Ana səhifə / Köşə Yazarları / Moderator.az – ın baş redaktoru üç nazirdən kömək istəyir

Moderator.az – ın baş redaktoru üç nazirdən kömək istəyir

“Sizdən kömək istəyirəm və sayta məxsus səhifənin geri qaytarılması üçün əməkdaşlarınıza tapşırıq verəcəyinizə ümid edirəm”

Daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyevə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən İltimas Məmmədova

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə tərəfindən

Müraciət!

Hörmətli səlahiyyət sahibləri!

Ölkənin ən populyar və sanballı xəbər istehsalçılarından biri olan Moderator.az bir həftədir ki, kibercinayətkarlığın poliqonuna çevrilmiş Azərbaycanda savaşla üz-üzədir. Noyabrın 10-dan əvvəl saytın özünə qarşı çox ciddi hücumları dəf etmək zorunda qaldıq və çox çətinliklə buna nail olduq. Ardından sayt rəhbərliyinin və əməkdaşlarının profillərinə hücum oldu, bu zaman hakerlər – əslində onlara kibercinayətkarlar deyilsə doğru olardı- saytın 36 minlik bəyənməsi olan səhifəsinin parolunu sındıraraq ələ keçirdilər. Ola bilsin ki, sizlər bu sahənin peşəkarları olmadığınızdan sayta məxsus səhifənin oğurlanmasının nə demək olduğunu təsəvvür edə bilmirsiniz. Amma bu, bizim üçün sözlə ifadə edilməyəcək bir itkidir. Loru dildə desək, bu, saytın onurğa sütununun sındırılması və aktivliyin dəfələrlə azalmasıdır. Hər bir sayt üçün halal yolla, yəni digər yardımçı səhifələrin transferi ilə süni yola əl atmadan bu qədər aktiv izləyicisi olan səhifənin itirilməsi onun ölkənin informasiya məkanından sıxışdırılıb çıxarılması cəhdinin tərkib hissəsidir.

Hörmətli səlahiyyət sahibləri!

Hər birinizlə şəxsi tanışlığım olmasa da Moderator.az oxucusu olduğunuzdan tam əminəm və saytımızın ölkənin informasiya məkanında tutduğu mövqedən də kifayət qədər məlumatlı olduğunuza şübhəm yoxdur. Odur ki, hər birinizə müraciət edərək Sizlərə dostluq əli uzadan bir jurnalist babanın bu xahişini yerə salmayacağınıza ümid edirəm. Bizə qarşı bu təxribatı törədənlərin kimliyini bilmək haqqımızdır və bu şəxslərin müəyyənləşdirilərək ifşa edilməsi rəhbərlik etdiyiniz müvafiq strukturların əlində obrazlı ifadə edilsə, iki vur ikidir. Odur ki, Sizdən kömək istəyirəm və sayta məxsus səhifənin geri qaytarılması üçün əməkdaşlarınıza tapşırıq verəcəyinizə ümid edirəm, bununla siz özünü təsdiq edərək cəmiyyətdə kifayət qədər hüsn-rəğbətə sahib bir saytın dostu ola bilərsiniz. Mən Sizlərdən təxirəsalınmaz addımlar gözləyirəm.

Çünki Facebook şirkətinə müraciətimizə hələ də cavab yoxdur və onların bu tip müraciətlərə baxması proseduru az qala Avropa İnsan Haqları Məhkəməsindəki prosedurlar qədər uzundərə və bezdiricidir. Ona görə də ümidim Sizlərədir və dəstəyinizə möhtac olduğumu bir daha vurğulamaq istəyirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın