Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / Elmar Hüseynovun bacısı: “40 gün oldu 11 il, hanı qatillər?

Elmar Hüseynovun bacısı: “40 gün oldu 11 il, hanı qatillər?

Esmira Hüseynova Akif Çovdarovun həbsi ilə qardaşının qətlinin açılacağına inanmır

Bugünlərdə MTN generalı Akif Çovdarovun həbsi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli mövzusunu yenidən gündəmə gətirdi. Jurnalın eks-əməkdaşı, hazırda haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev bu qətldə Akif Çovdarovun rolu olduğunu bir daha xatırlatdı. Baş redaktor bunu öz məhkəməsində də detallı danışmışdı.

“Yeni Müsavat” isə bu gəlişmənin ardınca E.Hüseynovun ailə üzvlərindən yeganə mümkün müsahiblə, bacısı Esmira Hüseynova ilə danışdı. Atasının dünyasını dəyişməsi, həyat yoldaşının isə Norveçə mühacirət edəndən sonra media ilə bütün əlaqələri kəsməsi bizi bacısı ilə bu qətlin istintaqı, son gəlişmələrdən sonra qətlin üstünün açılacağına artan ümidlər barədə danışmağa sövq etdi.

– Esmira xanım, öncə son olaylardan başlayaq. Akif Çovdarovun həbsindən sonra mediada Elmar Hüseynov mövzusu da yenidən aktuallaşıb.

– Mənim heç xəbərim də yox idi. Evdar qadınam, işdən də çıxmışam. Ümumiyyətlə, siyasətlə maraqlanmıram. Siz deyəndən sonra xəbərim oldu.

– İndi mediada və sosial şəbəkələrdə əsas yayılan fikir bu şəxsin tutulmasından sonra Elmar Hüseynovun qətlinin açılacağıdır. Çünki hələ məhkəməsində “Monitor” jurnalının əməkdaşı olmuş Eynulla Fətullayev bu qətldə Akif Çovdarovun əli olduğunu demişdi. Sizdə necə, qətlin açılacağı ilə bağlı ümidlər varmı?

– Xeyr, yoxdur. Azərbaycanda bu, mümkündürmü? İnanmıram, ümidim də yoxdur. Çünki bura Azərbaycandır.

– Hansı halda qətlin üstünün açılacağına inanırsız?

– Bura Avropa, Amerika olsaydı, bəlkə də ümidim olardı. Öz adımdan bu 10 ildə heç vaxt ümidim də olmayıb.

– Rəhmətlik atanız həmişə inanırdı ki, Elmarın qatilləri və bu qətlin sifarişçiləri tapılacaq.

– Bəli, o deyirdi ki, mənə söz verilib. Ona qətldən sonrakı günlərdə 40 mərasiminə qədər bunun üstünün açılacağı deyilmişdi. 40 gün oldu 11 il. Hanı qatillər?

– Elmarın atası rəhmətə gedib, xanımı ölkədə yoxdur. Ailəsi adına ancaq siz və qardaşınız qalmısız. Baş verən son gəlişmələrdən sonra ailə adından yenidən qətlin açılması üçün dövlət başçısına, istintaq orqanlarına, elə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edə bilərsizmi?

– Xeyr. Axı bayaq da dedim. Açılan olsaydı, bu 11 ildə açılardı. Bu, kiminsə vəzifədə olmasına, ya da çıxarılmasına görə deyil ki. Nə mənası var? Hakimiyyət dəyişməyib axı. Əsas budur. Nə bilim, bəlkə kimdəsə nəsə ümid yaranır, amma məndə yox.

– Elmarın Norveçdə yaşayan xanımı Ruşaniyyə Hüseynovadan, oğlu Aslandan xəbəriniz varmı? Əlaqə yaradırlarmı?

– Yox, Ruşaniyyə ölkəni tərk edən gündən bizimlə heç bir əlaqə saxlamayıb. Biz heç bilmirik ki, Aslan indi necədir, nə boydadır, necə böyüyür. Anası bizimlə bütün əlaqələri kəsib, tamamən məlumatsızıq. Amma hərdən Ruşaniyyəgil tərəfdən eşidirik ki, uşaq məktəbə gedir, özü də çox yaxşı oxuyur. Anası isə işə girib və işləyir. Bundan başqa heç bir məlumatımız yoxdur. Amma mənim bildiyimə görə, Ruşaniyyənin anası, atası, bacı-qardaşı bir neçə dəfə Norveçdə olublar və Aslanı görə biliblər. Bizimlə isə bütün kontaktları kəsdiyi üçün heç bilmirik ki, Elmarın yadigarı necədir, necə böyüyüb, kimə oxşayır. Bizə də maraqlıdır ki, ona atası ilə bağlı danışılıbmı, bilirmi ki, atası necə jurnalist olub, necə öldürülüb. Ən böyük arzularımdan biri 12 yaşına çatmış qardaşım oğlu Aslanı görə bilməkdir. İnşallah, xaraktercə atasına bənzəyər. İnanmaq istəyirəm ki, əvvəl-axır bizi soruşacaq, atasının qəbrini ziyarət edəcək, gəlib hamını görəcək.

– Aslanın heç şəklini də görməmisiz? Yadınızda ancaq burdan gedəndə, körpə vaxtı olduğu kimi qalıb?

– Şəkli bizdə var. 3-4 yaşı var o şəkli çəkdirəndə. Bir dəfə atama vermişdilər onun şəklini. Ondan sonra nə bir əlaqə, nə bir kontakt. Biz onunla heç danışmamışıq, siz inanırsız? Bilmirik ki, qardaşımın uşağının səsi, üzü-gözü necədir, necə danışır…

– Yadımdadır ki, mərhum Sabir kişi nəvəsi üçün bank hesabı açdığını və hər ay ora pul köçürdüyünü deyirdi. “18 yaşına çatsın, o puldan istifadə edəcək”- müsahibəsindəki bu sözlərini xatırlayıram.

““Elmar deyirdi ki, mühacirətə getsəm, orda mənə ikinci sort insan kimi baxacaqlar”

– Atam o pulu göndərmişdi ona. Aslanın adına açdığı bank hesabını bağladı, o pulu da, aldığı hədiyyələri də burdan gedən bir azərbaycanlı vasitəsilə ona göndərdi. 1000 dollara yaxın pul idi, səhv etmirəmsə. Dollar yığırdı atam o vaxt. O pulu göndərəndə Aslanın 5 yaşı olardı. Atam dedi ki, Ruşaniyyə bizimlə heç bir əlaqə saxlamırsa, o pulu nəyə yığıb saxlayım? Bankda hesabı bağladı. Jurnalistlərdən kimsə gedirdi, səhv etmirəmsə. Onlarla yolladı həmin pulu.

– Sizin yolunuz nə zamansa Norveçə düşə bilərmi? Bütün hallarda qardaşınızın yeganə övladını görmək istəyərsiz yəqin.

– Mən istəyərəm, amma inanmıram ki, anası buna imkan versin. Heç bir əlaqə yoxdur, inanırsız? İstəsəydi, skaypla tapardı. Mən onu nə qədər skaypla axtardım, amma tapa bilmədim. Bütün sosial şəbəkələrdə də axtardım. İstəyirdim heç olmasa qardaşımın uşağını görə bilim. Necə böyüyür. Nə özünü, nə də ailə üzvlərini sosial şəbəkədə tapa bilmədim. Nəyə görə belə etdiyini isə bilmirəm. Çünki bu insanın hərəkətlərini anlamıram. İlk gündən həm də.

– Elmarın qəbrini tez-tez ziyarət edirsiz?

– Əlbəttə. Ziyarət də edirik, onun da, atamın da qəbrinə nəzarət edirik. Bilirsiz, atamla onun qəbri yanaşıdır. Mən adətən səhərlər gedirəm. Uşaqlarım balacadır deyə, bir az işlərimi məhdudlaşdırmışam. Yoldaşım hər ay gedir, ora nəzarət edən adama pul ödəyir ki, qəbirlərə baxsın.

– Evinizdə Elmar Hüseynova aid bir guşə varmı?

– Var təbii ki. Onun fotoları, yazıları, jurnalları. Amma bunlar bizə özəldir. Bunun mətbuata çıxarılmasını istəmirik. Qardaşımın xatirəsini ataram heç? Özü də o cür qardaşın. O gün yoldaşımla danışanda dedim ki, pis qardaş olsaydı, deyərdim ki, dərd itir gedir, silinir yaddaşdan. Amma mənim anam da Elmar kimi idi. Hamıya yaxşılıq edən, gözəl insan idi. Demirəm ki, mələk idi. Bu dünyada heç kim mələk deyil. Amma təmiz insanlar idi. Onlar pisliyi başa düşmürdülər ki, necə olar, kimsə pislik etsin bilərəkdən? Elmar özü o qədər təmiz idi ki, insanları tanımırdı. O elə hamını öz arşını ilə ölçürdü. Ağlına da gəlmirdi ki, kimsə qəsdən pislik edə bilər. Ona görə də anam da, qardaşım da heç yadımdan çıxmır.

– Müsahibələrinizdən birində oxumuşdum ki, qardaşınızın yazılarına görə hər zaman qorxmusuz.

– Bəli, həmişə oxuyurdum və qorxurdum. Amma məndən də çox anam qorxurdu. Bir dəfə müsahibəmdə də demişəm ki, anam onu lap çox istəyirdi. Yaxşı ki, ölümünü görmədi. Araları bir il bir ay çəkdi. Həmişə deyirdi ki, tərk elə Azərbaycanı, çıx get bu ölkədən, burda yaşama. Demirdi yazma, deyirdi, köç burdan, sənə yazmağa, əməlli-başlı yaşamağa imkan verməyəcəklər. O da deyirdi ki, mən sizi ata bilmirəm. Həm də deyirdi ki, hara köçsəm, orda ikinci sort olacağam, immiqrant kimi. “Orda özümü birinci sort adam kimi hiss edə bilməyəcəyəm. Orda özüm kimi ola bilməyəcəm, orda ancaq nəvələrim özlərini doğma hiss edə bilərlər” deyirdi. Ruşaniyyə xanım isə həmişə köçmək istəyirdi. Həmişə Elmara deyirdi ki, köçək. Bir dəfə Elmar əsəbiləşib dedi ki, ancaq meyitimin üstündən keçib gedərsən. Elə bil hiss edirdi hər şeyi.

Sevinc TELMANQIZI

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın