Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Qarabağ oyununda fransız müdafiəsi…

Qarabağ oyununda fransız müdafiəsi…

Üçüncü həmsədr ölkə kimə lazım idi və niyə görə o, məhz Fransa oldu – etiraf edək ki, bu prosesin detallarını artıq unutmuşuq.
Amma yaxşı yadımızdadır ki, təkcə siyasi müşahidəçilər yox, hətta adi insanlar belə Parisin üç həmsədr ölkəsindən biri olmasından bərk narazı idilər. İlk iki həmsədr – Rusiya və ABŞ onsuz da ermənipərəst siyasət yürüdürdü və bu cərgədə böyük və fəal erməni diasporunun yaşadığı Fransanın peyda olması o demək idi ki, ermənilərin mövqeləri bir az da möhkəmlənəcəkdir.
Fransanın özünəməxsusluğu təkcə onda deyil ki, burada yüz minlərlə erməni yaşayır. Yox, Qarabağ və erməni məsələsində “fransız izləri”nin daha dərin kökləri var. 
Bəli, sovet rəhbərliyinin Dağlıq Qarabağı Ermənistana vermək niyyətinin olması haqqında ilk xəbər ötən əsrin səksəninci illərinin lap sonlarında məhz Fransadan eşidildi – M.Qorbaçovun o vaxtki müşaviri akademik A.Aqanbekyan məhz orada belə bir bəyanatla çıxış etmişdi. 
Bir qədər əvvəlsə Fransanın prezidenti cənab Fransua Mitteran bəyan etmişdi ki, sovet respublikaları arasındakı sərhədlər sırf inzibati xarakter daşıyıb və buna görə də onlara yenidən baxmaq lazımdır.
Bəli, sonra da, Minsk Qrupunun həmsədri olandan sonra da Fransa öz siyasətində ermənipərəst vurğular etməkdə davam etdi. 
Xatırlayırıq ki, Fransa prezidenti N.Sarkozi Ermənistanı ölkəsinin “kiçik bacısı” adlandırmışdı. İndiki prezident E.Makron isə fransızdilli ölkələrin sammitini İrəvanda keçirdi, hərçənd, hələ də aydın deyil ki, haylar nə vaxtdan fransız dilli olublar?..
Odur ki, Fransa təzədən “suyu bulandırmağa” və Qarabağdakı sülh prosesini əngəlləməyə davam edəndə biz buna qəti təəccüblənmədik. Onlar gah qondarma “DQR”i tanıyacaqları ilə hədələyir, gah da tələb edirdilər ki, proses yenidən Minsk Qrupu formatına qayıtmalı və Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün növbəti mərhələ başlamalıdır.
Azərbaycan fransızların bütün bu fokuslarına birmənalı və kiyafət qədər ayıdn cavablar verməkdədir. Qeyd olunub ki, birincisi, Azərbaycanın ərazisində Dağlıq Qarabağ adlı yer yoxdur, Qarabağ var. Bəli, sovetlərin vaxtında Dağlıq Qarabağ vilayəti vardı, amma o, sonradan ləğv olunmuşdu. İkincisi, MQ yaranmasından otuz ilə yaxın vaxt keçib və bu illər ərzində bu format münaqişəinin nizamlanması istiqamətində bircə addım da atmayıb. 
Bir neçə ay bundan əvvəl Bakı öz resursları ilə işğal edilmiş rayonları azad etdi və bununla BMT–nin qətnamələrinin tələblərini yerinə yetirdi.
Həmsədrlər bu dəyişikliklərə hansı prizmadan baxır? Bu günlərdə həmin dövlətlərin səfirləri Şuşaya getməkdən imtina etdilər. Biz hələ onu demirik ki, İrəvandakı fransız səfiri, ümumiyyətlə, erməniləri təzə müharibəyə çağırır! Bizim hörmətli həmsədrlər bunumu istəyirlər? 
Təəssüf ki, onların təsirilə Rusiya da siyasətinə korrektələr edir və onun da səfiri Şuşaya getməkdən imtina edir, o şəhərə ki, o, Noyabr razılaşmasına görə Azərbaycan şəhəri kimi bir daha təsdiq edilmiş və azad olunmuşdu. 
Amma bizim həmsədrlərin bu fokuslarına təəccüblənməyə dəyərmi? Düşünürk ki, yox. Bir neçə il bundan əvvəl onlar eyni oyunu BMT-də də çıxarmış və Azərbaycanın ərazi bütövlüyünə səs verməmişdilər. 
Burada təbii sual yaranır: bəs nə etməli? Qeyd edək ki, biz Minsk Qrupunun missiyasından tamam imtina etmirik. Onlar minalanmış ərazilərin təmizlənməsi prosesinə, sülhə yönəlik səylərə öz dəstəyini verə bilərlər. Amma bunu istəmirlər.
Onların xoşuna gəlməyən bütün sülh prosesidir. Hər şeyi təzədən başlamaq, ermənilərin əvvəlki mövqelərini bərpa etmək, prosesi yenidən süni şəkildə uzatmaq! Halbuki özləri bir vaxt deyirdi ki, mövcud status–kvo dəyişməlidir!.. 
Onların diqqətinə çatdırmaq istəyirik ki, status-kvo artıq dəyşib. Amma sizi yenə də nəsə qane etmir. Bəs bizim hörmətli həmsədrləri nə qane etmir? Rusiya istəyir ki, Dağlıq Qarabağ “ortaq alma” kimi qalsın. ABŞ və eləcə də Fransa Azərbaycanın öz torpaqlarını azad etməsindən məyus görünür. Amma belə bir deyim var ki, qatar gedib və əsas budur ki, belə vəziyyət bizi, Azərbaycanı qane edir. Elə etməyin ki, bizim də fikrimiz dəyişsin və biz hərbi uğurlarımızı daha da dərinləşdirmək fikrinə düşək!

Hüseynbala Səlimov  

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …