Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Polad Həşimov da generaldı, əsgərin siqaretini satan o dələduz da…

Polad Həşimov da generaldı, əsgərin siqaretini satan o dələduz da…

Bir müddət əvvəl də yazmışdım, deyəsən, bu gedişlə hələ çox yazacağam: Biz uşaq olanda generalı uca çinar ağacına bənzədirdilər. Deyirdilər ki, general da çinar kimidir, 100 ildə bir yetişir. O vaxt mavi ekrandan tanıdığım generalların hamısı çinar kimi vüqarlıydı. Amma çoxu rus idi…

Sonra Azərbaycan müstəqil oldu. Azərbaycan müstəqil olandan sonra çoxlu generallarımız oldu. Əslində, bu çox yaxşı idi. Amma pis tərəfi o idi ki, onların bir çoxu bu rütbənin ağırlığı altında əzildilər, nəfislərinə əsir düşdülər. Çiyinlərində general ulduzları daşısalar da, özlərini anbardar Məmmədxan kimi apardılar, yığıb-yağmaladılar, dövlət əmlakını taladılar. Buna görə də bir çoxu qandallandılar…

Doğma Qarabağımızın 30 ilə yaxın düşmən tapdağı altında qalmasının bir səbəbi də elə bu idi. Korpus komandiri əsgərin çörəyinə göz dikdi, şəxsi heyətə çatmalı olan ərzağı dədəsinin malı kimi dəyər-dəyməzinə bazarda satdırıb mal-mülk, sərvət sahibi oldu. Hələ dörd-beş il əvvəl belə yazmışdım: Qarabağı almalı olan generallar Bakıda villa alırlar…

Sonra vicdanlı zabit nəsli yetişdi. Azərbaycan xalqı öz bətnindən Qarabağın taleyini öz taleyindən daha çox düşünən Polad Həşimov, Hikmət Mirzəyev, Kənan Seyidov, Mais Bərxudarov, şəhid polkovniklər Vüqar Yusifov, Raquf Orucov, Murad Mirzəyev kimi qəhrəıman oğullar doğurdu. Onların sayəsində Qarabağ azadlığına, Azərbaycan xalqı Qarabağına qovuşdu…

Şuşa zəfərindən sonra yazmışdım ki. şəhidlərimizin qanı bahasına azad olunan bu Vətəni rüşvət və korrupsiya ilə murdarlamağa heç kimin haqqı yoxdur. Qarabağı geri alan, Şuşanı qaytaran bir xalqın məmurunun acgözlük etməyə, “dövlətin malı dəniz, yeməyən donuz” deyib keçməyə haqqı yoxdur. Əgər nəfsinə hakim olmayıb yeyəcəksə, həmin malı qurğuşun edib onun boğazına tökmək lazımdır…

Yəqin ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasından xəbəriniz var. Rəsulova qarşı irəli sürülən əsas ittihamlardan biri də 44 günlük Vətən müharibəsi dövründə əsgərlərə çatmalı olan siqareti bazarda-dükanda satdırmasıdır. Çiyinlərində general ulduzları daşıyan adamın bu hərəkəti o qədər iyrəncdir ki, hətta suyu üfürə-üfürə içən YAP-çı deputatlar da onu ləyaqətsiz adlandırırlar…

Adı Məsum olsa da, özü heç də məsum olmayan bu adamın əməlləri istintaq orqanları tərəfindən hərtərəfli araşdırılacaq. Buna zərrə qədər də şübhəm yoxdur. Amma o vaxta kimi biz yazdığımız xəbərlərdə Rəsulovun adının əvvəlinə general sözünü həkk etməyin əziyyətinə qatlaşmalı olacağıq. 

Taleyin ironiyasıan bax, ha!

Vətəni və əsgəri uğrunda canını fəda edən Polad Həşimov da generaldır, əsgərin siqaretini satan Məsum Rəsulov da…

Adamı yandıran da elə budur…

Seymur VERDİZADƏ 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …