Ana səhifə / Köşə Yazarları / Erix Köstner. Kitabların tüstüsündə…

Erix Köstner. Kitabların tüstüsündə…

Məmməd Süleymanov


“Maşın əsri sənətin və müstəqilliyin üstündən tankla keçdi”  (Erix Köstner. “Mən balaca olanda”)

Bu əməllə bəşər övladları Henrix Heynenin “Əlmənsur” faciəsində öz qəhrəmanının dilinə “Harada kitabları yandırırlarsa, orada sonra insanları da yandıracaqlar” kəlmələrini yerləşdirdiyi vaxtlardan da çox-çox əvvəl məşğul olub. Kitab və əlyazmalar mövcud olduqlarından bəri mütəmadi olaraq tonqala çevrilib. Görünür, müvəqqəti təəccüb hissi yalnız 20-ci əsrdə yaranıb. O da ki, artıq keçib gedib, heyf ki. Kitabları da yandırırlar, insanları da…
273-cü ildə Roma imperatoru Avrelian indiki Misirdə İsgəndəriyyə kitabxanasını oda verir: kitabların yalnız bir hissəsi – Serapis məbədində saxlanılanlar xilas olur. Orta əsrlər Avropasında Parasels Roma həkimi Qalenin kitablarından tonqal qalayır. Eyni işi Martin Lüter və Florensiyada Savanarola təkrarlayır. 
20-ci əsrdə əvvəlcə 1933-cü ildə nasistlər “Alman ruhuna zidd olan” kitabları oda verir, Hitler uduzandan sonra isə denasifikasiya çərçivəsində nasist ədəbiyyatı tonqallara atılır. ABŞ-da Kurt Vonnequtun “5 nömrəli sallaqxana”sı yandırılır. Birmi, ikimi…
Özünü əsərləri məhv edilən müəllifin cildində təsəvvür etmək həm əzablı, həm də psixoloji cəhətdən maraqlı cəhddir. Vonnequt kitablarının yandırılmasının ağrısını bacardıqca göstərməməyə çalışaraq piromanlara ironik məktub yazır. Ona nisbətən asan idi – ətrafında tonqallara qarşı çıxan və yazıçıya dəstək olan çoxsaylı insanlar vardı. Bəs əgər müəllif öz kitablarından qalanan tonqalın işığında dayanıbsa, baş verənləri birbaşa hadisə yerində seyr edirsə, üstəlik də bilirsə ki, heç kəs onun müdafiəsinə qalxmayacaq, mənəvi dəstək olmayacaq, əksinə, təqib və ostrakiya qismətidirsə – onda necə?
Yalnız bir yazıçı var ki, kitabları külə dönən tonqalın düz yanında dayanıb olanları gözləri ilə izləyirdi. O, alman yazıçısı Erix Köstner idi.
***
Nasistlər Heyne ardıcıllığını məntiqi sonuna çatdırdılar: kitab yandırmaq onların “vegetarian dövrü” idi, ardınca kannibal dövr gəldi.
1933-cü il, mayın 10-da axşam saatlarında Berlinin Opera Meydanında (Operplats) on minlərlə kitab oda verildi. Nə qəribə ki, bu barbarlığın təşəbbüskarı heç də Göbbels və onun Təbliğat nazirliyi yox, Alman tələbə ittifaqı idi. Tələbələr “zərərli ədəbiyyat”ı toplayır, professor və müəllimləri də atəşfəşanlıqda iştiraka məcbur edirdilər. “Dekadansa və mənəvi çürüməyə son!” və “Müharibə qəhrəmanlarını təhqir edən cızma-qaraçılar rədd olsun!” şüarları qışqıraraq tonqalı gurlaşdıranlar heç də nasist funksionerləri yox, savadlı, təhsilli gənclik idi – paradoks da bundadır.
Bir çoxları baş verənlərə “tələbələrin zarafatı” kimi baxırdı. Bu səbəbdən də ölkənin intellektual elitası həyəcan təbili çalmadı. Hətta Almaniya hüdudlarından kənarda da baş verənləri “tələbələrin təşəbbüsünün ifrat təzahürü” kimi dəyərləndirdilər.
“Zərərli” kitabların “qara siyahı”sı tutulmuşdu. “Millət sübut etməlidir ki, həm daxildən, həm də zahirdən təmizlənib” – mayın 10-da tonqal qarşısında Göbbels isteriya içində qışqırırdı. “Təmizlənmə” od ilə aparılırdı.
Kimlər idi o “zərərli cızma-qaraçılar?” Remark və fon Osinski. Marks və Kautski. Heminquey və Maksim Qorki. Freyd və Brext. Henrix Mann və Alfred Deblin… Həyatda olan müəlliflərin az qala hamısı Almaniyadan kənarda idi, fon Ositski isə həbs düşərgəsindəydi (elə orada da vəfat edəcəkdi, ona verilən Nobel mükafatını isə nasistlər qəbul etməyəcəkdi). 
Həmin vaxt adı “qara siyahı”da olanlardan yalnız 1 nəfər Berlində idi – 34 yaşlı yazıçı Erix Köstner. Elə o da baş verənləri gözü ilə görmək üçün Opera Meydanına yollanır.
***
1899-cu ilin 23 fevralında Drezdendə dünyaya göz açan Erix Köstner uşaqlar üçün yazdığı kitablar və gündəlik siyasi mövzulara satirik şeirləri ilə tanınırdı. Onu “itirilmiş nəsl”in tipik nümayəndəsi saymaq olar: yoxsul valideynlər, yarıac uşaqlıq, maddi çətinliyə görə təhsili davam etdirə bilməməsi, 1-ci Dünya müharibəsində iştirak… Sonra bədnam “Versal sülhü” və məhrumiyyətlərlə dolu, uduzmuş, təhqir olunmuş Almaniyada universitet təhsili (Leypsiq universiteti), jurnalist və teatr tənqidçisi, ssenarist fəaliyyəti, uşaqlar üçün ilk əsərlər.
Artıq 1920-ci illərin sonlarında Köstner Almaniyada məşhur uşaq yazıçısıdır. Onun “Emil və detektivlər”, “Uçan sinif otağı”, “Emil və 3 əkiz” kitabları yüksək tirajlarla çap olunur. Evdə yox, kafedə oturub yazmağa vərdiş edən Köstnerin qələmindən 1931-ci ildə “Fabian” romanı çıxır – bu isə artıq siyasət idi. Onun uşaq kitabları da əslində böyüklər üçündü – Sent-Ekzüperi özünün “Balaca Şahzadə”sini necə hamı üçün yazmışdısa, Köstner də uşaqların dili ilə böyükləri hədəf götürmüşdü. Sonralar, 1957-ci ildə o, avtobioqrafik “Mən balaca olanda” romanını “8 yaşdan 80 yaşa qədər olanlar üçün” sözləri ilə müşayiət edəcəkdi.
Bu, qəribə görünür – niyə Köstnerin kitabları tonqala atılanların “qara siyahı”sına salınmışdı? Bu acı fəxarətə o, nəyə görə “layiq görülmüşdü”? Əlbəttə, Köstner antifaşist idi, siyasi satiralar müəllifi idi, ancaq Remark, yaxud fon Ositskidən fərqli olaraq əsasən uşaqlar üçün yazırdı və heç vaxt da kommunistlərə simpatiyasını ifadə etməmişdi. Və mayın 10-da onun kitabları Henrix Mannın kitabları ilə bir bağlamada oda atılmışdı. Həmin axşam hər müəllifin niyə bu obstruksiyaya məruz qaldığını izah edən şüarlar da qışqırılırdı. Məsələn, Köstner və Henrix Mann üçün deyilirdi: “Qayda-qanun dövlətinə – nümunəvi ailə! Mən Mannın, Qlezerin və Köstnerin əsərlərini alova verirəm!”
Görünən odur ki, nasistlərin xoşuna Köstnerin məhz uşaqlar üçün yazdığı əsərlər gəlməmişdi.

***
1933-cü ilin yanvarında Almaniyada Hitler hakimiyyətə yiyələnəndə, Köstner İsveçrədə istirahətdə idi. O, dərhal qayıtmaq qərarına gəlir və bununla dost-tanışlarını təəccübləndirir. Onun pasifist və antifaşist baxışları ümumməlum idi və dostları fikrindən daşındırmağa çalışırlar. Xeyri olmur.
Sonralar Köstner bioqrafiyasında yazacaqdı: “Mən şahid olmaq üçün döndüm. Mən Almaniyada böyümüş ağacam və burada da qurumağa hazıram”. Digər səbəb də vardı – anasını tək qoymaq istəmirdi. Üstəlik, ona elə gəlirdi ki, bu dəhşətli psixoz uzun sürməyəcək.
Mayın 10-da baş verənləri isə o, “Kitabların yandırılması haqqında” essesində təsvir edəcəkdi: “Mən hər tərəfdən hücumçu qrupların formasında olan tələbələrin əhatəsində, universitetin önündə dayanmışdım. Alovun dillərinin kitablarımızın üz qabığını necə yaladığına baxır, yalançıların ədəbsiz tiradalarını dinləyirdim. Şəhərin üzərindən matəm küləyi əsirdi. Birdən ciyiltili qadın qışqırığı eşitdim: “Baxın, bu, Köstnerin özüdür!” Bu, öz kəşfindən isteriya həddinə çatan gənc kabare artistinin səsi idi”. 
Bu dəfə təhlükə sovuşur – heç kəs Köstnerə əl qaldırmır, onu linç etmir. Ancaq tezliklə onu gestapoya çağırırlar. Gestapoda onu istehza ilə qarşılayırlar: “Bu da Emil və onun xəfiyyələri!” Ondan xaricdə nəşr olunan şeirləri barədə soruşurlar. Yenə də sonluq qənaətbəxş olur, ancaq növbəti ildə Köstner “arzuolunmaz və siyasi etibarsız element” elan olunur, ona ədəbi fəaliyyətlə məşğul olmaq qadağası qoyulur.
Kitabların yandırılması haqda Köstner öz essesində yazır: “Mənim həyatımda daha dəhşətli və daha öldürücü hadisələr olub, ancaq bundan əclaf hadisə olmayıb… Bu metodlarla kitabları yox, xalqı məhv etmək olar. Kitablar təbii ölümlə ölürlər. Onlar vaxtı çatanda məhv olurlar. Kitabları yandırmaq mümkün deyil – biz artıq bunu bilirik”.
***
Və təcrid illəri başlayır. Yazmağına qadağa qoyulmuş yazıçı öz tənhalığını “Özümə məktublar”ında ifadə edir. Orada bu sətirlər də var:
“Sən nə vaxtsa kitablar yazırdan və inanırdın ki, uşaqlar da, böyüklər də bu əsərlərdən nəyin yaxşı ya pis, nəyin gözəl ya eybəcər, nəyin gülməli ya kədərli olduğunu öyrənəcək. Sən fayda vermək istəyirdin. Bu, bir səhv idi və indi həmin inam kinayəli gülüş doğurur. Sən o adama bənzəyirsən ki, balığı sahilə çıxmaq, qaçmağı öyrənmək və quruda yaşamağın üstünlüklərinə inandırmaq üçün dilə tutursan”.
Köstnerin pessimizmi ona əsərlərinin unudulacağı qorxusunu təlqin edirdi. Yalnız müharibə bitəndən sonra o, öyrənir: bütün bu illərdə qadağalara baxmayaraq, onun yazdıqları əldən ələ gəzməkdə davam edirmiş. Onun şeirlərini Varşava gettosunda olanlar köçürüb oxuyur, hətta kazarmalarda əsgərlər Köstnerin “Qardaş məzarlığından səslər” şeirini əzbər bilirdilər.
Köstner Almaniyanı sona qədər tərk etmədi, dəfələrlə gestapoya aparıldı, təzyiqlərə məruz qaldı, hətta təhlükələrdən yayınmağı öyrəndi. Berlində həbs dalğası güclənəndə Drezdenə köçdü, Drezdendə buludlar qatılaşanda Leyptsiqə yollandı. Müharibənin son aylarında isə Tirola getdi və bu da onu Berlinin çöküşü zamanı xilas etmiş oldu.
Nasizmin süqutundan sonra Erix Köstner Münhendə məskunlaşdı, illər boyu Qərbi Almaniya Pen-klubunun prezidenti oldu. Əsərlərində nasizmlə hesablaşmağın gələcək üçün çox önəmli olduğunu qabartdı. “Mən balaca olanda” romanında yazdı: “Gələcəkdə xalqları yox, hökumətləri cəzalandırın. Həm də sonradan yox, təcili! Bunu söyləmək etməkdən asandır? Xeyr. Bunu etmək asandır”
Yazıçı 1974-cü ildə, 75 yaşında vəfat etdi. “Kitabları yandırmaq mümkün deyil – biz artıq bunu bilirik” – o, bu həqiqətə nəinki özü inandı, həm də başqalarını inandıra bildi…

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …