Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / “Mediada yer alan şaiyələrə səbəb rəsmi informasiyaların yoxluğudur”

“Mediada yer alan şaiyələrə səbəb rəsmi informasiyaların yoxluğudur”

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində yalan informasiyaların artması ilə bağlı narahatlığını ifadə edib. Ə.Həsənov saytlardan birinə açıqlamasında internet mediasında vəziyyətin daha acınacaqlı olduğunu bildirib:
“Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur”.
Ə.Həsənovun məlum açıqlamasının ardınca Mətbuat Şurası da bəyanat yayaraq mediaya xəbərdarlıq edib:
“Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.
Maraqlıdır, istər Ə.Həsənovun, istərsə də Mətbuat Şurasının media ilə bağlı səsləndirdiyi irad və hədələr nə dərəcədə əsaslıdır? “MTN işi”, habelə digər nazirliklərdə həyata keçirilən həbslərlə bağlı rəsmi informasiyaların yox dərəcəsəində olduğu bir şəraitdə, mediada bəzi hallarda yalan və əsassız informasiyalar yer alması təbii deyilmi? Medianı yalan məlumatlar yaymaqda ittiham edən rəsmilər medianın operativ şəkildə rəsmi informasiya ilə təmin edilməməsinə niyə toxunmur?

Azinforum.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev şaiyələrin yayılmasında rəsmi informasiya qıtlığının mühüm rol oynadığını vurğuladı:
“Əgər biz məsələyə professional nöqteyi-nəzərdən yanaşsaq, yalan informasiya ilə şaiyələri bir-birindən ayırmalıyıq. Bunlar prinsipcə fərqli məsələlərdir. Söhbət media tərəfindən qəsdən uydurulmuş, ictimai rəyi çaşdırmaq üçün ortaya atılan informasiyalardan gedirsə, biz bunları yalan informasiya kimi qiymətləndirə bilərik. Sizi əmin edirəm ki, onlar elə də çox deyil. Xüsusilə də, aparıcı media orqanlarının hakimiyyətlə sıx işlədiyi bir şəraitdə belə şeylər çox deyil. Amma şaiyələr çoxdur. Onların yaranması səbəbi isə bəllidir. Şaiyələrin yaranmasının ilkin səbəbi ictimai rəyin diqqətində, marağında olan məsələ haqqında rəsmi informasiyanın olmamasıdır. Tək MTN-dəki həbslərlə bağlı deyil, hərbi münaqişələr, fövqəladə hallarla bağlı dəfələrlə bu problem üzə çıxıb. Bu problemin səbəbi isə dövlət informasiya strukturlarının kifayət qədər operativ fəaliyyət göstərməməsi olub ki, bu həqiqət hamımıza bəllidir. Belə olan halda media orqanları ilə bağlı inzibati tədbirlərin görüləcəyi hədəsi bir qədər yerinə düşmür. Çünki dəfələrlə belə hədələr səslənib. Bununla bağlı dəfələrlə tədbirlər, toplantılar da keçirilib. Lakin vəziyyət dəyişməyib. Ciddi cəzalar da tətbiq olunmayıb. Çünki bu cür hallarla bağlı hansısa ciddi cəzaların tətbiq edilməsi absurddur. Əgər belə olsa, onda gərək hər iki jurnalistdən birini cəzalandırasan. Hansı ki, həmin jurnalistlər rəsmi informasiya almaqda çətinlik çəkirlər. Nə də mətbuata yönəlik ittiham və xəbərdarlıqlar azalmır. 2-3 aydan bir açıqlama verirlər ki, yalan informasiylar artır, tədbirlər görüləcək və s. Vəziyyət həm də ona görə dəyişmir ki, dövlət qurumları media ilə əlaqələrini operativ şəkildə təşkil etmirlər. Nə qədər ki, dövlət qurumları, onların mətbuat xidmətləri media ilə, ictimaiyyətlə əlaqələrini çevik şəkildə qurmayıb, nə hədə-qorxular, nə qanunvericilikdə edilən dəyişikliklər bu çatışmazlıqların aradan qaldırılması ilə nəticələnməyəcək”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın