Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / İrəliyə bax, qoca!

İrəliyə bax, qoca!

O, o qədər fərasətli, ünsiyyətcil, qabiliyyətli, böyük-kiçik yeri bilən adamdır ki, günü bu gün bircə pencəyini götürüb bu ölkədən gedər (tutaq ki, Ukraynaya, Türkiyəyə, Rusiyaya), cəmi bir ildən sonra uğurlu iş adamı kimi hər şeyə sahib olar. Çünki hər yerdə ondan ötrü hər şeyi edəsi, yollarında zəhmət çəkdiyi çoxsaylı dostları var.

Ancaq həyatına real təhlükələr yarandığı hallarda belə o, bunu etmədi, mühacirət etmək, vətən dəyişmək fikrini yaxın qoymadı, “bu ölkənin türməsi də doğmadır” düşüncəsində oldu.

Bir dəfə ikilikdə söhbətimiz zamanı bu barədə danışırdıq, dedi ki, biz bu ölkədə Rauf Arifoğluyuq, Xalid Kazımlıyıq, qürbətdə kim olacağıq, sıradan biri, nə bizi tanıyan olacaq, nə sevən, nə nifrət edən, nə yazımıza, imzamıza hörmət qoyan… bura yaxşıdır.

Təxmin etdinizsə, söhbət “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğludan gedir.

İndi “media qrupu” dedikdə, bu, bəlkə kimlərəsə böyük, kimlərəsə kiçik bir şey kimi görünə bilər. Amma “Yeni Müsavat” adlı əllə yazılan “samizdat” qəzetin böyüyüb-böyüyüb media qrupuna çevrilməsi bu kişinin, eləcə də onun qələmdaşlarının gecəli-gündüzlü zəhməti bahasına olub.

30 il öncə o Tovuzdan Bakıya bir pencəyi ilə gəlmişdi. Entuziazmı, iddiası, yaradıcılıq eşqi yaşından qat-qat böyük idi.

30 il sonra dönüb geriyə baxanda, itirdiklərini, qazandıqlarını hesablayanda ortada gözə çox şey dəyir. İtkilərə baxsaq, nədir ki… türmədə keçən illər, seyrəlmiş saçlar, ağarmış saqqal… Qazanc isə qat-qat çoxdur: cəmiyyətdə mövqe, ölkədə şan-şöhrət, çoxsaylı dostlar, övladlara verilən yaxşı təhsil, sabit kollektiv, söz sahibi olmaq, kənd-kəsəyin, el-obanın problemlərini həll edə bilmək imkanı və sair və ilaxır…

Yoxsa bəziləri, necə deyərlər, qısqı bərk gələndə çamadanı qablayıb, baş götürüb ölkədən qaçdılar. Geriyə baxmadan. Ona güvənən insanları umsuq edərək…

Ancaq onda yol yoldaşlarını, dostları yarı yolda buraxmaq xasiyyəti yoxdur. Belə edə bilməmək üçün insana mane olan bir şey var – vicdan. Rauf Arifoğlu vicdanlıdır, dosta sadiqdir.

Bu günlərdə ağır əməliyyatdan çıxandan sonra doğma qardaşımın və Rauf Arifoğlunun adını çəkərək yazmışdım ki, ikisi də başımdan bir tük əskik olanda narahat olur, tədbirlər görürlər. Doğrudan da elədir. İkisinə də sonuna qədər güvənirəm. Bilirəm ki…

Rauf bəy mənə saysız-hesabsız yaxşılıqları dəymiş adamdır. Çoxu bəlkə də heç özünün yadında deyil. Amma onların içində elə yaxşılıqlar var ki, bizdən sonra nəvələr də unutmayacaq. Söhbət dar gündə dayaq durmaqdan gedir.
Bəzən mediada, siyasi kuluarlarda tanıyan-tanımayan bir çoxları sırf siyasi mövqeyinə görə onu tənqid edir, ağızlarına gələni yazırlar, hətta çox ifrata varırlar. Baxırsan ki, çoxu iftiradır. 20 il boyunca media məkanında birinci olmağın acı bədəlləri var, biri də bu cür iftiralara, haqsız hücumlara məruz qalmaqdır. Bu da onun nəsibidir.

İki yol var, ya yuvarlanıb dibə düşəcəksən, adını çəkən, yada salan olmayacaq, ya da həmişə ön planda, məclislərin başında olacaqsan, əvəzində adını hallandıracaqlar. Bir jurnalist üçün ən dəhşətlisi unudulmaqdır. Siyasətçi üçün də elədir, əslində. Ancaq yaxın tariximizdə belə bir hadisə olmuşdu, vəzifədən biabırçılıqla qovulmuş nazirlərdən biri ona müsahibə üçün zəng edən jurnalistə məhz belə demişdi: “Adımı çəkməyin, yazmayın, qoyun unudulum”.

Rauf Arifoğlu müstəqil mediamızın tarixində elə bir iz qoyub ki, unudulası deyil. Vaxtilə o, söz meydanında sinəsini qabağa verməsəydi, söz azadlığı uğrunda, tənqidi medianın boğulmaması naminə çarpışmasaydı, bunu gözə alıb türmələrdə yatmasaydı, əmin olun ki, bu gün ölkədə medianın sahib olduğu mövqe itirilmiş olacaqdı. Bu gün jurnalistlərə hörmət qoyurlarsa, mükafatlar, hədiyyələr verirlərsə, onlarla dost olmağa çalışırlarsa, mövqeləri ilə hesablaşırlarsa, bunlar vaxtilə ön səfində Rauf Arifoğlunun da olduğu mübarizənin nəticəsidir.

O bir tarixi dönəm və missiya idi, ağır, keşməkeşli günlərdi. İndi hər şey rəvandır. İndi irəliyə baxmaq zamanıdır.
Kollektivdə kiçik qardaşmız Azər Ayxan arada ikimizə də gah “hocalar” deyir, gah da “qocalar”. Hər ikisi xoşdur. İkisini də haqq etmişik. Ona görə də mən 52 yaşlı Rauf Arifoğlunun doğum günü münasibətilə yazdığım bu yazını məşhur romanın adını improvizə edərək bitirirəm: İrəliyə bax, qoca! Şair Səbahəddin Əli demişkən, görəcək günlər var daha… (əlbəttə ki, yaxşı günlər).

Xalid KAZIMLI

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …