrət yaradır. Çünki uşaq qəlbinin dərinliklərində bütün bu mühafizəkarlıqdan bezir və onda gizli aqressiya formalaşır. Qızımla birinci sinifdə bir uşaq oxuyurdu. Başı bağlı idi. Bütün bayramlardan uzaq tutulurdu. Yaxşı oxuyurdu, zəki qız idi. Ancaq sinif yoldaşları onu sevmirdilər. Kinli qızdı deyirdilər. Uşaqda qəribə bir aqressiya, qısqanclıq vardı. Səbəb aydındı. Uşaq azadlıq istəyir, sevinmək istəyir – haqqıdı. Bir ailə mısmırığını sallayıb öz aləmində yolkaya etiraz edir. Yolkaya! Uşağın günahı nədi…

Yeni il gecəsi xalqlar ona görə məhz küknar ağacı bəzəyiblər ki, bu ağac həmişəyaşıldı. Təravətini itirmir. Qışın şaxtasına dözür, qalib gəlir. Yolka qələbə, təravət, təbiət və həyat rəmzidi. İnsanlar buna görə onu əziz-xələf edib bəzəyiblər. Biz də Novruzda səməni cücərdirik. Küknarın da, səməninin də anlamı eynidi. Hər ikisi canlılığı, həyatı simvolizə edir.

Deyək ki lap yeni il xristianların bayramıdı. İsanın doğum günüdü. Yolka da İsanın bu ağacın altında doğulmasının rəmzidi. Və? Bir müsəlman İsanın doğum gününə niyə nifrət etsin? Heç kimə lazım olmayan protest etmək əvəzinə sən də keçir, nə olacaq? Quranda İsa haqda yazılıb.

Onun peyğəmbərliyi qəbul olunub, inkar edilməyib. İslama ilk böyük dəstəyi xristianlıq verib. Bunun adı siyasətdi. Sözümüz ona deyil.

Dostluq, ortaqlıq rəmzinə çevrilən yeni il bayramı bütün dünya üçün sevinc günüdü. Yeniliyə keçiddi. Ümid doludu. Hesabat gecəsidi. Onsuz da hər xalqın yalnız özünə aid adətləri, bayramları var. Bizim də sevə-sevə keçirdiyimiz Novruzumuz var.

Hər kəsin eyni günə sevinməsində pis nəsə axtarmağa gərək yoxdu. Sevinmək üçün bəhanə axtaraq.

Bu gün isə köhnə yeni ildi. Bir zamanlar məhz bu gün yeni il kimi qeyd edilib. Sonralar 13 31-lə əvəz olunub. Bu gün insanların yaddaşında köhnə yeni il kimi qalıb. Yeni il pozitiv bayramdı. Hardan baxsan neqativi, zəhlətökənliyi yoxdu. İnsanlar onu iki dəfə sevə-sevə qeyd edirlər. Antonimləri yan-yana işlətməyi həmişə sevmişəm. Köhnə yeni iliniz kutlu olsun!

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …