Ana səhifə / Köşə Yazarları / Jurnalist “Akkord”u məhkəməyə verdi- keyfiyyətsiz mənzilə görə!

Jurnalist “Akkord”u məhkəməyə verdi- keyfiyyətsiz mənzilə görə!

“Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva “Akkord” Şirkətlər Qrupunu məhkəməyə verib. Səbəb iki il əvvəl şirkətdən aldığı mənzilin keyfiyyətsiz olması, yaranan çoxsaylı problemlər, həmçinin bununla bağlı şirkətə edilən müraciətlərə heç bir cavab verilməməsidir. “2014-cü ilin fevralında kreditlə aldığım mənzildə çox sayda və ciddi problemlər yaranıb. Dəfələrlə şirkət rəhbərliyinə bu barədə məlumat vermişəm, heç bir nəticəsi olmayıb, problemlər aradan qaldırılmayıb. 2014-cü ildə binaya qaz çəkiləcəyi bildirilsə də, evi iki il ərzində elektrikin hesabına qızdırmışam və qış aylarında büdcəmə xeyli təsir edib. Mənzil çox keyfiyyətsizdir, bunları detallı halda dəfələrlə şirkətə bildirsəm də, qulaqardına vurulub. Şirkətin quraşdırdığı mətbəx mebeli isə ötən ilin sentyabrında divardan qopub və nəticədə məişət əşyalarım sıradan çıxıb. Həmçinin sonradan bir neçə vəkilə bağladığımız müqaviləni göstərmişəm, alıcının xeyrinə bir bənd belə yoxdur. Bu, azmış kimi, şirkət mənə sonradan məcburi olaraq bankla müqavilə bağladıb və burada da çoxsaylı problemlər var. Dəfələrlə şirkətə müraciət edib problemlərin aradan qaldırılmasını xahiş etmişəm, heç birinə qulaq asılmayıb. Beləliklə, bir-bir məhkəməyə verməyi qərara aldım. Əvvəlcə mənzillə bağlı sənədlərimi tələb edirəm. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılacaq. Vəkilim hüquqşünas Əkrəm Həsənovdur. Sonra da yavaş-yavaş başqa problemləri mübahisələndirəcəm. Evin aylıq kreditini isə bir neçə aydır ki, ödəməkdən imtina etmişəm. Bu işdən sonra “Akkord”la bağlı bir neçə tələb üzrə məhkəməyə müraciət etməyi düşünürəm. Daha sonra da bankı məhkəməyə verəcəm. Məhkəmə bir dəfə iddiamı əsassız olaraq geri qaytarıb. İyun ayında ikinci dəfə müraciət etmişik”,- deyə jurnalist bildirib.
Qeyd edək ki, artıq “Akkord” alıcının krediti ödəməməsi səsəbindən mənzillə bağlı müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq göndərib. Vəkil Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, “Akkord”un bu məktubu əsassızdır: “”Akkord”un alqı-satqı müqaviləsinə xitam vermək hüququ yoxdur, çünki alqı-satqı artıq tam icra olunub. Yəni alıcı mənzili alıb, “Akkord” da tam pulunu. Düzdür, pulun bir hissəsi Beynəlxalq Bankın krediti hesabınadır. Amma bunun “Akkord”a aidiyyatı yoxdur. Kredit sırf bankla alıcı arasında olan məsələdir. “Akkord” zamin durubsa, banka ödədiyini alıcıdan tələb edə bilər, alıcının imkanı olsa, ödəyər, olmasa, ödəməz. Amma hər bir halda mənzili geri ala bilməz. Çünki yeganə yaşayış sahəsi toxunulmazdır”.
Ə.Həsənovun sözlərinə görə, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı da var: “Yəni borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır. Yəni borca görə əmlakı əlindən alına bilər. Bu zaman Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarında sadalanmış əmlak əlindən alına bilməz: məsələn: bir ev, mebel, paltar, uşaq ləvazimatı və sair. İndiki halda da alıcının mənzili girovda deyil, ola da bilməzdi. Çünki həmin vaxt Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmayıb, yəni kupçası yoxdur. Bank kredit müqaviləsinə xitam verə bilər, amma bunun mənzilə aidiyyatı yoxdur”. O, həmçinin məhkəmənin jurnalistin iddiasını təmin edəcəyinə inamını ifadə edib./musavat.com

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın