Ana səhifə / Köşə Yazarları / Elçin Şıxlinski: “Rus dilinə meylin artmasının bir səbəbi məktəblərdə dərslərin səviyyəsi ilə bağlıdır”

Elçin Şıxlinski: “Rus dilinə meylin artmasının bir səbəbi məktəblərdə dərslərin səviyyəsi ilə bağlıdır”

“Rus dilinə meylin artmasının bir səbəbi də məktəblərimizdə dərslərin, müəllimlərin səviyyəsi ilə bağlıdır”.

Bunu Sherg.az-a son vaxtlar rus dilinə meylin artması ilə bağlı danışarkən tanınmış jurnalist, “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.

Bakını nəzərdə tutduğunu diqqətə çatdıran E. Şıxlı rayonlarda belə problemin olduğunu düşünmədiyini bildirib: “Tərbiyə, dünya görüşü nöqteyi-nəzərdən valideynlər uşaqlarını dünyaya daha çox açılmış, gözüaçıq görmək istəyirlər. Əslində rus dilini, yaxud başqa dilləri bilmək təbii ki, mənfi hal deyil. Lakin ana dilini ilk növbədə bilmək vacibdir. Əvvəl gərək öz dilini biləsən, bundan sonra dünya dillərini öyrənəsən. Məsələn, internetdə eyni mövzunu həm azərbaycanca, həm də rusca yazın. Rus dilində materialların daha çox olduğunu müşahidə edəcəksiniz. Azərbaycan dilində isə təxminən yarısı ola, olmaya. Problem bundan ibarətdir. Biz qloballaşan dünyada, informasiya dövründə yaşadığımıza görə, xarici dil bilməyimiz vacibdir.

İnsanların bir qismində rus dilinə meyl ola bilər. İlk növbədə gərək insan özü-özünə, dövlətinə hörmət etsin və öz mənliyini ayaqlar altına atmasın. Mən öz dilimi qoyub, başqa dilə üstünlük verə bilmərəm. Öz dilimi bildikdən sonra digər dilləri mütləq öyrənməliyəm. Əsas məsələ odur ki, özüm özümə hörmət qoy bilim”.

Gənc nəsil arasında rus dilini bilənlərin az olduğunu qeyd edən E.Şıxlı son illər rus dilinə meyllilik fikrinin haradan yarandığı müəmmalıdır: “Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bir-iki dəfə fikir bildirib. Rus dilinə meylin artımı barədə hökm yürütmək bir qədər düzgün deyil. Hər halda elmi ədəbiyyatın bir çoxunu, internetdə olan informasiyaların əksəriyyətini Azərbaycan dilində tapmaq çətindir. Bunun üçün rus, ingilis, digər xarici dilləri bilmək lazımdır. İrəli getmək, bilikli olmaq üçün mütləq nə isə etmək lazımdır. Təəssüf ki, bu nöqteyi-nəzərdən nə özümüzə hörmət qoyuruq, nə də təhsil, dünyaya açılmaq istiqamətində lazımi işlər görmüşük, gecikmişik. Bu da həm mədəni, həm elmi, müəllimlərin, təhsilin keyfiyyəti baxımından rus dilinə meylin yaranmasının səbəblərindən biridir”.

E.Şıxlının fikrincə, övladlarını rus dilli məktəblərdə oxutmaq istəyən valideynlər ilk baxışdan onların daha savadlı, dünya görüşlü olacağını düşünürlər:

“Əslində bu, belə deyil. Məsələn, mən Azərbaycan dilində olan məktəbi bitirmişəm. O zaman ölkədə vəziyyət fərqli idi. Hətta bir misal deyim: bizim evdə telefona cavab verdikdə “alo” deyən yox idi, hamı “bəli” deyirdi. Ona görə, bu məsələlər ailədən də irəli gəlir. Uşağın tərbiyəli, gözü açıq, inamlı şəkildə böyüməsi üçün bağça və məktəbin rolu ailənin rolundan heç vaxt üstün ola bilməz. Əgər övladımızda bu cür keyfiyyətlərin olmasını istəyirsənsə, ailədə özünü elə aparmalısan. Uşaq valideynə baxar və onun tökdüyünü döşürər. Valideyn özü-özünə əmin deyilsə, məsuliyyətini bağça və ya məktəbin üzərinə atmaq istəyirsə, onda bu, milli faciədir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın