Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Şəhid adıyla trolluq edənlər

Şəhid adıyla trolluq edənlər

Troll sözünün mənşəyi ilə bu gün ifadə etdiyi məna arasında böyük fərq var. Trol Skandinaviya mifologiyasında varlıqdır. Qədim Norse mənbələrində trol kimi təsvir edilən varlıqlar qayaların, dağların və ya mağaraların təcrid olunmuş ərazilərində, eləcə də kiçik ailə birləşmələrində birlikdə yaşayır və nadir hallarda insanlara kömək edir. Trollar insan ətiylə qidalanırlar.

Müasir anlamda isə troll ayrı-ayrı saytların, sosial şəbəkələrdəki səhifələrin işini sabotaj edən internet istifadəçisidir. Qələm dostum, Əməkdar jurnalist Elçin Mirzəbəylinin şərhini oxuyaq: “Troll ən müxtəlif adlar altında sosial şəbəkələrdə aparılan müzakirələrə qatılaraq mövzunu dəyişməyə çalışır, əlindən gələni edir ki, onu söysünlər, aşağılasınlar və son nəticədə diqqət mərkəzində cəmiyyət üçün faydalı olan məsələlər deyil, onun üyütdüyü yalan və böhtanlar dayansın. Azərbaycanda troll fərqli mövqeyi olan, yaxud konkret internet istifadəçisinə, yazara, siyasətçiyə və yaxud bu və ya digər peşənin, siyasi qütbün təmsilçisinə əks qütbdə dayanan şəxslərə qarşı istifadə edilən aşağılayıcı ifadə kimi qəbul olunur”.

Siz troll sözünün aşağılayıcı ifadə kimi istifadə olunmasına baxmayın, son illər Azərbaycanda  onların sayı xeyli artıb. Trolluq sürətlə “çörəkli sahə”yə çevrilib.

Əvvəllər ancaq Əli Həsənov troll ordusu saxlayırdı. Həsənovun trolları himə bənd idilər. Onun bir işarəsi ilə qara qarğa qoz ağacına daraşdığı kimi tökülüşürdülər adamın üstünə. Vay o gündən ki, hansısa nazir, hansısa məmur Əli Həsənovun bir xahişini yerinə yetirməsin, yöndəmsiz sözünü yerə salmış olsun.

İstedadlı və istedadsız qələm adamlarından, QHT-şniklərdən, faydasız əməklə məşğul olan müftəxorlardan təşkil olunmuş troll ordusu bir günün içində onu quru yuyub yaş sərirdilər.

Siz bu işə dırnaqarası baxmayın. Dostum-qardaşım Etibar Cəbrayıloğlunun təbirincə desək, bu işdə bolluca əməkgünü var. 

Əli Həsənova trolluq edə-edə ev alan, yaxasına medal taxan, Əməkdar jurnalist olanlar var…

Abır-həyasını itirən insan üçün trolluq pis məşğuliyyət növü sayılmır. Məsələn, işə gecikməmək üçün hər gün 7-də yuxudan ayılıram. Troll isə ən tez 9-da gözünü açıb qarnını qaşıya-qaşıya “WhatsApp” qrupunu nəzərdən keçirir. Əgər bu gün yeni tezis yoxdursa, deməli, taleyində zəhmətsiz gəlir var. Sosial şəbəkələrdə veyillənə-veyillənə günü başa vurub gördüyü qara-qura işlərin sayəsində aldığı maaşa bir sutka daha yaxınlaşmış olur…

Kompüterin qarşısında çox oturduğuma görə bəzən gözlərimdən qan damır. Amma qızaran təkcə gözlərim olur. Yazıma və sözümə görə heç vaxt üzüm qızarmır. Trollun isə nə gözü, nə də üzü qızarır. Bu hisslər ona yaddır. 

İnsan öz seçimində sərbəstdir. Kim necə istəyir, elə də yaşasın. Amma müqəddəsləri, toxunulmazları öz pis əməllərinə alət etməsin. 

Mən heç vaxt yayı atıb oxu gizlətməmişəm. Yenə açıq yazacağam. Son vaxtlar bəzi trollar öz profillərinə şəhid şəkilləri yerləşdirərək, yalan danışır, yaltaqlıq və zəvzəklik edirlər. Hətta bəziləri şəhid adı ilə trolluq edirlər.

Kim nə istəyir etsin, amma müqəddəs şəhidlərimizi öz çirkin əməllərinə alət etməsin. Bu adamlar ona görə şəhid olmayıb ki, kimsə onların şəkillərinin arxasında gizlənib pul qazansın. 

Məndən həmin adamlara bir tövsiyə: Özünüzü dəyər-dəyməzinə satın, amma dəyərlərimizə dəyməyin…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …