Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Lağlağı obyektləri – Nadir Qocabəyli yazır

Lağlağı obyektləri – Nadir Qocabəyli yazır

Bəzi dostlar insanları başqalarının probleminə sevinməkdə suçlayır, hətta ittiham edirlər. Söhbət, əlbəttə, məsələn, FHN işçilərinin hərəkətindən, ondan qabaq deputatın ələ salınmasından və digər bənzər hadisələrdən gedir…

Mən də bu dostların məmur sinfinə xoş gəlmək, hansısa mövqelərini, yaxud dolanışıqlarını qorumaq üçün bu cür əxlaq dərsi keçdiklərini düşünürəm. Əlbəttə, bu da başadüşüləndir. İnsan yediyi qaba tüpürməməli, mənsub olduğu qrupu, dairəni, sinfi müdafiə etməlidir.

Amma başqa insanların, qrupların, siniflərin də maraqları, mənafeləri olduğu haqda düşünmək lazımdır.

Mənə elə gəlir ki, cəmiyyətimizdə istənilən deputatın, məmurun probleminin, hətta fəlakətinin sevinclə qarşılanması, lağa qoyulmasında sosial ədalətsizlik, sinfi düşmənçilik mühüm rol oynayır. Bəs bu ədavəti, sosial qütbləşməni, haqsızlığı kim yaradıb? Şübhəsiz, idarəçilər, hakim sinif…

Gəlin FHN-dəki son hadisəyə münasibəti götürsək: insanlar hər hansı şəxsin yox, bir korrupisonerin, qudurğan istismarçı məmurun bəlasına sevinirlər. Əgər FHN və digər dövlət qurumlarının xalq arasındakı imicləri müsbət, təmiz olsaydı, o hadisəyə sevinən çox olmazdı. Çoxluq sadəcə başını bulayar və təəssüfünü ifadə edərdi. Məsələ burasındadır ki, o adamlar sözün bütün mənalarında haramxor, azğın, qudurğan və əxlaqsız subyektlərdir. Onlar öz bahalı maşınlarını kasıbların yaşadığı ensiz küçələrdə yüksək sürətlə idarə edir, onlara qudurğancasına siqnal verirlər. Onların uşaqları əsgər getmir, getsələr də formal gedir, şəhid olmurlar. Bəs bu əzilən kütlə özünü nəylə soyutsun, nəylə azacıq da olsa təsəlli tapsın?

Camaat yemək, ərzaq pulunu qazanmaqdan ötrü səhərdən axşamacan 10-12 saat işlədiyi halda, bunların günü keflə keçir. Bahalı evlər, maşınlar, restoranlar, gəzməklər, geyimlər hansı pullarla alınır? Əlbəttə, xalqdan oğurlanan pullarla. Bu pulları bunlar tək də yemirlər. Hərəsi neçə dənə fahişə saxlayır, onların bütün qohum əqrəbasını təmin etmək üçün dövləti və xalqı hər gün daha çox soyurlar. Onların saxladığı əxlaqsız qadınlar arasında çoxlu əcnəbi də var. Erməni, gürcü, ukraynalı, nə bilim, haralı. Belə olduğu halda, dövlət məmurlarının iş yerində qeyri-qanuni cinsi münasibətdə olmasını ifşa edən videoya xalq, əlbəttə, sevinəcək. O düşünür ki, heç olmasa iki əxlaqsız, qudurğan, azğın, şorgöz, zinakar aşkar olundu. İnanır ki, bəlkə də, bunun davamı da ola bilər. Ancaq heç ağlına da gəlmir ki, iki nəfərin qurban verilməsi böyük çoxluğu qorumağa da xidmət edə bilər.

Bundan qabaq deputat Sevinc Fətəliyeva məsxərəyə qoyuldu. Əlbəttə, qoyulmalıdır. Əvvəla, ona görə ki, danışdığı söz nəinki deputat səviyyəli deyil, heç adi müəllimə də yaraşmır. İkincisi, düz danışmır, mövqeyi ədalətli deyil. Təmsil etməli olduğu dairənin maraqlarından çıxış etmək əvəzinə, onu deputat edənlərə yaltaqlanır. Üçüncüsü də, o heç deputatlığa layiq deyil və xalqın istəyilə seçilməyib. Seçilə də bilməzdi, çünki onu heç tanıyan yox idi. Axı necə tanına bilərdir? Hansı fəaliyyəti, işləri sayəsində? Camaat bunları çox gözəl bildiyi üçün onun büdrəməsini fürsət sayır və əlindən gələni edir. Həm də bilir ki, Sevinc heç kimdir. Etiraz sevincləri başımıza keçirənlərə qarşıdır.

Deputat Hüseynbala Mürələmovun “müsibətini” götürün. Hüseynbala neyləmişdi? Özü dərisinə sığmadığı halda, camaata həyasızcasına demişdi ki, az yeyin. Bəs bilmir ki, gün gələr bunun hayıfını ondan alarlar? Hələ necə seçildiyini, necə işlədiyini, nələri oğurladığını, neçə villası, nə qədər obyekti, biznesi, yatırı olduğunu, nə qədər fahişə saxladığını qoyuram kənara.

Fəzail Ağamalının gilas ala bilmədiyi ilə bağlı açıqlamasının məsxərəyə qoyulmasına baxaq. Öz aramızdır, ayıbdır axı. Ə, sənin qızılını balta kəsmir. 30 ildir ortalıqdasan, 25 ildir deputatsan, partiya sədrisən, nazir olmusan. Dostlar sənin və oğlunun biznes şəbəkəniz haqqında yazmışdılar, Bakının yarısına nəzarət edirsən, amma durub utanmaz-utanmaz deyirsən ki, gilas ala bilmirsən. Səni əlbəttə, ələ salmalıdır bu xalq və salır da.

Hələ şükür edin ki, indilik təkcə buna imkanı çatır. Vəziyyət dəyişsə, daha pis şeylər ola bilər. Bunu önləmək haqqında düşünün, amma sağlam düşünün, xalqa qarşı həqiqi, səmimi addımlar atın, onun payını az yeyin, hər yerdə onun qarşısında çəpər olmayın.

İnanın ki, haçan bir balaca özümə gəlmək, yeməkdən əlavə nəsə etmək istəyirəm (məsələn, otağın xarab pəncərəsini dəyişmək, ayağımız palçığa batmasın deyə, həyətə 3-4 kvadrat tamet döşətdirmək kimi xırda işlər), dərhal bir əngəl yaradırlar. Bir balaca düşünüb görürəm ki, mənə əngəli yaradan məhz bu dövlət, bu hökümət və onu təmsil edən sizlərsiniz. Hamınız da bir-birinizlə əlaqəlisiniz.

Əlbəttə, bu münasibət təkcə mənə yox, bütün xalqa qarşıdır. Odur ki, xalq sizi sevmir, bədbəxliyinizə sevinir. Çünki bədbəxliyinin baiskarlarının məhz sizlər olduğunu çox gözəl bilir…

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …