Ana səhifə / Köşə Yazarları / “Mirşahin məni o biri dünyaya hazırlayırdı” – Aqşin Yenisey

“Mirşahin məni o biri dünyaya hazırlayırdı” – Aqşin Yenisey

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayevin yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik Xəstəxanaya çatdırılması barəsində xəbərlər yayıldı. İctimaiyyət arasında jurnalistin səhhəti ilə bağlı narahatlığını bildirən şəxslər də oldu.
Sosial şəbəkədə diqqət çəkən məqamlardan biri isə şair Aqşin Yeniseyin M.Ağayev haqqında yazdığı status oldu. A.Yenisey bəhs etdiyimiz statusunda bildirib ki, “Dəli şeytan deyir, götür, diktafonu-fotoaparatı, get xəstəxanaya, Mirşahin bəydən geniş bir müsahibə al”.
Statusun altında yazılan rəylərdə isə Aqşin Yeniseyin xəstəxanada yatdığı dönəmlərdə Mirşahin Ağayevin ondan aldığı müsahibəyə işarələr edilib. Həmin müsahibədə Mirşahin Ağayev Aqşin Yeniseyə ölümlə bağlı suallar vermişdi. Bu sualları cavablandıran Aqşin isə müsahibə boyunca bir neçə dəfə kövrəlmişdi. O zaman, M.Ağayevə müsahibəsi şairin oxucuları tərəfindən də birmənalı qarşılanmamışdı.
Belə olan təqdirdə, bu cür status yazmaqla Aqşin Yeniseyin söyləmək istədiyi nədir?
Məsələ ilə bağlı  musavat.com-a danışan A.Yenisey bildirib ki, əslində, bu, bir dost zarafatı idi: “Sözsüz ki, Mirşahin bəy yaşadığımız zamanı dərindən hiss edə bilən azsaylı jurnalistlərimizdən biridir. Onun xəstəxanaya yerləşdirildiyini eşidəndə mütləq gedib, baş çəkmək haqqında düşünürdüm. Əgər razılığı olsaydı, bu görüşü müsahibəyə də çevirə bilərdim. Amma mənə artıq hər şeyin yaxşı olduğunu dedilər. Hər halda, MTRŞ-nın sovet senzurasına qayıtması və efirin ən aktual proqramı olan “Hesabat”ı bağlamaq haqqında qərar verməsi doğru düşüncə deyildi”.
Mirşahinə xəstəxanada verdiyi müsahibəyə gəlincə isə, bununla bağlı şair aşağıdakıları söyləyib: “Mən o zaman əməliyyat otağından birbaşa müsahibəyə gəlmişdim. Ağrıkəsici iynələrin təsiri hələ çəkilməmişdi. Sadəcə, bir gün əvvəl sözləşdiyimiz üçün müsahibədən imtina etmədim. Kövrəlməyim həmin andakı ovqatımla bağlı idi. İnanın ki, indi heç o söhbəti xatırlamıram. Yadımda qalan odur ki, biz o biri dünya haqqında xeyli danışdıq. Mirşahin bəy məni, bir növ xristian həbsxanalarında olan həbsxana keşişi kimi o biri dünyaya hazırlayırdı. Sağalandan sonra müsahibəyə baxanda gördüm ki, mən o biri dünya haqqında son suala çox aydın cavab vermişəm. Ümumiyyətlə, o müsahibəyə görə Mirşahin bəyi qınayanlar, sadəcə, insani maraqları nəzərə alırdılar. Amma Mirşahin bəy müharibə jurnalistidir və ölüm ayağında olan şairdən nəyi soruşmaq lazımdırsa, onu soruşurdu. O, xəstəxanaya mənə təsəlli verməyə gəlməmişdi”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın