Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Mediaya hərbi senzura lazımdırmı?

Mediaya hərbi senzura lazımdırmı?

Ölkədə hərbi vəziyyət zamanı kütləvi informasiya vasitələri üçün xüsusi fəaliyyət rejimi tətbiq ediləcək. Bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müvafiq maddəsində əksini tapıb. Maddəyə əsasən, hərbi vəziyyət tətbiq edildiyi ərazilərdə KİV-lərin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur. 
Həmçinin zəruri hallarda kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur. Məlumat üçün deyək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. 
Image result for Ələsgər Məmmədli
Media eksperti Ələsgər Məmmədli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, konkret olaraq son qərar, hərbi senzuranın tətbiq olunması məsələsi yanlışdır: “Hərbi senzura ifadəsi və ya ümumiyyətlə, senzura ifadəsinin hüquqa gətirilməsi yanlış addımdır. Çünki konstitusiyada hər cür dövlət senzurası qadağan olunur. Qadağan olunan bir şey hər hansı formada tətbiq oluna bilməz. Konstitusiya qadağan edirsə, bütün formalarını qadağan edir, istisnaları da qadağan edir. İstisna olsaydı, yazardı ki, filan məsələ istisna olmaqla, qadağandır. Yəni ”fövqəladə hallar istisna olmaqla, senzura qadağandır” şəklində ifadə olsaydı, onu qanuna gətirmək olardı. Amma indi bu, mümkün deyil. Hərbi əməliyyatlar zamanı müəyyən məhdudiyyətlər gətirilə bilər ki, bu da senzura deyil. Senzura ifadəsi yanlışdır, ifadə tərzi baxımından da yanlışdır”.
Image result for Rahib Qərib
Hərbiçi-jurnalist Rahib Qərib isə “Şərq”ə açıqlamasında bildirib ki, media üzərindəki ümumi senzuranın ləğv olunması çox yaxşı hal idi. Amma son illərin təcrübəsi göstərdi ki, hərbi senzuraya müəyyən qədər ehtiyac var: “Bir çox hallarda jurnalistlər hərbi məxfiliyin qorunmasında müəyyən səhvlərə yol verirlər, ordunun əməliyyatlarına maneçilik törədirlər. Əlbəttə, istərdik ki, hər bir vətəndaşın öz daxili senzurası olsun. Xüsusən jurnalistlərin müharibə şəraitində müvafiq fəaliyyət planları, proqramları olsun. Bəzi hallarda Azərbaycanın təhlükəsizliyi ilə bağlı müxtəlif xəbərlər yayılır. Bunlar ordunun fəaliyyətinə və aparılan gizli əməliyyatların gedişinə maneələr yaradır. Bütün dünyada hərbi sirlərin yayılması, məxfiliyə riayət olunmaması, bəzən isə yanlış məlumatların tirajlanması mənfi hal hesab olunur və onunla mübarizə aparılır. Azərbaycanda da bu cür neqativliklərə görə bir sıra məhdudiyyətlərin qoyulması vacibdir. Zənn edirəm, indiki halda zərurət olduğu üçün belə bir qanun layihəsinə ehtiyac duyublar”. O bildirib ki, hərbi məlumatlara məhdudiyyət qoyulması əvvəlki dövrlərdə də var idi: “Mətbu orqanların sırf bu işlə məşğul olan müxbirləri ilə Müdafiə Nazirliyinin rəsmi nümayəndələri arasında görüş keçirilirdi. Jurnalistlərə xüsusi icazə vərəqələri paylanılırdı. Çox yaxşı ənənə formalaşmışdı. Bunun davam etdirilməsi müsbət hal olar”.
Image result for Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov da deyib ki, müharibə aparan ölkədə hərbi senzura mütləq olmalıdır: “Əgər XIX və XX əsrlərdə bu üsuldan istifadə olunurdusa, yüksək texnologiyaların inkişaf etdiyi, sosial medianın geniş vüsət aldığı müasir dövrdə hərbi senzuranın tətbiqi daha vacibdir. Bunu əsla söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirmək olmaz. Müharibə şəraitində olan bir ölkənin bütün resursları düşmən üzərində qələbə qazanmağa yönəlməlidir. 2014-cü ilin məlum avqust hadisələri zamanı bəzi media qurumları, sosial şəbəkə istifadəçiləri çox kobud səhvlərə yol verdilər. Hətta bununla bağlı Prezident Administrasiyasının yanında geniş müşavirə keçirildi. Daha sonra 2014-cü ilin sentyabr ayında prezident cəbhəyanı bölgələrdə hərbi xarakterli məlumatların yayılmaması ilə bağlı sərəncam imzaladı. Amma təəssüflər olsun ki, hazırda bəzi media qurumları, xüsusən sosial şəbəkə istifadəçiləri, hətta televiziya və radiolar bilərəkdən və ya bilməyərəkdən hərbi sirr mahiyyəti daşıyan xəbərləri yaymaqla məşğul olurlar”.
Ekspert vurğulayıb ki, müharibə şəraitində olan ölkələrin hər birində hərbi senzura qəbul olunur və çox normal qarşılanır: “Dağlıq Qarabağ problemi olan Azərbaycanda hərbi məlumatların yayılmasına məhdudiyyət qoyulması zəruridir. Biz hələ müharibə vəziyyətindəyik. Hər bir mətbu orqan bu məsələdə kifayət qədər ehtiyatlı olmalı, mövzuya diqqətlə yanaşmalıdır. Şəxsən mən bunun tərəfdarıyam. İnşallah, Dağlıq Qarabağ münaqişəsi yaxın müddətdə öz həllini tapar. Ondan sonra heç bir senzuraya ehtiyac qalmayacaq və ölkə mediası hərbi məsələlərlə bağlı normal fəaliyyətini davam etdirəcək. Əslində o zaman hərbi xarakterli materiallar müharibə dövründəki kimi aktual olmayacaq və geniş müzakirə olunmayacaq. İndiki halda isə hər kəs buna anlayışlı yanaşmalıdır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın