Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Rusiya ilə Çinin ittifaqı mümkündürmü?..

Rusiya ilə Çinin ittifaqı mümkündürmü?..

Bəli, bu günlərdə xəbər verdilər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun olduğu təyyarə Çinə çatmamış geri qayıdıb – Pekin onu qəbul etməyib. Siyasi analitiklər hadisənin detallarına varmadan dərhal ona öz qiymətlərini verdilər – yəni, Çinlə Rusiya arasında alyans baş tutmadı, hərçənd, bunsuz da aydın idi ki, Pekin heç bir halda Moskvanın geosiyasi avantüralarına qoşulmayacaq.

Əlbəttə, Çin dünyanın ikinci iqtisadiyyatına malikdir. Amma onun iqtisadiyyatı daha çox ABŞ və Avropa ölkələrilə bağlıdır. Aydındır ki, ABŞ-la çoxmilyardlıq iqtisadi əlaqələrə malik olan Pekin heç bir halda öz iqtisadi potensialı ilə risk etməz, baxmayaraq ki, son vaxtlarda bu ölkə nəzərə çarpacaq bir geosiyasi fəallıq nümayiş etdirir, hərçənd, o, hələ güclü geosiyasi oyunçu deyil. Bu baxımdan Çin Almaniyanı xatırladır, sonuncu da güclü iqtisadiyyata malik olsa da, hərbi planda heç də Avropanın ən güclü ölkəsi deyil.

Rusiya daim Çini hansısa geosiyasi alyanslara cəlb etmək istəyir. Məhz bu minvalla bir neçə il bundan əvvəl Şanxay Təşkilatı yaranmışdı. 

Üstəgəl, ABŞ çoxdan Çini nəzarətə götürüb. Hətta prezident Donald Trampın vaxtında açıq şəkildə deyirdilər ki, Pekin ABŞ-ın təhlükəsizliyinə ən real təhdiddir. Əlbəttə, bütün bunlar Çində diqqətdən qəti kənarda qalmır, amma onlar daha ehtiyatla hərəkət etməyə üstünlük verirlər.

Çində deyirlər ki, qoca Mao Çini birləşdirdi, Den Syaopin onu varlı etdi və yoldaş Si isə bu ölkəni güclü dövlətə çevirdi. 

Bu sözlərdə birinci iki fikirlə razılaşmaq olar, amma yoldaş Si hələ ki, öz hakimiyyətini gücləndirib…

Çinin Rusiya-Ukrayna müharibəsinə münasibətinə gəldikdə, çətin, “səmaaltı dövlət” bu işdə Rusiyaya dəstək vermiş olsun. Bundan başqa, Çin Rusiyanın güclənməsində elə də maraqlı deyil, çünki güclü Rusiya onun da regional maraqlarına təhdid olacaq. Pekində hələ də Moskvanın qüdrətli olduğu vaxtları xatırlayırlar…

Əlbəttə, biz burada qarşı düşərgəni – ABŞ-ı ideallaşdırmırıq. Yox, hətta bu ağır günlərdə ABŞ özünün geosiyasi oyunlarını davam etdirir. Bu günlərdə Vaşinqton Ankaraya özünün S-400 komplekslərini Ukraynaya verməyi məsləhət gördü.

Bu komplekslərin necə alınması hamının yadındadır. ABŞ hətta Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəyirdi. Vaşinqtonun öz “Patriott”larını Ankaraya satmaması bir yana, Rusiya ilə bu sövdələşməyə görə ABŞ hətta öz təyyarələrini Türkiyəyə verməkdən imtina etdi. İndi isə deyir ki, raket komlekslərini Ukraynaya ver! Bu nə deməkdir? Məsələ bundadır ki, ABŞ bunu özü etsə hərbi münaqişədə tərəf olacaq. İndisə guya Vaşinqton hər şeyi edir ki, müharibə Rusiya-NATO müharibəsinə çevrilməsin. Amma Türkiyəni Rusiya ilə müharibəyə sürükləyirlər!..

Bir sözlə, hərb nəzəriyyəçiləri demişkən, müharibə siyasətin başqa vasitələrlə davamı deməkdir. Ona görə də təəccüblü deyil ki, siyasət bu gün də davam edir. Bəli, hamı yorğanı özünə tərəf çəkir, çünki hamının öz köynəyi özünə daha yaxındır…

Hüseynbala Səlimov


Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …