Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Eynulla Fətullayev: “Moskvada saxlanmağım Putinlə bağlıdır”

Eynulla Fətullayev: “Moskvada saxlanmağım Putinlə bağlıdır”

Oktyabr ayının 21-də Moskvada hava limanında saxlanılan azərbaycanlı jurnalist, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev ANS PRESS-in suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

-Eynulla müəllim, Rusiya Federasiyasına hansı məqsədlə getmişdiniz?

-Oktyabrın 21-22-də Moskvada keçiriləcək Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin, Olimpiyaçıların I Ümumdünya Forumunu işıqlandırmaq üçün Rusiya Federasiyasının Olimpiya Komitəsinin sədri Jukov tərəfindən dəvət edilmişdim. Haqqin.az saytında həmin tədbirin işıqlandırılmasını istəmişdilər. Elə ona görə də bu tədbiri işıqlandırmaq üçün özüm getmişdim.

-Moskvaya nə zaman getdiniz və orada nə baş verdi?

-Oktyabrın 20-də axşam reysi ilə Moskvaya gəldim və pasport nəzarəti məntəqəsini keçdikdən sonra gömrük işçiləri əlimdəki əşyaları gömrük monitorundan keçirməyimi istədilər. Mən də həmin əşyaları monitordan keçirdim. Bununla kifayətlənməyən gömrük əməkdaşları əşyalarımı axtarmağa başladılar. Onlar axtarışı çox ciddi şəkildə həyata keçirirdilər. Mən axtarışın nə ilə bağlı olduğunu soruşdum. Mənə səbəbini bir azdan biləcəyimi dedilər. Mən isə nəsə narahatçılıq olduğunu bildim və məni dəvət edən Rusiya Prezident Administrasiyası ilə əlaqə saxladım. Administrasiyadan bildirdilər ki, telefonun dəstəyini gömrük əməkdaşlarına verim. Onlar isə administrasiya əməkdaşları ilə danışmaqdan imtina etdilər.

Hadisə yerinə Jirinovskinin müavini də gəlmişdi. Hətta ona belə mənimlə görüşmək üçün icazə vermədilər. Müavinlə telefon əlaqəsi saxladım və bildirdi ki, Dumanın bir neçə əməkdaşları Gömrük Məntəqəsinin rəhbərinə zəng vururlar, lakin o, zənglərə cavab vermir. Nəhayət, 40 dəqiqədən sonra bildirdilər ki, sizin yükünüzün içərisində 190 qram narkotik vasitə olması barədə bizə şikayət daxil olub. Bütün bunlar ona görə baş verir.

-Baş verənlərlə bağlı kimə müraciət etdiniz?

-Daha sonra mən gömrükdən keçdim və orada olan Duma, Prezident Administrasiyasının əməkdaşlarına öz iradımı bildirdim. Onlar da öz növbəsində üzr istədilər və gömrük xidmətinin rəisinin işdən çıxarılacağını bildirdilər. Hətta bunun ermənilərin və ya xarici qüvvələrin təxribatı ola biləcəyini də dedilər. Amma mən tədbirdə iştirak etməkdən imtina etdim. Azərbaycanın Rusiyadakı səfirliyinin avtomobili ilə ölkəmizin səfirliyinə getdim. orada səfir Polad Bülbüloğlu ilə görüşdüm və məsələ barədə etirazımı bildirdim. Növbəti gün isə səfirliyimizin avtomobili və əməkdaşlarının müşayiəti ilə Azərbaycana qayıtdım.

-Sizin şəxsi fikrinizcə, bütün bu baş verənlərə səbəb nə idi? Sizə qarşı niyə belə bir addım atıldı?

-Mən hələlik heç bir nəticəyə gəlməmişəm. Mənə orada Rusiya vətəndaşı Mişenka Aleksandr adlı bir şəxsin 190 qram narkotik vasitə gətirməyim barədə Rusiya Gömrük İdarəsinə ünvanladığı məktubu göstərdilər. Bütün bunlar prezident Putinə qarşı təbliğatdır. Onun təşkil etdiyi tədbiri gözdən salmaq üçün belə bir addım atıldığını düşünürəm.

-Siz haqqınızda şikayət edən həmən şəxsi tanıyırsınız?

-Mən sadəcə bir Mişenka tanıyıram. O da Ukraynanın Azərbaycandakı səfiridir, başqa Mişenka tanımıram.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın