Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / KİV haqqında qanun redaktorları iki cəbhəyə böldü

KİV haqqında qanun redaktorları iki cəbhəyə böldü

Mehman Əliyev: “Məqsəd özünüsenzuranı gücləndirməkdir”; Nurşən Quliyev: “Hər eşitdiyini dəqiqləşdirmədən yayan KİV bundan daha çox narahat olmalıdır”

 

Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanunun 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib:“”Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.
Məlumdur ki, media son illər ölkədə baş verən səs-küylü həbslər, cinayət işləri ilə bağlı silsilə xəbərlər, məxfi informasiyalarla işləyir. Çox vaxt mediaya açıqlanmayan, amma jurnalistlərin bu və ya digər formada əldə etdiyi istintaq materialları, sirləri isə tirajlanır. Məhkəmə başlanan vaxt isə medianın zamanında yazdığı informasiyaların böyük əksəriyyəti şahid ifadələri, sübutların tədqiqatı zamanı özünü doğruldur.
İndi isə media yenə də səs-küylü cinayət işlərinin, həbslərin “tam ortasındadır”. Cəmiyyəti ən çox maraqlandıran hadisələr bu həbslərin pərdəarxası, cinayət işləri ilə bağlı detallardır. “KİV haqqında” Qanuna edilən son dəyişiklik isə medianı çətin dilemma qarşısında qoyub: yazmalı, ya gözlənilən təkzib tələbini nəzərə alıb, bildiklərimizi arxivə yollamalı?
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyət istintaq işləri ilə bağlı mediada daha az məlumatın, yazının yayılmasında maraqlıdır: “Qanuna edilən bu düzəliş məhdudlaşdırma xarakteri daşıyır. Bu ondan xəbər verir ki, hakimiyyət daxilində, hakimiyyət ətrafında olan işlər, ilin əvvəlindən biznes adamlarının həbsinin davamı olacaq. Daxili məsələlərin çözülməsi davam edəcək. Hökumət bunun ictimailəşməsində maraqlı deyil. İstəmirlər ki, media bu məsələyə qarışsın. Fikir verin, iş adamları tutulur. Amma aydın deyil ki, cinayət işi açılıb, ya yox. Birdən tutulur, birdən buraxılırlar. Arada danışıqlar gedir. Media bunu yazdıqca məsələ böyüyür. Hərəkətlər də qeyri-qanuni xarakter daşıyır. Medianın fəallığında maraqlı deyillər. Hökumət medianın hansı informasiyanı yaymağında maraqlıdırsa, onu yayacaq. Amma medianın araşdırması, üzə çıxarmasında  maraqlı olmadıqları xəbərləri yaymayacaqlar”.
M.Əliyev bildirdi ki, hakimiyyət mediada bu proseslərə tam nəzarəti ələ keçirmək, hadisələri istədiyi kimi ictimailəşdirmək, ictimai rəyi istədiyi kimi yönləndirmək istəyir. Müsahibimiz hesab edir ki, qanuna  edilən son dəyişiklik medianın gözünü qorxudacaq: “Təbii ki, ehtiyat edəcək, özünüsenzuranı gücləndirəcək. Qərar da buna hesablanır. Əslində bütün məhdudlaşdırıcı addımlar ona hesablanır ki, media hakimiyyətin istədiyi formada fəaliyyət göstərsin. Medianın nəzarətçi institut kimi funksiyasını əlindən alırlar. Bu siyasət davamlı gedir. İstintaq məsələləri ilə bağlı yayılanlar hakimiyyətdaxili hesablaşmanın nəticələridir. Bir var rəsmi, bir var qeyri-rəsmi informasiyalar. Kim kimə ”atıb”, nə verib… Hakimiyyət isə bunun yayılmasında maraqlı deyil”.
APA-nın redaktoru Nurşən Quliyev isə hesab edir ki, “KİV haqqında” Qanuna son dəyişiklik APA-nın fəaliyyətinə o qədər də təsir etməyəcək: “O baxımdan ki, APA onsuz da dəqiq olmayan xəbərlər yaymamağa çalışır, bu prinsipi əsas götürür. Bu prinsip təkcə kriminal, məhkəmə deyil, bütün sahələrə aiddir. Fikrimcə, hər eşitdiyini dəqiqləşdirmədən yayan, bunun məsuliyyətini dərk etməyən KİV bundan daha çox narahat olmalıdır. Xəbərin rəsmi təqsidlənmədən yayılması başqa, yalan xəbər yayılması isə fərqli məsələlərdir. Mətbuat orqanının xəbərin dəqiqliyinə şübhəsi yoxdursa və bunu təsdiq edən sübut və dəlilləri varsa, məlumatın yayılmasında problem görmürəm”.
N.Quliyev hesab edir ki, hətta bu məsələni məhkəmə müstəvisinə də daşımaq olar. Belə ki, yalan məlumat yayan mətbuat orqanı isə məsuliyyətini dərk etsə, bu, bütün tərəflər üçün yararlı olar: “Əgər KİV son dəyişiklikdə də nəzərdə tutulduğu kimi, cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar yayırsa, eləcə də başqa mövzularda əsassız, həqiqətə dayanmayan məlumat yaymaqla məşğuldursa, təbii ki, aidiyyəti orqanların və qarşı tərəfin də qanunları və öz hüquqları qorumaq və tələb etmək haqqı doğur. Odur ki, bəri başdan həqiqəti yazaq, yayaq ki, sonra bu çətin vəziyyətə düşməyək”.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın