Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Öləndə meyitimi Fəxri Xiyabanın həndəvərinə buraxmazlar…

Öləndə meyitimi Fəxri Xiyabanın həndəvərinə buraxmazlar…

Əbülfəs Qarayevin vəzifədən çıxarılması sənət adamlarını üz-üzə qoyub. Sabiq naziri tənqid edənlərlə yanaşı, onun tərəfinə keçənlər də var. Qarayevlə bağlı sərəncam jurnalistlərə bolluca mövzu verib.

Xalq artisti Flora Kərimova saytımız vasitəsilə keçmiş nazirin əleyhdarlarına səslənib: “Əbülfəs Qarayev 26 il idi ki, nazir vəzifəsində çalışırdı. Bu 26 ildə adamı görmədilər, bilmədilər, bilsələr də ağızlarını açmadılar, indi nədən hamısı əjdaha oldu?! İndiyə qədər niyə dinmirdiniz? Elə əvvəl də demokratiya idi, niyə demirdiniz, kimi gözləyirdiniz? Gözləyirdiniz ki, “yuxarı”dan vursunlar, sonra siz də onu çırpasınız yerə? Sözünüz var idi vaxtında deyəydiniz”. 

Əbülfəs Qarayev işdən çıxarılmamışdan bir-iki həftə əvvəl əməkdaşımız Xalq artisti İlham Namiq Kamaldan müsahibə almışdı. Gənc müxbirimiz qocaman aktyoru nə qədər çək-çevirə salsa da, onun dilindən dişədəyən bir kəlmə qopara bilməmişdi. Köşələrimin birində bu barədə belə yazmışdım: “Sanki Xalq artisti deyil, suvaqçı müsahibə verib. Ağsaqqal bütün problemlərin üstündən malalaya-malalaya keçib”.

Hərdən mənə elə gəlir ki, ziyalılarımızın çoxunun dilini pişik yeyib. Hamının bildiyi sadə həqiqətləri belə dilə gətirməyə ehtiyat edirlər. Dövlət başçısının görüşlərdə, tədbirlərdə dediyinin hətta yarısını deməyə cəsarətləri çatmır. Çox uzağa getməyək, Azərbaycanın səhiyyə sisteminin necə acınacaqlı durumda olduğunu hamı bilir. Pulu olmayan adamı xəstəxananın kandarından içəri buraxmırlar. Minlərlə yoxsul insan öz evində zarıya-zarıya ölür. Bunları demək üçün Oqtay Şirəliyevin işdən çıxarılmasını gözləmək lazımdır? Bəlkə gömrükdə, DSMF-də problem yoxdur? Yoxsa, vergi işçisi ilə sahibkar hər gün qol-qola gəzir? Özünü ziyalı adlandıran adamlar niyə bir dəfə bu problemləri dilə gətirmirlər? 

Beş-altı il əvvəl qocaman ziyalıların birindən müsahibə götürürdüm. Diktofonu söndürüb cibimə qoyandan sonra xeyli dərdləşdik. Camaatın əli pulla, mənim əlim xəbərlə oynayır, amma inanın, ağsaqqal ölkədə baş verən hadisələr barədə məndən daha məlumatlı idi. Elə şeylər danışırdı ki, az qalırdı, ayağımın altından yer qaçsın. Əlimi cibimə salıb, diktofonu çıxarmaq istəyəndə, mane oldu. Bu vaxt aramızda belə bir dialoq baş verdi:

– Ay müəllim, 80 yaşınız var. Nədən qorxursunuz?

– Qorxuram, a bala, çox qorxuram. Mənə pislik edərlər…

– Bu yaşdan sonra nə pislik edə bilərlər?

– Ehh, sən çox şeyləri bilmirsən. Artıq-əskik danışsam, sabah öləndə meyitimi Fəxri Xiyabanın həndəvərinə buraxmazlar…

Bu söhbətdən sonra hər dəfə Fəxri Xiyabana Mübariz İbrahimovun məzarını ziyarət etməyə gedəndə, yerdən bir ovuc torpaq götürüb, ovcumun içində “analiz” edirəm. Əmin olun ki, Hövsanın torpağından heç bir fərqi yoxdur. Bir də ki, yerin altına gedən cismimiz, üstündə qalan əməlimiz olacaq. Yerin altındakının deyil, üstündəkinin qeydinə qalmaq lazımdır…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …