Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalistlər Cəlal Əliyevi necə xatırlayır?

Jurnalistlər Cəlal Əliyevi necə xatırlayır?

Azər Ayxan: “Onun hər çıxışı hadisə idi”; Elşad Paşasoy: “Jurnalistlərlə birbaşa ünsiyyəti olmurdu…”

Azər Rəşidoğlu: “Kimi təhqir edibsə, bütün kəskinliyə baxmayaraq, sözlərində həqiqət payı da olub”; Elbrus Ərud: “Xatirəm odur ki, heç bir xatirəm yoxdur”

Sabiq deputat, dövlət başçısı İlham Əliyevin əmisi Cəlal Əliyevin dünyasını dəyişməsi ilə siyasət və media kuluarlarında onunla bağlı xatirələr də səslənməyə başladı. YAP-çıların yaddaşında bir cür, müxalifətçilərin yaddaşında isə başqa cür qaldı C.Əliyev. Maraqlıdır, bəs qələm əhli onunla bağlı nə düşünür? Xatirələri necədir? Xüsusən parlament jurnalistləri C.Əliyev deyəndə yadlarına nə düşür? 
C.Əliyevin ən son məhkəməyə verdiyi redaktor – “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan dedi ki, mərhum deputatın Milli Məclisdəki hər çıxışı hadisə idi. Onun sözlərinə görə, C.Əliyev hər dəfə çıxış edəndə ölkə qarışırdı: “Belə deputatdan kim narazı qalardı? Jurnalist üçün maraqlı müsahib əvəzolunmaz nemətdir. Sakit oturan, ağzına su alan deputat jurnalist üçün heç bir maraq kəsb etmir. Bu baxımdan Cəlal Əliyev personası media əhli üçün hər zaman rəngarəng sima olub”.
“Yeni Müsavat” qəzetinin parlament yazarı Elşad Paşasoy deyir ki, C.Əliyevlə bağlı xatirələri çox da zəngin deyil. Müsahibimizin sözlərinə görə, C.Əliyev hər zaman parlament zalının ön tərəfində otururdu: “Arxa tərəfdən də gedib çıxırdı. Jurnalistlərlə birbaşa ünsiyyəti olmurdu. Bu da çox güman ki, onunla bağlı idi parlamentə gəldiyi vaxtlarda zala arxa qapıdan girərdi. İclas zalına girəndə sükut hakim olurdu. Xüsusən də çıxışları zamanı. Onun danışığı hadisəyə çevrilirdi. Sonrakı illərdə deputat seçilsə də, 2010-cu ildən sonra parlamentə gəlmədi. Cəlal Əliyevlə bağlı o yadındadır ki, 2010-cu ilin fevral çağırışında – Pənah Hüseyn qəzetimizin baş redaktorunun birinci müavini Azər Ayxanı müdafiə etmişdi. Çünki Cəlal Əliyev Azər Ayxanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi”.
 
Müstəqil jurnalist Azər Rəşidoğlu isə dedi ki, dünyasını dəyişən insan barədə pis danışmaq istəmir:“Kobudluğunu unutmaq olar. Ancaq elə bir addımlat atıb ki, bunu unutmaq olmur. Vəfat edib, Allahla üz-üzədir. Ona cavab verəcək. Bütün nöqsanları ilə yanaşı səmimi biri idi. Düşündüyünü dərhal deyirdi. Qarşılaşmışam, problemim də olub onunla bağlı. Amma kimi təhqir edibsə, bütün kəskinliyə baxmayaraq, sözlərində həqiqət payı da olub. Allahın hökmündədir artıq, bizə bir söz demək düşməz”.
Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud isə onunla bağlı cəmi bir nüansı xatırladığını dedi. Onun sözlərinə görə, bu, onun Mir Şahinlə bağlı çıxış etdiyi gündür: “Başqa heç bir vaxt heç bir halda görməmişəm. Nə həyatda, nə başqa yerdə. Xatirəm odur ki, heç bir xatirəm yoxdur”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın