Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Kimə nifrət edək: Varlılara, yoxsa oğrulara?

Kimə nifrət edək: Varlılara, yoxsa oğrulara?

Ötən ay Manaf Ağayev Füzulidə həbs olunanda da oxşar vəziyyət yarandı: Bir anın içində sosial şəbəkələr “qarğış şəbəkələri”nə döndü. Əksəriyyət kin qusurdu. Söyüşün, qarğışın biri iki qəpik idi. Adamın ürəyi bulanırdı.

Yaddaşı zəif olanlar üçün xatırladım ki, Manaf Ağayev ata yurduna getmişdi. Amma icazəsiz getdiyi üçün polis onu saxlamışdı və məhkəmə qərarı ilə 15 sutka azadlqıdan məhrum edilmişdi. Ortada qanun pozuntusu olduğu üçün qanun çərçivəsində tədbir görülmüşdü. Bu hadisədən Manaf Ağayevdən başqa heç kim zərər görməmişdi. Obrazlı desək, Manafın sirkəsi öz qabını sındırmışdı…

Bəs bu ajiotaj, bu səs-küy nədən yaranmışdı? Manaf Ağayevin 27 il həsrətində olduğu ata yurdunu görmək istəməsi insanları niyə qəzəbləndərmişdi?

Bir dəfə də bu barədə yazmışdım, Manafın Füzuliyə getməsi, Anadoluda yaşayan qardaşlarımızın təbirincə desək, heç kimin umurunda deyil. İnsanları qıcıqlandıran Manafın Füzuliyə bahalı “Mercedes”lə getməsi idi. Əminəm ki, Manaf Ağayev Füzuliyə köhnə “Moskviç”də getsəydi, heç kim əsəbləşməyəcəkdi, əksinə, çoxlarının üz güləcəkdi. Axı biz kasıba lağ edib gülməyi sevirik…

İki gün əvvəl Bakının mərkəzində fəaliyyət göstərən “Location” adlı klubda partlayış baş verəndə də analoji vəziyyət yarandı. Biz sosial şəbəkələrin sayəsində çoxlu sayda insanın bu faciəyə necə sevindiyinin şahidi olduq. Sosial şəbəkə dostlarımdan biri yazdığı üçün öz gözlərimlə oxudum: “Allah eləsin, Bakıda bütün barlar bir gecədə partlasın”. 

Başqa bir şərh isə eynən belə idi: “Barın partlaması son vaxtlar eşitdiyim ən yaxşı xəbərdir. Çünki orda valılar istirahət edir. Varlılar hamısı yediklərini qusmalıdır”.

Əvvəllər də bu mövzuda yazmışam. Təəssüf ki, son 30 ildə Azərbaycanda milli burjuaziya formalaşmadı. Burjuaziya adı ilə xalqa sırınanlar isə dövlət büdcəsini talayan oğrular oldu. Zəhmət çəkib pul qazanmadıqları üçün əllərindəki vəsaitin qədrini bilmədilər, eyş-işrət, düşük əyləncələr naminə milyonlar xərclədilər. Qazandıqlarını göbəyiaçıq qızların ayaqları altına səpdikləri üçün özləri də xalqın gözündə o qızlardan fərqlənmədilər. Nəticədə hansısa səbəbdən onlardan birinin çöhrəsinə kədər qonanda çoxlarının üzü güldü. İki gün əvvəl “Location” barında baş verən partlayışda olduğu kimi…

Bu düşüncədən xilas olmağın vaxtı çatıb. Hamılıqla ölkədə varlıların deyil, kasıbların sayının azalmasınına çalımalıyıq. Qonşunun maşınının olmasının bizə ziyanı yoxdur, xeyri var. Boynumuzu büküb yolun kənarında dayananda bizi də götürəcək…

Günün sualı budur: Kimə nifrət edək: varlılara, yoxsa oğrulara?

Şəxsən mən heç kimə nifrət etmirəm. Ümumiyyətlə, bu hissi özümə yaxın buraxmıram.

Amma kimsə özüylə bacarmırsa, heç olmasa, hədəfi düz seçsin…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …