Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Rəşad Məcid Mətbuat Şurasının reket qəzetlərin adını çəkməməsinə sərt cavab verdi…

Rəşad Məcid Mətbuat Şurasının reket qəzetlərin adını çəkməməsinə sərt cavab verdi…

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən proseslər mətbuata da təsirsiz ötüşməyib. İlk gündən etibarən bəzi media orqanlarının bu proseslərdən qeyri-etik məqsədlər üçün istifadə etdiyi elan edildi. Məlum oldu ki, reket qəzet və saytlar nazirliklərin ayrı-ayrı əməkdaşlarını şantaj edir, onlardan pul almaq üçün müxtəlif vasitələrdən istifadə edirlər.
Hətta ötən həftə Mətbuat Şurası rəhbərliyi bununla bağlı genişmiqyaslı mətbuat konfransı keçirərək bu durumdan şikayətləndi. Amma maraqlıdır ki, tədbirdə bir saytın, bir qəzetin belə adı çəkilmədi. Buna səbəb kimi bəzi redaktorlar MŞ rəhbərliyinin şantaj olunacağı əndişəsi ilə onların adlarını hallandırmadığını iddia etdilər.
Əslində isə problem nədədir? Niyə nazirliklərdən tutmuş MŞ rəhbərliyinə qədər hamını narahat edən bu problemin mənbəyi, onların adları barədə konkret açıqlama verilmir? 
MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, əslində bir sıra reket qəzetlər uzun müddət MŞ üzvlərini təhqir edib, onların şəkillərini yayaraq böhtan atıblar. Müsahibimizin sözlərinə görə, o qəzetlərin yazdığı elə informasiyalar olurdu ki, onları ikinci dərəcəli qəzetin əldə etməsi müşkül idi: “Onların arxasında kim dayanır? MTN olaylarından sonra bir sıra adamlar şikayət edirdilər ki, bu cür qəzetlər, saytlar onları şantaj ediblər. O mənada mən hesab edirəm ki, Mətbuat Şurası bu məsələdə sərt olmalı, adlar çəkilməlidir. Respublika Prokurorluğunda aparılan istintaqa da şikayətlər edilib. Bu qəzetlər cəzalanmasa, adları çəkilməsi, cəza tətbiq olunmasa, onlar barədə ciddi nəticəyə nail ola bilməyəcəyik. O qəzetlərin arxasında dayanan ciddi xüsusi xidmət orqanlarının nümayəndələri insanları şantaj etməkçün hər vasitəyə əl atırlar”.
Müsahibimiz bildirdi ki, onlar bu günə qədər Mətbuat Şurasının siyahısından nəticə çıxarmayıblar və əvəzinə saytlara transfer olunublar. R.Məcid MŞ rəhbərliyinin sonuncu tədbirdə onların adını çəkməməsindən də təəssüfləndi: “Mən də təəssüfləndim ki, hamı qorxa-qorxa “ad çəkilsin” deyir, amma ad çəkilmir. Sərt olmaq lazımdır. Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi monitorinq qrupu “KİV haqqında” qanuna, qaydalara uyğun olmayan məqamlar varsa, onların adını birbaşa çəkməlidir. Onlar deyir ki, ad çəksələr, həmin qəzetlərdə şantaj olunacaqlar. Belə qorxu, səksəkə içində monitorinq qrupuna rəhbərlik etmək olmaz”.
R.Məcid xatırlatdı ki, sözügedən tədbirdən bir gün sonra bəzi saytlara xəbərdarlıq edilib. Onun sözlərinə görə, proses bununla məhdudlaşmır. İstintaq xeyli qəzetlərin bu proseslərdə rolu və iştirakını aydınlaşdıracaq: “Azərbaycanda son illər mediaya dəxli olmayan, mətbuatdan kənar, xeyli pis niyyətli insanlar daraşıblar. Mətbuat Şurası onların qarşısını almaq üçün müxtəlif yollardan istifadə edib. Kim klaviaturanın düyməsini basırsa, sayt açır. Nəticədə Azərbaycan  dilini korlayır, jurnaistikaya kölgə salır. Ona görə də ciddi jurnalistlər öz peşəsinin nüfuzunu qorumaq üçün onlara qarşı mübarizə aparırlar. Bu adamlar şəxsi qazanc əldə etmək üçün bu tipli saytlar açırlar”.
Baş redaktor dedi ki, əgər MŞ-ın Monitorinq Qrupu varsa, onlar ayda iki dəfə peşə davranış qaydalarını pozan media orqanlarının siyahısını elan etməlidilər. Müsahibimizin sözlərinə görə, ancaq adlar çəkildiyi halda bu problem yoluna qoyula bilər. (musavat.com)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın