Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Bunlar “xiyar prinsipindən” əl çəkə bilmirlər

Bunlar “xiyar prinsipindən” əl çəkə bilmirlər

Həm 20 Yanvar, həm Xocalı faciələri ilə bağlı həmişə demişəm ki, bu qətliamlarda bütün rusların və Rusiya dövlətinin günahlandırılmasının əleyhinəyəm. Hər iki hadisəni müxtəlif siyasi dairələrin maraqlarına xidmət edən təxribat saymışam. Burada həm Qərbin, həm SSRİ və Rusiya xüsusi xidmət orqanlarının, həm də Azərbaycandakı bəlli qüvvələrin marağı olub. Bu gün də fikrimdə qalıram, ancaq bəzi məsələləri yenidən dəyərləndirməyin zəruri olduğunu düşünürəm.

Məsələ burasındadır ki, biz, yəni mən və Rusiya ilə yaxşı, normal, mehriban münasibət tərəfdarı olan azərbaycanlılar nə qədər belə desək də, bu fikirlər nəinki əksər azərbaycanlılar, hətta rusların özü tərəfindən dəstək görmür. Dəfələrlə, Rusiya sosial şəbəkələrində də bu barədə yazmış, rusların bu məsələlərlə bağlı addımlar atmalı olduğunun zərurətini qeyd etmişəm. Bildirmişəm ki, hadisələr obyektiv araşdırılmalı, kəskin şəkildə pislənilməli, əsl günahkarların adı çəkilməli, Azərbaycan xalqından üzr istənilməli, Rusiyadan gələn qonaqlar hökmən Şəhidlər Xiyabanını və Xocalı abidəsini ziyarət etməli, öz səmimi başsağlıqlarını çatdırmalı və digər tədbirlər görməlidirlər.

Özü də bu işlər inandırıcı, səmimi təsir bağışlamalı, davamlı xarakter almalı, azərbaycanlıların yarasına müəyyən qədər məlhəm olmalıdır.

Məsələn, dünən haradansa oxudum ki, bu gün Rusiya Xİ naziri Sergey Lavrov Azərbaycana gələcək. Çox istərdim ki, cənab Lavrov Xocalı abidəsini ziyarət etsin, bu hadisə ilə bağlı fikirlərini bildirsin, üzr istəsin.

Ancaq təəssüflə bildirməliyəm ki, bir-iki istisna ilə ruslar bu cür davranışlara həvəs göstərmirlər. Onların nəinki üzr istəmək fikri yoxdur, hətta bir çox məsələlərdə bizi borclu çıxarmağa çalışırlar.

Bəli, biz bəzən xalqlarımız və dövlətlərimiz arasında mehriban münasibətlər olmasını arzuladığımız üçün özümüzə tənqidi yanaşır, öz səhvlərimizi də göstəririk. Ancaq bunu Rusiyadan da umuruq. Onlar daha böyük olduqları üçün daha çox məsuliyyət daşıyırlar və daha səmimi olmalı, daha çox etiraf etməlidirlər.

Lakin bunları görmürük. Bəli, mən yenə də rus xalqını günahlandırmağın əleyhinəyəm və hamı bilir ki, hər zaman rusofobiyanın əleyhinə olmuşam. Amma rus xalqı, rus ziyalıları da bu məsələdə arzuolunan mövqe və təşəbbüs göstərmirlər. Aqressiv, yekəxana, şovinist ritorika hələ də davam edir. Axı qətliamlar nə qədər təxribat xarakterli olsa da, günahsız insanların qanına batan rus əsgərlərinin əlidir. Bunu Azərbaycan xalqı bilir və unutmur.

Düşmənçiliyin davam etməsi bizimlə bərabər rusların özünə də çox ziyandır. Ancaq onlar sanki bunu dərk etmirlər. Bizi saymır, hörmət etmir, gücümüzlə hesablaşmaq istəmirlər. Bizi kölə, qul, geridə qlmış toplum kimi görürlər. Unudurlar ki, biz də az deyilik və onların düşündüyü qədər zəif də deyilik. Həm də tək deyilik.

Onlar qərblilər kimi taktikalı davranmağa belə lüzum görmürlər. Qərb bütün gücünə və imkanlarına rəğmən, heç olmasa saman altından su yeridir, bunlar isə “xiyar prinsipindən” əl çəkə bilmirlər.

Bu cür yanlış siyasətdən Ukrayna bataqlığı doğdu. Rusiya indi ondan çıxmağın yollarını axtarsa da, tapa bilmir. Ancaq yol var. Səhvləri vaxtında etiraf etmək. Günahkarları cəzalandırmaq və üslubu dəyişmək.

Nadir QOCABƏYLİ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …