Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Köşə Yazarları / Heydər Əliyev: “Pravda”ya nifrət edirəm!”

Heydər Əliyev: “Pravda”ya nifrət edirəm!”

…1992 – ci il oktyabrın 7 – si… Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” sənədli filmində əksini tapmış kadrlara baxdıqca həmin günü xatırlayıram…Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bizi həyətdə, pilləkənlərin üstündə salamlayır. Qrupun rəhbəri kimi, jurnalistləri bir – bir ona təqdim edirəm: Dağbəyi İsmayılov, Hidayət Elvüsal, İmamverdi İsmayılov, Mahir Süleymanov, İsmayıl Ömərov, Vahid Əzizov, Qulu Məhərrəmli, Rövşən Əliyev, Şəmsi Vəfadar,Telman Fərəcov, Emin Eminbəyli…Yusif Kərimovun, Əhməd İsayevin adlarını çəkməyə hazırlaşanda Heydər Əliyev gülümsünərək deyir:

– Yusifi Yazıçılar İttifaqının qurultayındakı çıxışından, Əhmədi isə “Kommunist”in müxbiri kimi, bölgələrə səfərlərimdən tanıyıram.- Sonra üzünü Araz Qurbanova tutur: – Sən də mənə çox tanış gəlirsən…Araz Ümummilli liderin səmimiyyətinə səmimiyyətlə cavab verir:- Yəqin boyum çox uzun olduğuna görə yadnızda qalmışam…

– Səni də Moskvadakı görüşümüzdən xatırlayıram. – Heydər Əliyevin bu sözlərindən qürur hissi keçirirəm.- Bəs qorxmadın, Naxçıvana gəldin, özü də tək gəlməmisən, gör nə qədər jurnalist gətirmisən. Bilirəm, Bakıda Naxçıvana gələnləri təqib edirlər, incidirlər, işdən çıxarırlar…
…Söhbətimizi Heydər Əliyevin iş otağında davam etdiririk. Stolun üstündə lampa yanır. Bu böyük insanın mehriban, eyni zamanda zəhmli çöhrəsi lampa işığında da möhtəşəm görünür…Tez – tez söhbətimiz yarımçıq qalır. Heydər Əliyev Süleyman Dəmirəllə, İran prezidenti Rəfsancani ilə danışır, sonra yenə üzünü bizə tutur:

– Bax, görürsünüz, Bakıdakı vəziyyət haqqında məlumatı xarici ölkə rəhbərlərindən alıram. Bakıdan heç telefonuma da cavab vermirlər…Bakıdan qəzet – jurnal da almırıq, Naxçıvana ara – bir “Səhər” qəzeti gəlir, vəssalam. Başqa qəzetlər Naxçıvanda baş verən hadisələri işıqlandırmırlar. Hətta göndərdiyimiz rəsmi materiallar da dərc olunmur…Camaat İranla Türkiyənin ümidinə qalıb, bunlar da Bakıda kreslo davası eləyirlər. Gündə Ermənistan prezidenti Levon Ter – Petrosyanla üç – dörd dəfə əlaqə saxlayıram. Mən burada vəziyyəti qaydaya salmağa çalışıram, onlar Bakıda ağılsız hərəkətlər edirlər. Naxçıvanda hər gün neçə igid övladımız şəhid olur. Nə vaxtadək analarımız, bacılarımız göz yaşı tökəcəklər?..

…Söhbət “Pravda” qəzetindən düşür. Mən deyirəm ki, görüşdə iştirak edən Telman Fərəcov həmin qəzetin təmsilçisidir. Heydər Əliyev üzünü Telmana tutur:

– Mən “Pravda” qəzetinə nifrət edirəm! Düzdür, əvvəllər o qəzeti sevmışəm, amma indi nifrət edirəm!..

Heydər Əliyev bu “nifrət edirəm” ifadəsini elə qəribə intonasiya ilə işlətdi ki, Teman Fərəcov qıpqırmızı qızardı. Bu, Ümummilli liderin diqqətindən yayınmadı. O, Telmanın könlünü almağa çalışdı:

– Dediklərim şəxsən sizə aid deyil, təmsil etdiyiniz qəzetə və rəhbərlərinizə aiddir, bunu onlara çatdırarsınız…”Pravda” mənimlə bağlı qarayaxma kampaniyası aparıb, çox böyük ədalətsizlik edib…
Biz Naxçıvana Heydər Əliyevə sual verməyə getmişdik, amma sualları o bizə verirdi…Dörd saatın necə gəlib – keçdiyini hiss eləmədik. Bu böyük insandan ayrılmaq da istəmirdik…Heydər Əliyev dəstəyi qaldırıb kiməsə zəng elədi:

– Şəmsəddin, salam, sən bir mənə de görüm, cəmi ikicə saatlığa Naxçıvanın işıqlarını yandıra bilərsən? Bir qrup jurnalist bizə qonaq gəlib. “Təbriz” mehmanxanasında gecələyib səhər tezdən Türkiyəyə yola düşəcəklər. Sonra, sən belə elə, jurnalist adamdılar, tapşır ki, sərhəddi keçəndə onlardan rüsum almasınlar…

Məlum oldu ki, Heydər Əliyev Naxçıvan Respublikasının baş naziri Şəmsəddin Xanbabayevlə danışır. Heydər Əliyev iki saatlığa işıqların yandırılmasını tapşırmışdı, Şəmsəddin müəllim elə şərait yaratdı ki, işıqlar dörd saat yandı. Biz sərhəddi keçənədək Heydər Əliyevin qayğısını hiss etdik…

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın