Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Həmişə vüqarlı Vüqar Rəhimzadə

Həmişə vüqarlı Vüqar Rəhimzadə

Azərbaycanın Əməkdar jurnalisti Vüqar Rəhimzadə Azərbaycan jurnalistikasında ona görə sayılıb seçilənlərdəndir ki, ömrü boyu sözə məsuliyyətlə yanaşıb, bu peşənin prinsiplərinə həmişə dəyər verib.

Vüqar Rəhimzadə yalnız işinə, ailəsinə, dostlarına deyil, həm də əqidəsinə çox sədaqətli insandır. Onun ictimai-siyasi fəaliyyəti isə ulu öndər Heydər Əliyevin parlaq ideyalarına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi kursuna sədaqətdən yoğrulub.

Mən dəfələrlə Vüqar Rəhimzadənin dövlətimizə, onun rəhbərinə qarşı ən çirkli təbliğat kampaniyasına qarşı sinəsini həm bir media işçisi, həm də vətənpərvər insan kimi sipər etdiyinin şahidi olmuşam. O bu yolda indi də usanmadan, qorxmadan davam edir. Yeri gələndə qətiyyətini, iradəsini otaya qoyur və həmişə də haqlı çıxır.

Vüqar Rəhimzadənin media aləmində sözünün çəkisi həmişə olub. Onun məhz söz sahibi olmasına haqq qazandıran obyektivliyi, insanlara və hadisələrə qərəzsiz münasibətidir. Haqlı bildiyi işi həmişə müdafiə edib. Haqlıya dəstək olub, kömək edib. Haqsızın isə haqqa doğru getməsinə yardımçı olmağa çalışıb.

Vüqar Rəhimzadə bir qəzetçi kimi həmişə faktlara, dəlillərə önəm verib. Faktın mötəbərliliyi, ictimai dəyəri onun rəhbərlik etdiyi «İki sahil» qəzetinin keyfiyyət standartıdır. Ona görə də «İki sahil»də oxucu heç vaxt dezinformasiyaya, qərəzli yazıya, yalançı, pafoslu vətənpərvərlik çağrışlarına rast gəlməyib və yəqin ki, bundan sonra da gəlməyəcək.

Vüqar Rəhimzadənin ən dəyərli keyfiyyətlərindən biri də onun yüksək təşkilatçılıq bacarığının olmasıdır. Başladığı işi vaxtında və qüsursuz sona çatdırmaq prinsipi onun sonrakı uğurlarına yol açır. Xüsusən, ictimaiyyətə çatdırdığı fikirləri yüz ölçüb-bir biçmək onun peşəkarlığının ən bariz nümunəsidir. Vüqar müəllimin qənaətinə görə, jurnalistin sözü xalqın inandığı, güvəndiyi söz olmalıdır.

Bu gün 50 yaşı tamam olan Vüqar Rəhimzadəyə media ictimaiyyətinin inamı qədər, dövlətimizin də inamı yüksəkdir. Məhz buna görədir ki, Vüqar Rəhimzadə möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin edilib. Fondun Müşahidə Şurasının sədr müavinidir. Eyni zamanda, 2012-ci ildə ölkə başçısının Sərəncamı ilə səmərəli ictimai-siyasi fəaliyyətinə görə 3-cü dərəcəli Vətənə Xidmətə görə medalı ilə təltif edilib. O Azərbaycan jurnalistlərinin qurultaylarında Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib.

Vüqar müəllim bu gün həm də Şuranın reket jurnalistikaya qarşı mübarizə kommisiyasının rəhbəri kimi qətiyyət tələb edən bir vəzifəni uğurla icra edir.

50 yaş insan ömrünün ən müdrik çağıdır və bu yaşda işgüzarlıq, səmimiyyət, eyni zamanda, Vətən və xalqsevərlik sözün həqiqi mənasında şərəfli ömrün daimi sakini olur. 50 yaş həm də insan ömrünün elə məqamıdır ki, oradan geriyə baxanda təəssüfləndiyin və qürür duyduğun günləri, ayları, illəri aydınca görə bilirsən.Təbii ki, bu gün ömrünün 50 ilini tamamlayan Vüqar Rəhimzadənin həyatında qürur duyduğu anları saysız-hesabsızdır.

Əməllər insan ömrünün mənəvi barometridir. Bu gün bu mənəvi barometrə görə Vüqar Rəhimzadə ən yaxşılara layiqdir. Eyni zamanda, 50 yaş ömrün zirvəyə istiqamətlənmiş yoludur. Ən uca zirvədə isə həmişə məğrurluq, ləyaqətli ömür qərar tutur. İnanırıq ki, Vüqar müəllim bu zirvəni fəth edənlərdən olacaqdır. Qoy bu yolda Vüqar müəllimin qarşısında daim yaşıl işıq yansın.

Elçin Zaman

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın