Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / CƏMİYYƏTİMİZİN PALİTRASI

CƏMİYYƏTİMİZİN PALİTRASI

İndi yazmalı, danışmalı olan adamlar yazmır, danışmır. Buna görə onlara ziyalı yox ziyanlı deyirlər. Vəziyyət çox mürəkkəb və ziddiyyətlidir. Səbəb-nəticə dusturunun tətbiqi ilə prosesləri təhlil edib çıxış yollarını müəyyənləşdirmək çətinləşib. Ziyanlının da öz arqumenti var: ziyalının olması üçün cəmiyyətin nə dəstəyi oldu ki?

Görünən odur ki, indi heç yazmağın da bir faydası qalmayıb, bəlkə ona görə yazmırlar. Çünki heç oxuyan, oxuyub təhlil edən, təhlil edib nəticə çıxaran yoxdur. Heç kim bu cür ağır işlərlə özünü yormaq istəmir. Hamının başı pul uğrunda yarışa qarışıb. Məntiqi nəyə imkan verirsə o cür də şərh verir və hərəkət edir. Araşdırmağa, təhlil edib nəticə çıxarmağa nə həvəsi nə də ki, vaxtı var.

İnsanlarımız fərdi mənada ifrat ağıllıdır. İndi ədalətə təşnə olmalı olan 20 yaşlı gənc 70 yaşlı qoca qədər “müdriklik” nümayiş etdirir. İctimai fədakarlıq axmaqlıq kimi izah olunur. Ziyanlılar pusquda dayanıb: səhəri o ümidlə açırlar ki, görüm kim yazacaq, kim danışacaq. Onu gözləyir. Ona dəstək olmaq üçün yox, öz ürəyindən keçənlərin yazıldığını, deyildiyini görmək, sonra da ona irad tutub, “ağıllı” olduğunu göstərmək üçün. Bəzən isə ey hey gözləyir görüm kim fədəkarlıq edəcək. Onu isə heç kim eləmir. Çünki hamı ifrat “ağıllı”dır, öz mənafeyini ondan bunu gözləyəndən də yaxşı güdür. Sosioloqlar bu cür vəziyyəti millətləşmənin getməməsi ilə izah edirlər.

Nazir qanunu öz ayaqları altında elə möhkəm tapdalayır ki, “nazik” insanlar onun idarəsində işləyə bilmir. O milyonları cibinə sovurur, digərləri isə çörəkpulu haqında fikirləşir, 190 manatı almaq üçün əlləşir. Ziyanlılar da bu vəziyyətə susur, qorxur birdən nəsə yazsa oğlunun, nəvəsinin karyerasına zərər gələr. Həyasızlar isə “gözəl” şərhlər verir.

Və beləcə illərimiz və nəhayət ömrümüz keçir. Bir tərəfdən dəbdəbəli imarətləri, bahalı maşınları, milyonları ilə harın həyat tərzi keçirən məmurlar, digər tərəfdən isə məzlum, hüquqsuz, müdafiəsiz, ömrünü yola vermək üçün yaşamağa məhkum edilənlərin olduğu cəmiyyəti seyr etməklə. Ey insan ağzını açıb nəsə demə birdən karyerana ziyan gələr. Sus!

Harın məmur iş başındadır. Onun küt davranışına, haqsızlıqlarına işçiləri susur. İşdən çıxardığı ziyanlılar isə baxmayaraq o məni işdən çıxardı gördüz mən heç səsimi də çıxarmadım, heç yerə şikayət etmədim, onunla mübarizə aparıb ondan qisas almağa çalışmadım deyib öz qəhrəmanlığından bəhs edir. Yaramaz elə bilir ki, cəmiyyət də bunu qorxaqlığına, birdən nüfuzuna xələl gələcəyini fikirləşdiyinə görə etmədiyini başa düşməyəcək. Başa düşmür ki, o sadəcə müti və acizdir. Birdən yekəqarın, başıboş məmur hardasa deyər o problemli adamdır qorxusu başının üstünü kəsib. Ey yazıq.

Yetim müdafiəsizdir. Hətta onun adını da əlindən alıblar. Onun ancaq ön cəbhədə xidmət etmək azadlığı var.

V.İ.Leninin dediyi kapitalizmin sonuncu mərhələsi olan imperializm dövrünü yəqin indi yaşayırıq. Belə olsa Sosializmə – yetimin də ayaq üstə durmasına bir şey qalmayıb, əgər ona qədər canını tapşırmasa…

Firdovsi Şahbazov, iqtisad üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …