Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / Dövlət qurumlarından informasiya almaq çətinliyi – Jurnalistlər danışır

Dövlət qurumlarından informasiya almaq çətinliyi – Jurnalistlər danışır

Azərbaycanda jurnalistlərin informatik yazı hazırlayarkən çəkdikləri əziyyət bütün media əhlinə tanışdır. İnformasiya mənbələri, məmurlar bəzən “obyektiv” səbəblərdən sorğumuza cavab vermirsə, bəzən bu, sadəcə olaraq, mətbuata sayğısızlıqdan və ya qeyri-peşəkarlıqdan irəli gəlir. Jurnalistlər saatlarla, günlərlə vaxt itirir, əsəbləri, enerjiləri boş yerə sərf olunur. Halbuki qanunvericilikdə jurnalist sorğularını cavablandımamağa görə cəza tətbiqini mümkün edən qanunlar mövcuddur.

Üstəlik, bu ilin mart ayından qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə dəyişikliklərdən sonra qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq edilə bilər. Həmin maddənin ikinci hissəində isə qeyd edilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Bəs jurnalistlər necə düşünür? Qanuna edilmiş bu dəyişiklikdən sonra informasiya əldə edilməsi sahəsində vəziyyət dəyişibmi?

“Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalı deyib ki, bu dəyişikliyin qüvvəyə minməsindən sonra elə bir ciddi dəyişiklik hiss etməyib: “Göndərdiyim sorğulara cavab almamışam və onların cavablandırılmamasına görə xüsusi canfəşanlıq etməmişəm. Düzdür, Ombudsman Aparatına şikayət etmişəm, amma cavab verməyənlərə qarşı hansısa inzibati sanksiyanın tətbiq olunması ilə bağlı addım atmamışam”.

Hafiz Babalı deyir ki, əslində, məhkəməyə müraciət edən jurnalistin hansısa nəticə əldə edəcəyini düşünür: “Amma jurnalistin işi bu olmalı deyil. Biz informasiya əldə etmək və onun yayılması üçün çalışırıq. Sorğunu cavablandırmayan məmurun cəzalandırılması mənim qarşımda duran məqsədlər içərisində yoxdur. Mən bundan ciddi bir nəticə gözləmirəm. Yəni “hansısa məmur cəzalansa, vəziyyət dəyişəcək” deyə düşünmürəm”.

H.Babalı çıxış yolu kimi bu işin Ombudsman Aparatına həvalə olunmasını görür: “Ombudsman Aparatı bu vəzifəni öz üzərinə götürsə yaxşı olar. Jurnalist lazım olan məlumatı, sənədləri aparata göndərə bilər, Ombudsman Aparatı jurnalistin əvəzindən çıxış edib, onun hüququnu bərpa etdirə bilər”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli də vəziyyətin dəyişmədiyi qənaətindədir: Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzaların qüvvəyə minməsi heç nəyi dəyişməyib. Demək olar ki, əksər dövlət və özəl qurumların mətbuat xidmətləri iş metodlarını əvvəlki qaydada davam etdirilər. Düzdür, bəzi təşkilatlarda media üzrə cavabdeh şəxslər müəyyən edildikdən sonra vəziyyət bir az düzəlmişdi. Ancaq getdikcə bu məsələ də arxa plana keçdi. Məsələ orasındadır ki, mətbuat xidmətləri şəxsən tanımadıqları jurnalistə məlumat verməkdən çəkinirlər. Buna səbəb təmsil etdikləri qurum barədə hansısa neqativ fikrin yaranma ehtimalıdır. Odur ki, jurnalistləri “yola verməyə” çalışırlar. Ümumi görüntü ondan ibarətdir ki, hansı təşkilatda media üzrə cavabdeh şəxs jurnalistdirsə, informasiya almaq elə də çətin olmur”.

Alim Hüseynli bildirib ki, bunu şəxsi təcrübəsinə əsaslanaraq deyir: “Məsələn, mənim daim işlədiyim təşkilat və şəxslərlə heç bir problemim yoxdur. Digər sahələrdə isə informasiya almaqda çətinlik çəkirəm. Çıxış yolu kimi rəsmi sorğunun göndərilməsidir ki, bu da uzun zaman tələb edir”.

Bununla belə, A. Hüseynli sözügedən qanunun qüvvəyə minməsinin jurnalistlərin işini yüngülləşdirdiyi qənaətindədir: “Hər halda bu qanun media üzrə cavabdeh şəxslərin öz məsuliyyətlərini dərk etməsinə kömək edir”.“Modern.az” saytının əməkdaşı Gülşən Raufqızı deyir ki, bu qanunun qəbul olunması özü-özlüyündə təqdirəlayiqdir: “Amma təəssüf ki, bizdə qəbul edilən əksər qanunlar kimi bu maddə də yalnız kağız üzərindədir. Özlərini təmsil etdikləri qurumun ağası zənn edən mətbuat katibləri onlara sərf edən sorğunu istəyəndə cavablandırır, “sərf etməyən” sual olanda isə bəzən çəkinmədən telefonlarını üzümüzə qapadırlar. Elektron poçtlarına göndərilən vacib sorğular aylarla cavablandırılmır”.

Bununla belə jurnalist hər hansı bir məmuru ona informasiya vermədiyinə görə məhkəməyə verməyi planlaşdırmır: “Düşünürəm ki, bu effektiv addım deyil”.

“Ölkə.az” saytından jurnalist Səxavət Məmməd də həmkarları kimi dövlət qurumlarından informasiya almaqda çətinlik çəkir: “Açığı, qanun qüvvəyə minəndə sevindim. Ancaq heç nə dəyişmədi. Necə deyərlər, köhnə hamam, köhnə tas. Bir çox dövlət qurumlarının mətbuat xidmətləri var ki, zəng edib əldə etdiyimiz məlumatı ya dəqiqləşdirmək, ya da həmin məlumatla bağlı münasibət öyrənmək istəyəndə, deyirlər, elektron ünvanımıza sorğu göndərin. Göndərdiyimiz sorğulara da çox zaman ya cavab ala bilmirik, ya da cavab bir neçə gündən sonra gəldiyi üçün xəbər əhəmiyyətini itirir”.

S.Məmməd bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin jurnalistlərlə həmkar yanaşması göstərmədiyini deyir: “Onların əksəriyyəti media sahəsindən gəlmiş şəxslərdir. Özləri də jurnalist kimi çalışanda bu cür çətinliklə qarşılaşsalar da, vəzifəyə keçdikdən sonra tamamilə dəyişirlər”.

Qaynarinfo.Az

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın