Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Sən demə, hamı pulluymuş, acından ölən bircə o deputatmış…

Sən demə, hamı pulluymuş, acından ölən bircə o deputatmış…

Şəbədə qoşmaqdan xoşumuz gəlir. Ağzını açan adamı dediyi sözə görə peşman etməyi yaxşı bacarırıq. Bizə nə var, ən gözəl ideyaları da iki dəqiqənin içində küləyə verə bilərik… 

İş gününün sonudur, fəlsəfə açmaq fikrim yoxdur. Birbaşa mətləbə keçmək istəyirəm.

Deputat Fəzail Ağamalını yaxşı tanıyırsınız. Adamın az qala mənim yaşım qədər deputat stajı var. Ağzına su alıb oturan vəkillərdən deyil. Fəaldır, hər fürsətdə sözünü deyir. Dəxli yoxdur, niyə deyir, kimin xeyrinə deyir. Əsas odur ki, dilin yeməklərin dadına baxmaqdan əlavə həm də ünsiyyət funksiyasının olduğunun fərqindədir. Bu xüsusiyyətinə görə onu fərqli adam da saymaq olar.

Fəzail müəllim ötən gün meyvə-tərəvəzin qiymətinin baha olmasından şikayətlənib. Deyib ki, bazarda gilasın bir kiloqramının qiyməti 8 manatdır. Etirafa baxın: “Maaşım yüksək olsa da, bu qiymətə gilas ala bilmirəm”. Sonra da əlaqədar qurumları hərəkətə keçməyə, süni qiymət artımına qarşı mübarizə aparmağa səsləyib.

Kişi sözünü tamamlamağa macal tapmamış sosial şəbəkələrdə onu hoydu-hoyduya götürdülər. Biri yazdı ki, 2 kilo gilas almışam, ünvanı deyin, göndərim Fəzail müəllimə. O biri yazdı ki, mən deputata 1 yeşik gilas göndərmək istəyirəm, yeyib kef eləsin. Bir başqası isə kənddəki gilas ağaclarından birini Fəzail müəllimə hədiyyə etmək istədiyini dedi. Belə başa düşdüm ki, gilasın kilosunun 8 manata olması heç kimin vecinə deyil. Sən demə, mənim əziz xalqımın pulu başından aşırmış, acından ölən bircə o deputatmış…

Əzizlərim, Fəzail Ağamalının o sözləri nə üçün dediyi hamımıza gün kimi aydındır. O da aydındır ki, bu yoldaşın bizim hamımızdan çox pulu var. İstəsə, 1 kilo yox e, lap 1 ton da gilas alar.  O sözləri bizim kimi qara camaatı düşünərək deyib. Haqlı olaraq fikirləşib ki, kilosu 8 manata gilas almağa çoxumuzun gücü çatmaz. Düz demir? Yox, əgər əziz xalqımın pulu başından aşıqrsa, bütün günü bahalıqdan, kasıblıqdan şikayətlənən kimdir? Bəlkə bir az səmimi olaq…

Vallah, qəribə adamlarıq. Həmişə deputatların xalqın probleminə biganə qalmağından şikayətlənirik. Deputat ağzını açıb xalqın problemini dilə gətirəndə də onu danışmağına peşman edirik.  

Niyə belə edirik?…

Seymur VERDİZADƏ 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …