Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Umud Rəhimoğlu: “Yatsam yuxuma girməzdi ki, bu işlə məşğul olaram”

Umud Rəhimoğlu: “Yatsam yuxuma girməzdi ki, bu işlə məşğul olaram”

Tanınmış şair-pulisist, Prezident yanında KİVDF Müşahidə Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun 55 yaşı tamam oldu. Bununla bağlı o, yaşantılarını, düşüncələrini və duyğularını “Bizim Yol” qəzetinə ifadə edib.
Azinforum.az saytı həmin müsahibəni təqdim edir: 
– Bir dostumuzun 55 yaşı olanda ona: “Allahdan iki dənə “5” almısan”demişdim. Allah Sizə də iki dənə “5” verib. Bu, necə hissdir? 100-ün yarısını keçmək…
– Ömrün iki “beş”ini yaşadım. Bununla bağlı təbrik mesajlarını aldım. Ömrüm boyu dürüst yaşamağa çalışdım…
– Necə bir ailənin övladısınız?
– Ata-anam zəhmət adamı olublar. Gözümü açıb onları iş başında görmüşəm. Onlardan görüb götürdüyüm və İnsan üçün ən gözəl xüsusiyyətlərdən biri  işgüzarlıqdır. Mənim üçün 55 il dolu il olub. Hələ çoxlu arzularım da var. Etmək istədiklərim var. Onu da deyim ki, etdiklərimi ürəkdən etdim. Niyyət  xoş olanda Allah da kömək olur.
– Siz eyni vaxtda çox işlə məşğulsunuz…
– Bəli. Tale elə gətirdi ki, mən çox işlə məşğul olmalı oldum. Mən orta məktəbdə təhsil alarkən müxtəlif adamlarla bağlı yazılar hazırlayırdım, şeirlər yazırdım. Həyatımın yalnız bu istiqamətdə davam edəcəyini düşünürdüm. Amma bir gün obamızda, ölkəmizdə mizan-tərəzi dəyişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə böyük köç yaşandı. Qarabağımız qarış-qarış işğal olundu. Qohumlar, qardaşlar yurdundan-yuvasından didərgin düşdülər. Şeir yazmaq, nəyisə çap etdirmək bir az arxa plana keçdi. Zaman qalmadı. Çadır, dəva-dərman, çörək axtarırdıq. Ölkəmizlə bağlı xaricdə yaşayanlara məlumat vermək, təbliğat işini aparmaq lazım idi. Bu işi üzərimizə götürdük. Bu durumda biz belə bir özkeçmiş yaşadıq.
– Beynəlxalq  Avrasiya Mətbuat Fondu o ehtiyacdan doğdu yəni?
– Bəli, 1992-ci ildə BAMF yarandı. Bu qurum fəaliyyət göstərdiyi müddətdə ölkə daxilində və beynəlxalq camiyədə özü barəsində müsbət bir imic yaratdı. Təşkilatımız ciddi şəbəkəyə çevrildi. Bu gün BMT-nin ən yüksək statusunu-xüsusi məşvərətçi statusunu qazanmışıq. BMT ilə 31 min təşkilat əməkdaşlıq edir. Onların içərisində 146 təşkilatın belə bir statusu var. Bu status təşkilatlara dövlətlərin səsverməsi ilə verilir. Postsovet məkanından 10-a yaxın təşkilat bu statusu alıb. Amma onların hamısı SSRİ dövründə Moskvada fəaliyyət göstərən qurumlar olublar. Belə bir statusun qazanılması asan məsələ deyil. Bunun üçün illər sərf olunmalıdır, davamlı istək olmalıdır. Biz bunu istədik. Bizə səs verən dövlətlər təqdim etdiyimiz işimizə görə səs verdilər. Hələ qarşıda görəcəyimiz çox işlər var.
– Fondun fəaliyyətini izləyirəm. Məlum olur ki, adınız ərazilərin minalardan təmizlənməsi işi ilə də yanaşı çəkilir. Buna təəccüblənən şəxslər də olub. Deyilirdi ki, Umud Rəhimoğlu hara, minaların təmizlənməsi hara?
 
– Mən özüm də yatsam yuxuma girməzdi ki, bu işlə məşğul olaram. Amma biz bu problemin içindəydik, kimsə bu işlə məşğul olmalı idi. İşin də maraqlı tərəfi budur ki, bir yazar eyni zamanda ərazilərin minalardan təmizlənməsinə çalışır. Bizim təşkilat minaların tədqiqi ilə bağlı BMT-nin elan etdiyi tenderlərdə iştirak etdi. Bu işi həyata keçirmək üçün işğaldan azad olunmuş ərazilərdə olub yerli əhali ilə görüşmək, onlardan müsahibələr almaq, koordinatları hazırlamaq lazım idi. Bunun üçün ünsiyyət qurmaq bacarığı olan şəxslərin komandasına ehtiyac vardı. Təbii ki,  jurnalistikaya bağlı insanlar gərək idi. O zaman xeyli sayda jurnalistika ilə məşğul olanlar sıralarımızdaydı.
Azərbaycanda mina təmizlənməsi ilə bağlı sonra görülən işlər bizim o zaman əldə etdiyimiz məlumatlar əsasında həyata keçirildi. Həmin vaxtlarda bizimlə fəaliyyət göstərən rəhmətlik Hüseyn Əfəndinin “Minalanmış hekayələr” adlı kitabı çap olundu. Beləliklə, təşkilatımızın bazasından minadan zərərçəkənlərlə bağlı layihələri həyata keçirən qrup formalaşdı. Biz bu gün də bu əməkdaşlığı davam etdiririk. Bizim fəaliyyətimiz münaqişə bölgələri ilə bağlı olub və konflikt olan ərazilərdə olmuşuq.
Umud Rəhimoğlunun heç kəsin dəstəyi olmadan o qanlı-qadalı günlərdə yüzdən artıq əcnəbi jurnalisti ölkəyə gətirib, onları qarşılayıb öz avtomobili ilə səngərlərdə gəzdirməsi yada düşmür. Təəssüf olsun ki, bu işimi bəziləri yaxşı mənada hallandırmır. Mən məcburən bu işlə məşğul olmuşam. Yaxşı olardı ki, qanlı-qadalı günlər arxada qalsın. Doğrudur, biz problemin həlli üçün çabalar göstəririk. Amma problemin həlli bizdən uzaqdır.
 
– Bu məsələnin başqa tərəfi də var. Umud Rəhimoğlu xarici jurnalistləri çətin zamanlarda ölkəyə gətirib, onlara əsgərlərin və mülki əhalinin öldürülməsinə planlanmış minaların olduğu əraziləri göstərib…
– Biri var azərbaycanlının beynəlxalq tribunadan danışması, bir də var əcnəbinin Azərbaycanla bağlı danışması. Bunlar tamam fərqli məsələlərdir. O zaman Azərbaycana gələnlərin ölkəmiz barəsində yazmasının fərqini biz həmin vaxt da görürdük. Hazırda da qlobal dünyada savaş gedir. Hər yerdə konflikt var. Maraqlar və dəyərlər uğrunda savaşlar gedir. Bu gün Şərq od-alovun içindədir. Afrika ölkələrində durum bəllidir. Avropa ölkələrində də böyük miqrasiya hadisələri baş verməkdədir.
Ölkəmizlə bağlı haqlı mövqeyimizi dünya birliyinə çatdırmaq üçün dostluq çevrəmizi yaratmalıyıq. Məncə, bu müstəvidə də mübarizənin aparılmasına ehtiyac var. Mübarizəmiz ölkəmizin hər bir vətəndaşının apardığı mübarizədən asılıdır. Ölkəmiz münaqişəyə cəlb olundu. Münaqişə olmasa, bəlkə də mənim tərcümeyi-halım fərqli olardı.
– Siz bir az öncə bildirdiniz ki, haqlı mövqeyimizi dünyaya çatdırmaq üçün əcnəbi dostlara ehtiyacımız var. Xaricdə səsimizi nə dərəcədə eşidirlər?
 
– Hər şey maraqlara bağlıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulması problemi ilə məşğul olan təşkilatlar bu problemin nədən ibarət olduğunun fərqindədirlər. Yəqin istəsəydilər, bu problem öz həllini tapardı. Burada böyük güclərin maraqları var. Biz bütün məqamlarda indiki duruma rəğmən fəaliyyətimizi daha da artırmalıyıq, bu işin təbliğatı ilə məşğul olmalıyıq. Mən hesab edirəm ki, beynəlxalq ictimaiyyətin rəyi böyük təsir gücünə malikdir. Bu münaqişədə Azərbaycan əsgərindən  öncə Azərbaycan jurnalistikası uduzdu. Biz informasiya müharibəsində məğlubiyyətə düçar olmuşduq. O zaman Azərbaycanda rəsmi Moskvaya bağlı jurnalistika vardı. Dünyaya çıxış üçün bütün kanallar üzümüzə bağlı idi. Amma indi internet resursları vasitəsi ilə dünyaya səsimizi çatdıra bilərik. Ərazi bütövlüyümüzün təmin olunması üçün hamımız fəaliyyətimizdə götür-qoy etməliyik. Güclü olmağımız üçün birliyimiz olmalıdır.
– Baş verən hadisələr yazıçı-publisist, şair Umud Rəhimoğlunu bizdən alıb apardı başqa istiqamətə. Amma yenə bu şərtlərdə publisistika və ədəbiyyat baxımından yaradıcılıq nə yerdədir? 
– Mən çox da uzaqlaşmamışam. İçimdə yüz dəfə yanıb külə dönmüşəm, qıvrılmışam. Hər dəfə də ağrılı şeylər ortaya çıxır. Hər insanın bir missiyası var. Mən çox şeyləri öz üzərimə götürdüm deyə düşünürəm. Bəzən görürük ki, həmkarlarımız cılızcasına qaçqınlara və məcburi köçkünlərə çamur atırlar. Əlbəttə, ola bilsin ki, onların içindən bir neçə nəfər iqamətgah tikib. Amma o insanlar faciələri yaşamış adamlardılar. Bir insan iynəsini itirəndə narahat olur və bütün günü  axtarır. O insanlar isə xatirələrini, yaşadığı mühiti itirdilər. Onların bu yaşadıqlarını unutmaq və biganə qalmaq olmaz.
– Deyirlər ki, insan heç olmazsa ildə bir dəfə doğulduğu torpağın  havasını udmalı, orda gəzməli və suyundan içməlidir. Qarabağlılar 20 ildən çoxdur öz torpaqlarına gedə bilmir. Bu baxımdan onlar həssas insan toplumudur. Həm də bu torpaq hamınındır axı…
– Bizim kəndimiz ön cəbhəyə yaxındır. Kəndimiz yerlə yeksan olunub. Məzarlıq gülləbaran edilib. İldə bir neçə dəfə kəndimizi ziyarət edirəm. Ziyarət edərkən içimdə bir rahatlıq  tapıram.
– Demək istədiyiniz və ya demək istəmədiyiniz nəsə qaldımı? 
– Bizim söhbətimiz gözlənilməz oldu. Gözləmirdim ki, biz bu günlərdə həmsöhbət olarıq. Bəlkə də tamam başqa mövzulara toxuna bilərdik. Arxada 20 yanvar faciəsini qoyub gəldik, öndə Xocalı soyqırımı var. Əlbəttə, bunlar 55-in içindədir. Məsələn, mən 20 yanvar hadisələrində qanlı küçələrdə idim.  Bir qrup jurnalistlə “20 yanvar” dairəsi və indiki Ziya Bünyadov dairəsindəydik. Küçələrdə meyitlər, qanlı yollar və maşınlar… Mən xalqımızın faciələrinə şahid olmuş şəxslərdənəm. Böyük köçü gördüm. Faciələrlə dolu mübarizələrdən sonra biz müstəqilliyimizi əldə etdik. Şükürlər olsun ki, bu gün biz müstəqil dövlətimizin vətəndaşıyıq. Bu müstəqilliyimizdə azacıq da olsa qatqımız varsa, bu 55-ə dəyər.
Hesab edirəm ki, insanlarımız maariflənməlidir, bütün sahələrdə peşəkar olmalı və özünü təqdim etməyi bacarmalıdır. Bunun üçün ölkəmizin resursları var. Dövlət başçısının uğurlu siyasəti var. Bu gün ölkədə baş verən problemləri həll etmək üçün o cəmiyyətdən dəstək istəyir və mesajlar verir. Ən xırda problemdən tutmuş qlobal problemlərə qədər biz onun yanında olmalıyıq. Arzulayıram ki, problemlərimizi gələcək nəsillərə miras qoymayaq. Yaxşı bir Azərbaycanı onlara təqdim edək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın