Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Qulu Məhərrəmli: “Bizim həlak olanların sayı ilə bağlı həqiqəti xarici mətbuatdan eşitməyimiz biabırçılıqdır”

Qulu Məhərrəmli: “Bizim həlak olanların sayı ilə bağlı həqiqəti xarici mətbuatdan eşitməyimiz biabırçılıqdır”

“Günəşli” yatağında baş verən faciə və 30-dan çox neftçinin faciəvi şəkildə dünyasını dəyişməsi, onlarla insanın itkin düşməsi Azərbaycan cəmiyyətini dərindən sarsıdıb. Lakin ictimaiyyəti narahat edən bir məqam da baş verən hadisənin səbəbi, ölən və yaralananların, itkin düşənlərin sayı ilə bağlı düzgün məlumatların verilməməsi oldu.
“Röyter” agentliyi  “Günəşli” yatağında 32 nəfər neftçinin həlak olması ilə bağlı xəbər verərkən Azərbaycanda rəsmilər 1 nəfərin həlak olduğu ilə bağlı  açıqlama verdi. Bu həm həyəcan içində olan cəmiyyətə, həm də yaxınları təhlükədə olan neftçi ailələrinə qarşı bir hörmətsizlik kimi qiymətləndirildi. Media ekspertləri də bu məsələnin Azərbaycan mətbuatı və informasiya məkanı üçün utancverici olduğunu vurğuladılar.
Tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli Azərbaycan mediasının son iki gündəki fəaliyyətini yarıtmaz adlandırdı: “Bu ekstremal situasiyadır. Bir tərəfdən yanğın dənizin ortasında baş verir və jurnalistin hadisə yerinə getmək imkanı yoxdur. Bu necə təşkil olunmalıdır, insanlar da, cəmiyyət də başa düşür ki, bunun müəyyən çətinlikləri var. Belə məqamlarda təhlükəsizliklə bağlı, jurnalistin necə hərəkət etməsi ilə bağlı müəyyən təlimatlar, standartlar var ki, situasiyaya uyğun necə hərəkət edilməlirdir, xəbərlər necə verilməlidir.
Mən hesab edirəm ki, bu verilən məlumatların bir çoxu kifayət qədər yayğın, dolaşıq, kifayət qədər aydın təsəvvür yaratmayan məlumatlar idi. Əlbəttə, dənizlə əlaqə saxlamağın da çətinlikləri var. Ancaq bu mümkünsüz deyil. Dərhal bir qəraragah yaradılmalı idi, jurnalistlər və cəmiyyət məlumatlandırılmalı idi. Təəssüf ki, bu proses çox yarıtmaz şəkildə həyata keçirildi və mən bir xəbər adamı kimi çox narazı qaldım. Hadisə baş verib, insan çox təəssüflənir. Ancaq gərək illuziyalara qapılıb bu hadisədən təbliğat vasitəsi kimi də istifadə etməyəsən. Çünki, bu orada yaxınlarını itirən insanları qıcıqlandırır. Mətbuat da çox mozaik, bir-biri ilə əlaqəsi olmayan xəbərlər verir. Bu onu göstərir ki, məlumat mənbəyi qeyri-müəyyəndi. Burada bu işi həyata keçirən şirkət, onun mətbuat xidməti, FHN-nin mətbuat xidməti işi düzgün qura bilmədi. Bu da onu göstərdi ki, Azərbaycan mediasının xəbərçilik səviyyəsi arzuolunan səviyyədə deyil”.
Qulu Məhərrəmli qeyd etdi ki, bizim ölkəmizdə baş verən hadisə ilə bağlı həqiqəti xarici mətbuatdan öyrənməyimiz çox təəssüf doğuran haldır: “Bu faciədir və artıq baş verib, hadisə haqqında doğru-düzgün məlumat vermək lazımdır. Bunu gizlətməklə, həlak olanların sayını azaltmaqla o insanların yaxınlarının, qohumlarının da mətbuata, mediaya, hökumət qurumlarına inamı sarsılır. Məlumatları cəmiyyətdən gizlətməyin nə mənası var, bu onlara nə verir? Bizim bunları xarici mətbuatdan eşitməyimiz, xarici ölkələrin dövlət adamlarının baş sağlığı verməsindən sonra bu məlumatları açıqlmaq böyük biabırçılıqdır. Dərhal qərargah yaradılmalı idi, məlumat verilməli idi. Bu dünyada qəbul olunmuş qaydadır. Təəssüf ki, bunların heç biri olmadı”.
Türkiyə cəmiyyətinin Soma faciəsində sərgilədiyi duruşun Azərbaycan cəmiyyətində müşahidə olunmadığına toxunan Q.Məhərrəmli bildirdi ki, Türkiyə cəmiyyəti yetərincə təşkilatlanmış güclü bir cəmiyyətdir: “Azərbaycan cəmiyyəti təəssüf ki, o dərəcədə müqavimət hissinə, təşkilatlanma qabiliyyətinə malik deyil. Bu səbəbdən insanlar sadəcə sosial şəbəkələrdə fəaldırlar. Ancaq bu mötəbər bir yer deyil. Cəmiyyətin həmrəyliyi ifadə olunmalı idi”. musavat.com

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın