Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Məhəmmədlərin mirzəliyi və ya iyirmi min avro məsələsi…

Məhəmmədlərin mirzəliyi və ya iyirmi min avro məsələsi…

Söyüş mediası milləti və dövləti hara aparır?!.

Söyüş “mediasının” səsi əvvəlki qədər gur gəlmir. Daha dəqiqi, danışıqlarını xeyli korrektə ediblər. Əllərinin kimin və ya kimlərin cibində olmasının ortaya çıxmasından sonra başqa neynəmək olardı ki?! Qaldı ona ki, dövlət və Prezident əleyhinə aparılan qara piara kimlər maliyyə xərcləyirdi? Vəzifədən uzaqlaşdırılan və hələ postunda qalan bir qismə baxanda, bunu aydın görmək olur. Yəni geniş şərhə ehtiyacı yoxdur.
İndi yeni əllər peyda olub. Yeni cib axtarışındadırlar. Özü də o əllər, məsələn, Elvin adlı söyüş “mediası” fəalı, meydanda at oynadanda, heç dırnağının ucu da görünmürdü.


Maraqlı olanı bu ki, yeni kampaniya “qonorar” alıb söymür. “Qonorar” verməsəniz, söyəcəm deyir. Dövlətin ayrı-ayrı simalarını şantaj edir. Həm də özünə media adamı deyir.
Onlardan biri, Məhəmməd Mirzəli adında Avropadan üzü bəri nifrət püskürən gəncdir. Onu aylar öncə tanıdıq. Həmkarlarımızdan birinin övladının toyundan çəkilən şəkilimizə yazdığı ədəbsiz şəkilaltı ilə. Şəklimizi sosial şəbəkədə, idarə etdiyi səhifə üzərindən paylaşıb, bir qrup media adamına belə yazmışdı: Bu stolda əyləşənlərin yeməyinə, stolda xidmət edən ofisiantı ələ alıb, ifrazat qatdırmışıq. Sosial mediada əməlli başlı gündəm oldu fotoşəkil. Bu ölkə mediasının qara piarını təşkil etmək idi.
İndi də, aryı-ayrı siyasətçiləri, Prezidenti, onun ailə üzvlərini təhqir edir. Media adına iddialı bu cür adamların insanlığın, şərəfin, ləyaqətin harasında olduğu o qədər aydın görünür ki, buna geniş şərh verməyə ehtiyac qalmır.


Və necə deyərlər “xoruzun quyruğu da görünür”, hər gününə guya ki, min avro qazanan məhəmmədlər, o taydan üzü bəri, iyirmi gündür ziyandanyam, filankəslər mənim iyirmi min avromu yollasın ismarıcını göndərir. Əks halda təhqir və söyüşlər artan xətlə gedəcəkmiş.
Sən niyəsə görə iyirmi gün izolyasiya ediləcəksən, sonra da gəlib adamları aşağılayacaqsan ki, mənə filan qədər ödəməlisən. Onlar da amandır, bircə danışmasın, deyib, pul ödəyəcək, eləmi?! Bu adamlar anlamaq istəmir, o boz, qara, ala-bula baba, artıq yoxdur, “ölüb”.
Düzü adam bu mənzərəyə baxıb da heç nə istəmir. Bir onu arzulayır ki, günlərin birində babaları ilə birgə, bu uşaqlar, məsuliyyətə cəlb olunsun. Gəlib dediklərinin, söydüklərinin arxasında dayansınlar. Haqlı olduqlarını ortaya qoysunlar. Desinlər, görək nədir qarınlarındakı sancı? Niyə bu millətə, bu dövlətə, bu qədər nifrət edirlər?
…Bir məsələ daha. Bu mirzəlilərin çevrəsində bir də bəlli auditoriya var. Nəyin sayəsində, bilən varmı? Deyim, biləsiniz cənablar: Nə qədər ki, ölkə mediasında, yazılı, elektron mediada vətəndaşa lazım olan mövzulara toxunulmayacaq, sizli, bizli hər kəs onları görməyə məcbur qalacaq. Məsələlərə elə-belə, dilucu toxunmaq vətəndaşı qane eləmir, bu birmənalıdır. Vətəndaş istəyir ki, onun sözünü deyən adamlar olsun, özü də böyük efirlərdən. Hansı keyfiyyətdə, nə qədər yeni televiziyalar qurulsa, sivil işlər görülsə, əhəmiyyəti olmayacaq. Vəziyyət o həddə çatıb ki, insanlarla ev-evə, adam-adam işləməyə məcburdur dövlət.

Bu da problemdir ki, dövlətə sədaqətli bu qədər kadr varmı, yetişdirilibmi, bunun bir statistikası aparılıbmı? Bircə bu fakt araşdırılsa, əminəm, bəlli adamlar var, onlara cinayət işi açılması mütləq və qaçılmazdır. Məhz bu məslələrə gör bu gün, Azərbaycan vətəndaşı, mövcud efirlərə baxmır, məlumatı internetdən, bir də Məhəmməd mirzələrdən alır, onlara baxır. İnsanlar fikirlərdə söyüş ifadə olunmasına əhəmiyyət vermirlər. Sadəcə “cəsarətli” adam görürlər qarşılarında. Bu “cəsarətin” arxasındakı saxtakarlıq, təmənna və maraq onları maraqlandırmır. Biz öz vətəndaşımızı, auditoriyamızı özümüz söyüş “mediasına” təhvil vermişik. İndi onlar, dövlətin üzərinə gəlir, həm də bəlli auditoriyaları ilə.
Vəziyyəti tənzimləməyin yeganə yolu, bəlli mövzuları radikal müxalifətin, söyüş “mediasının” əlindən qısa zaman kəsiyində alıb, böyük efirlərə geniş auditoriyalara daşımaqdır. Qısa ətəkli, bəzəkli qaqaşlar yox, ictimai yükü olan insanlar danışmalıdır bu mövzuları efirlərdə, ciddi adamlarla. Vətəndaşını dövlət və milli media yönəltməlidir. Xaricdən və daxildən əlbir olan amti-milli güclər yox. Bu son dərəcə qorxulu tendensiyadır. Biz qarşısına çıxmadıqca hər gün bir az böyüyür, çevrə genişləndirir və yerini bərkidir.


…Başı jeleli, baha kastyumlu, qastuklu, remenli ilə ayaqqabısı eyni rəngdə, dünya brendi geyinən azərbaycanlı məmursa elit siyasi komanda yığır. Onlar birmənalı anlamalıdır, cici oğlan, ya da qız olmaq heç nə həll eləmir. Lazımdır bir aşıq kastyumu, sapoxu geyinib aşağılara, əyalətə enələr. Milləti ələ salan, aşağılayan mövqedən çəkinələr. İngilis, rus dilini prioritet sayılmır bu məmləkətdə. Prioritet şəxsiyyətli, sanballı vətəndaş yetişdirmək olmalı. Əks halda Azərbaycanda elit siyasi cəmiyyət yaratmaq mümkünsüzdür. Bu cəlbedici arzu o zaman mümkün olacaq ki, məsələn, ucqar dağ kəndində yaşayan Mamed əminin müasir standartlı bir təsərrüfatı olsun. Və Mamed əminin oğlu və ya qızı, atasının halal qazancı ilə xaricdə, ya da paytaxtda yaxşı təhsil alsın. Bax bu milli güc, milli kadr olacaq. Yox əgər bu baş vermirsə və ya dövləti bunu etməyə imkan vermirlərsə, onda siz nə qədər cici geyinsəniz, bahalı şərabdan içib, ingiliscə danışıb dursanız da, hamı sizə Mamed əminim naziri, məmuru deyəcək. Siz də utanıb Mamed əmini hamıdan gizlətməyə çalışacaqsınız. Bax Məhəmməd mirzələr məhz bu məqam üçündür…


Birdəfəlik anlamağın zamanıdır, bu gün insanların durumu nəinki yaxşı deyil, pisdən də aşağıdır. Nə maddi, nə mənəvi problemlər artıq maraqlandırmır onları. İnsanlar psixoloji gərgindir. Onları işsizliyə, pis yaşamağa biz vadar eləmişik, dövlət və media. İndi adamlar fərqində belə deyil, onların dövlətini söymək elə onları söymək deməkdir. Bunu onlara anlatmağa gecikirik.
Azərbaycan vətəndaşı söyüş “mediasını” dinləməyə, onun üstünə şikayətə getməyə məcburdur. Bu məqamda bir haşiyə. Söyüş və şantaj mediası təkcə Avropada, Amerikada deyil. Onlar həm də burda, Bakıdadırlar. Uzun sürən prosesin sonucunda, mayın 13-də belə “jurnalistlərdən” biri Əfqan Sadıqov da saxlanılıb.
Bunu da qeyd etməyə bilmərəm. Onun yaşadığı evdə keçirilən baxışın formatı ilə insan olaraq razılaşmadım. Və dərhal onu da düşündüm ki, hərdən başqa yol qalmır. Məsələnin maraqlı olanı bir tərəfi də bu ki, bəzi hallarda onları ölkənin as sayılan media adamları da müdafiə edir. Niyə, hansı parametrə, standarta görə, anlamağ çətinlik çəkir adam?
Bu məqamdan yeganə çıxış yolumuz, illərdir dəfn edilən milli mətbuatı dirçəltməkdir. Bir də insanların həyatını normal döndərmək. İnsanların izsizlik problemləri çözüləcək, haqqı tapdanmayacaq, ədalətli yanaşma görəcəklər. Onları ələ salan məmurlar olmayacaq. Azərbaycan insanı balasına təhsil, ailəsinə çörək qazana biləcək. Haqqı olan zirvələri kiminsə qohumu, dostu, əri, arvadı, sevgilisi, bacısı, qardaşı tutmayacaq. Yəni o zaman yaxşı olacaq ki, vətəndaş vətəndə özünü daş yox, vətən kimi hiss eləsin. Dövlət baba ona VƏTƏN kimi baxa bilsin. O zamana qədər, kimsə Azərbaycanı Məhəmməd mirzələrdən xilas edə bilməyəcək…

Jalə Mütəllimova

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …