Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Qiymət məmur kapitalizmində soyğunçu alət kimi

Qiymət məmur kapitalizmində soyğunçu alət kimi

İqtisadiyyatda qiymət dəyərin pulla ifadəsi kimi müəyyən olunur. Dəyər isə əmtəə istehsalına sərf olunan ictimai zəruri əməyin kəmiyyəti ilə ölçülür. Qiymətlərin əmələ gəlməsi ilə bağlı əsas nəzəri əsaslar dəyər qanunu, tələb-təklif qanunu və pul tədavülü qanunu hesab olunur. Mövcud qiymətlər qiymətqoyma və qiymətin əmələ gəlməsi əsasında formalaşır. Keçmiş sosialist sistemində qiymətlər daha çox maya dəyərinə əsaslanmaqla plan qiymətləri kimi meydana çıxırdı. Bu qiymətlərdə zəhmətkeşlərin əməyinin stimullaşdırılması, istehlakçıların sosial müdafiəsi və dövlətin maraqları ifadə olunurdu. Azad rəqabətə əsaslanan bazar iqtisadiyyatında isə qiymətlər ilk növbədə tələb və təklifin qarşılıqlı əlaqəsinin nəticəsi kimi dəyərləndirilir. Qiymət başlıca olaraq uçot, bölüşdürücü, stimullaşdırıcı və proporsionallıq və tarazlığın təmin olunması funksiyalarını həyata keçirir.

Məmur kapitalizmində isə qiymətlərin formalaşmasının izahında elmi nəzəriyyələr belə acizdir. Çünki burada qiymət özünün klassik funksiyalarından uzaqlaşaraq yeni – soyğunçu aləti funksiyasını əxz edərək yerinə yetirir. Qiymət bu yolla məmur-kapitalistin ifrat varlanmasına xidmət edir. Qiymətin bu funksiyasının yaranmasına məmur-kapitalistlər sinifinin formalaşaraq hakim sinif səviyyəsinə qalxması, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətlənməsi, inhisarın dərinləşməsi və ən əsası məmur-kapitalistlərin əlində qiyməti diqtə edən inzibati qrumun mövcud olması rəvac verir.

Resursların ədalətli bölünməməsinin nəticəsi olaraq mövcud sərvətin 90%-i əhalinin 5-10%-ni təşkil edən məmur-kapitalistlərin əlində cəmlənmiş, əhalinin 90%-i isə sərvətin yerdə qalan cəmi 10%-nə sahiblənməklə kifayətlənmək məcburiyyətində qalmışdır. Belə olan halda ölkə üzrə qiymətlərin miqyası əsasən zənginlərin imkanlarına uyğun səviyyədə formalaşır. Aşağı gəlirə malik təbəqə isə heç bir halda bu qiymət səviyyəsi ilə normal həyat fəaliyyətini təmin edə bilmir. Kobud ifadə etsək sadəcə bu qiymətlərin arxası ilə sürünür və heç vaxt ona çata bilmir. Bizdə qonşu Gürcüstandan və İrandan fərqli olaraq, əhali təbəqələrinə uyğun qiymət səviyyələri yoxdur. Bu birbaşa olaraq ölkədəki kəskin disproporsiyaların nəticəsidir. Sanki nə var hamısı varlılar üçündür, hər şey onlar üçün hesablanıb. Formalaşan qiymətlər varlılara həzz, kasıblara isə zillət yaşadır.

Budur məmur-kapitalistlər yenə iş başındadır. Əllərində olan inzibati rıçağı işə salaraq millətin boynunda olan qiymət kəmərini 360 dərəcə boyu növbəti dəfə sıxmağa qərar veriblər. Bəli, axı onlar nahaqdan Tarif (qiymət) Şurası yaratmayıblar. Bu şura onların dəbdəbəli-tüfeyli yaşayışını, millətin sərvətini sovuraraq əllərində cəmləməsini təmin etmək üçün qiymət kəmərini daim kip saxlamalıdır. Heç bir izaha belə ehtiyac duymadan istədikləri qiyməti müəyyən edib, onu əhaliyə qəbul etdirirlər. Onlar çox güclü və həyasızdır. Odur boğulan xalqa deməyə sözləri də var: narahat olmayın, kəmərin boynunuzu sıxmasına fikir verməyin, əslində yaxşı fikirləşsəniz bu sizin xeyrinizədir.

Həyat kasıbların giley-güzarı fonunda məmur-kapitalistlər üçün davam edir. Çox keçməz xırda para etiraz səsləri də yoxa çıxar, onlar qərarlarının barını yığmağa başlayacaq, yenidən varlanacaq və qiymət kəmərini sıxmaq vaxtı çatanda da onu yenidən rahatca sıxacaqlar. Aciz və məhkum edilmiş biçarə kasıb isə Allah bəlalarını versin deyib keçinməkdən savayı bir yol görmür.

Qiymətlər sizi sıxsa da, siz ümidinizi və əhvalınızı sıxmayın! Daha çox çalışmaqdan usanmayın! İlahi ədalətin varlığına böyük inam hissi ilə, sağlıqlı günlər!

Firdovsi Şahbazov, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …