Ana səhifə / Köşə Yazarları / Tualetdə yazılan sevgi mesajları – Seymur VERDİZADƏ

Tualetdə yazılan sevgi mesajları – Seymur VERDİZADƏ

Sevib-sevilmək, könül verdiyi insanla ailə həyatı qurmaq hər bir gəncin arzusudur. Bəylik kostyumu oğlanlarımıza, gəlinlik paltarı qızlarımıza çox yaraşır. Arzusunda olan hər kəsə Allah nəsib etsin!

Son illərin statistikası göstərir ki, qurulan ailələrin hamısı xoşbəxt ola bilmir. Baş tutan izdivaclar əksər hallarda tez pozulur, günahsız körpələr ata-anasız qalırlar. Bəzən isə gənclər bir-birilərini yarı yolda qoyurlar. İki gəncin sevgi macərası heç də həmişə xoşbəxt bir ailənin qurulması ilə nəticələnmir…

Səbəblər çoxdur. Biz ziyalılar, jurnalistlər uzun illərdir bu səbəblərin üzərində baş sındırırıq. İnsafən, müvafiq dövlət qurumları da bu problemin həllinə səfərbər olublar. Hər şey bizim əlimizdə olsaydı, nə dərd vardı!

Bugünkü qəhrəmanımın adını özüm də bilmirəm. Bu yöndəmsiz tipin nə vaxtsa yazımın qəhrəmanına çevriləcəyi heç vaxt ağlımın ucundan keçməyib. Yuxarıda yazdım axı, çox şey bizdən asılı deyil…

O, Bakıda fəaliyyət göstərən iri ticarət mərkəzlərindən birinin tualetində təmizlikçi işləyir. Əsas işi “unitaz”ları təmizləmək, beton döşəməni yumaq, “salfetka”nı dəyişmək, aynanı silməkdir. Tanımadığı adamlara əl açıb pul istəmədiyi, halal zəhməti ilə dolandığı üçün ona həmişə hörmətlə yanaşmışam. Bəyənmədiyim yeganə xüsusiyyəti boş vaxtlarında telefonda qurdalanmasıdır. Ayda 300 manat məvacib almağına rəğmən, ən azı 900 AZN qiyməti olan telefonunu heç vaxt əlindən yerə qoymur. Bu yaxınlarda öyrənmişəm ki, boş vaxt tapan kimi qızlara sevgi mesajları yazır. Elə bilməyin ki, gənclik illərini ötürdüyüm üçün onun paxıllığını çəkirəm. Onsuz da bir qız bir oğlanındır. Problem odur ki, qəhrəmanımız eyni vaxtda bir deyil, bir neçə qıza eşq elan edir…

Əvvəlcə ondan başlayım ki, bu oğlanı ilk dəfə görəndə, bərk mütəəssir olmuşdum. Allah günahımdan keçsin, bu fağır bəndəsini yaradanda, əməlli-başlı xəsislik edib. Balaca boyu, bir-birindən fərqlənən çiyinləri, çopur sifəti, qara, ətli dodaqları onu tay-tuşlarından xeyli eybəcər göstərir. Əvvəllər bu sakit oğlanla hər dəfə qarşılaşanda, ürəyimdə onun halına acıyırdım. Fikirləşirdim ki, səhərdən axşama kimi mesaj yazdığı qızlarla məlum görünüşü üzündən qarşılaşmağa heç vaxt cəsarət etməyəcək. Amma üç gün öncə onu Bakıda 1 milyon dollara konsert verməyə hazırlaşan türk müğənnisi Hadisədən üç dəfə gözəl olan bir xanımla “Sahil bağı”nda görəndə, bu qənaətimdə yanıldığımı anladım. Doğru deyiblər, könül sevən göyçək olar. Bu mənzərə məni o qədər sevindirdi ki, dünən yolumu həmin ticarət mərkəzindən, daha doğrusu, ticarət mərkəzinin tualetindən salıb, oğlanı təbrik etməyi özümə borc bildim. Yaşıma, ziyalı görkəmimə məhəl qoymayıb, həyasızcasına belə cavab verdi: “Müəllim, mən o qızla evlənməyəcəm. Özüm üçün fırlanıram”.

Bu cür qaba davranış xarakterimə zidd olsa da, onun biclik yağan gözlərinin içinə lopa ilə tüpürüb, üfunət qoxan tualeti tərk etdim…

Dünəndən bəri bir yerdə dinclik tapa bilmirəm. Doğrudanmı, bəzi gənc qızlarımız bu qədər yelbeyindirlər? Tutaq ki, hansısa avara eyni evdə kirayə qaldığı oğlanlardan birinin şalvarını, digərinin pencəyini geyinib, yoldan çıxarmaq istədiyi qızın görüşünə getdi. Bəs, həmin qız söhbət əsnasında qarşısındakı oğlanın hansı ağlın, hansı səviyyənin sahibi olduğunu niyə anlamır? Bu cür yaramaz adamların çirkin niyyətlərindən hali olmaq bu qədərmi çətindir? Tualetdə yazılan sevgi mesajlarına necə inanmaq olar?..

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …