Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / “Raufun səhhətində ciddi problemlər yaranıb” – Jurnalistin anası

“Raufun səhhətində ciddi problemlər yaranıb” – Jurnalistin anası

 “Sizdən rica edirəm, mənə bu yaşımda övladıma qulluq göstərmək, onu müalicə etmək imkanı verin”
Məhbəsdəki jurnalist Rauf Mirqədirovun anası Rəfiqə xanım İsayeva oğlu haqda bir müraciət yazıb. Ürək dağlayan, həyəcansız oxunması mümkün olmayan müraciətini musavat.com -a göndərib. Onu olduğu kimi dərc edirik:
“Valideyn neyləsin axı? Övladını böyüdərkən, tərbiyə edərkən nə desin ki, onu sonradan başına gələcək bəlalardan qorusun. Desin ki, bala oxuma, düzgün, ədalətli olma, vətənini sevmə? Desin ki, bala riyakar ol, yaltaq ol, qorxaq ol qabağa get? Beləmi desin? Hərdən fikirləşirəm ki, yəgin günah məndədir. Düzgün tərbiyə etməmişəm. Övladıma düşünməyi, təhlil etməyi, nəticə çıxarmağı öyrətmişəm. Ən əsası isə torpağını, vətənini sevməyi. Bu cinayətdirmi?
Mən ziyalı oğul böyütmüşəm. Mədəni, savadlı, millətinin başını həmişə uca tutan bir ziyalı. 
Mən  vətənpərvər oğul böyütmüşəm. Hətta həbsdə belə öz dövlətinin qeyrətini çəkən, bütün bəyənatlarında ölkəsini düşünən əsl vətəndaş. 
Mən mərd insan tərbiyə etmişəm. Yıxılana balta çalmayan, arxadan zərbə vurmayan, öz səviyyəsini hər yerdə gözləyən, heysiyyatını hər zaman qoruyan şəxsiyyət.
Rauf onunla eyni vəziyyətdə olmayan, ona cavab verə bilməyən, heç kəsi ittiham etməzdi. Bunu özünə sığışdırmazdı. Yalnız özünü müdafiə edə biləcək insanı tənqid edə bilərdi. Bəzən özünü zərbə altında qoyardı. Çünki Raufun məqsədi dövlətçiliyimizin möhkəmlənməsi, torpaqlarımızın azad edilməsi, vətənimizin qorunması idi. Bu amalın yolunda tənqid də edə bilərdi. Əslində jurnalist elə belədə olmalıdır. Həkim kimi. Cəmiyyətdə xəstəliyi görüb, təyin edib insanlara çatdırar, sonra da aidiyyatı qurumlardan müalicəsini sifariş edər. Yoxsa ki jurnalist sifarişlə ona-buna şər atıb, böhtan yaxıb, öz peşəsinə və insanlığa xəyanət etməməlidir. Bu günahın bədəli gec-tez mütləq ödənər. Günahsız insanların ahı yerdə qalmaz. Çox pis tutar. Bu iki ili mənim həyatım bir ahdan ibarətdir. Qocaman, dərin bir ahdan.
Mən yenə də üzümü dövlətimizə, cəmiyyətimizə tuturam. Raufun səhhətində ciddi problemlər yaranıb. Oğlumun beyindaxili  təyziqi gözlərinə təsir edir. Təzyiqi qalxarkən gözləri qaralır, bəzən tutulur. Güclü baş ağrılarından yalnız dərmanların köməyi ilə müvəqqəti sakitlik tapa bilir. Onun ciddi müalicəyə ehtiyacı var. Sizdən rica edirəm, mənə bu yaşımda övladıma qulluq etmək, onu müalicə etmək imkanı verin. Həyatımın bu qürub çağını tək oğlumla keçirim, həbsxana yollarında qalmayım”.
Musavat.com

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın