Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Biz niyə söyüş söyürük? – Nərmin Şah yazır…

Biz niyə söyüş söyürük? – Nərmin Şah yazır…

İnsanlar niyə söyüş söyür? Söyüşlərin məzmunu nələr deyir?

Söyüş, təhqir insanların aqressiyasını ifadə etmə formasıdır. Aqressivlik dərəcəsindən asılı olaraq söyüş söyərkən ton, jestlər, bədən mimikaları dəyişir. Hətta bəzən insanlar gülə-gülə də söyüş söyürlər. Bu gülüş hər nə qədər söyüş söyən şəxsi müdafiə rolunda dayansa da, aqressiyanı tam gizlədə bilmir. Daxili qarşı durmaları olmayan, özü ilə sülh içərisində olan insanlar söyüş söymə ehtiyacı hiss etmirlər. Bəs niyə aqressiyanı ifadə etmək üçün söyüş, təhqir geniş istifadə olunan vasitədir? Çünki söyüş söyərək, təhqir edərək şəxsi dərhal alçaltmaq olur və bir növ atılan güllə birbaşa hədəfə dəyir. Lakin əvvəlcə söyüş və təhqirin bir-birindən fərinə diqqət ayırmaq istəyirəm.

ADQ.AZ (Azərbaycan Dil Qrumu) təhqir və söyüşü izahlı lüğətdə bu cür şərh edir:

Təhqir – heysiyyətini alçaltma, mənliyinə toxunma, alçaltma.

Söyüş – nalayiq, qaba, təhqirli söz və ya sözlər.

Buradan da aydın görünür ki, təhqir daha geniş mənada işlənir, söyüş isə nisbətən dar mənada istifadə olunaraq təhqirin alt çoxluğu rolunu oynayır. Təhqir hansısa hərəkətlə, baxışla da mümkündür, amma söyüş təhqirin hərəkət olmadan sözlə ifadəsidir. Yəni hər söyüş təhqirdir, lakin hər təhqir söyüş deyil.

Bəs insan hansı hallarda təhqir və söyüşdən istifadə edir? Şəxsin psixoloji xüsusiyyətləri bunlardan necə və hansı şəraitdə istifadə etməsinə, hansından daha çox istifadə etməsinə təsir edirmi? Bir nümunəyə baxaq: İki insan bir mövzuya fərqli istiqamətlərdən yanaşaraq söhbət edir və bəzən bu söhbət münaqişəyə çevrilir. Dəfələrlə bunu müşahidə etmişəm və çox zaman bu qənaətə gəlmişəm ki, insanların öz fikirlərini qarşı tərəfə isbatlamaq üçün arqumentləri bitdiyi zaman və ya qarşı tərəfin arqumenti öz arqumentindən güclü olduğu zaman qarşı tərəfin fikrini yox, şəxsini hədəf almağa başlayır və hücumlarını mövzuya dair arqumentlərlə yox, şəxsin şəxsi, fərdi keyfiyyətlərinə dair arqumentlərlə, əsassız bənzətmələrlə edir. Bu, həm də qarşı tərəfi öz düşdüyü vəziyyətə salmaq cəhdidir. İnsanlar uduzduqlarını hiss etdikləri zaman meydanı dəyişməyə çalışırlar: Mövzuda uduzuram, həssas nöqtəsinə vuraraq istiqaməti dəyişim!

Bununla yanaşı mövzu dəyişdirməyə çalışarkən davamlı özü danışma, səsini yüksəltmə, qarşı tərəfə öz fikrini deməyə imkan verməmə özü də uduzmağı şüuraltı hiss etdiyinin göstəriciləridir. Mimika, jestlər, baxışlar vasitəsi ilə şəxsi aşağılamağa çalışdıqda, ünvanına nalayiq ifadələr işlətdikdə bu təhqir hesab edilir. Sadəcə sözlər vasitəsilə uyğun olmayan hərəkətlərin ifadə edilməsi isə söyüşdür. Verdiyim nümunədən az-çox insanların niyə təhqir və söyüşə əl atdığı məlum olur. Səbirli, mövzu ilə bağlı kifayət qədər biliyə sahib, öz arqumentlərinə güvənən, söz bazası geniş, sofistik xüsusiyyətləri olan şəxslər, adətən, qarşı tərəfi təhqir etmirlər və analitik qabiliyyətləri yaxşıdırsa, qarşı tərəfin söyüşdən istifadə edərək təhqir etmə səbəbini anlayırlar və qətiyyən eyni şəkildə cavab vermirlər, çünki qarşı tərəfin onu qalib tərəf kimi hiss etdiyini, ona görə bu kimi vasitələrə əl atdığını aydın görürlər.

Söyüşlər, adətən, şəxslərin dəyər verdiyi, əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni söyüş söymək, “sənin dəyər verdiyin, əxlaq çərçivəsinə daxil etdiyin şeyləri alçaldıram, əzirəm” deməkdir. Söyüş söyən şəxs bunun üzərində düşünməsə də, bilir ki, bu zaman qarşı tərəfi incitmiş olacaq və incidilmiş insanlarda gizli və ya açıq şəkildə qəzəb yaranır. Bununla da, söyüş söyən şəxs çox vaxt öz istəyinə nail olur. Belə desək, söyüş bəsit və dərhal effekt verən vasitə halını alır. İnsan beyni konfor zonadan çıxmağı, özünü işlətməyi bir o qədər sevmədiyi üçün asan yolları hər zaman daha çox sevir, bu səbəbdən çox insan aqressiyasını ifadə edərkən söyüş söyür.

Hər cəmiyyətin özünün özünə xas söyüş tərzi olur. Zənnimcə, istənilən cəmiyyətin tabularını araşdırarkən mütləq söyüşlərini də analiz etmək lazımdır. Bu yazıda həm də söyüşlərimizdə əks olunan bəzi tabulara nəzər salmaq istəyirəm. Elə götürək öz cəmiyyətimizi və söyüşlə ifadə etdikləri şeyi. Bizim cəmiyyətdə söyüşlərin əksəriyyətində seksual hərəkətlərin icrasının sözlə ifadəsi var. Çünki bizim cəmiyyətdə seks ciddi problemdir. Bu problem çox genişdir, sadəcə bir neçə detala səthi toxunacam. Əsas hissəsi qadın və kişinin seks prosesindəki vəziyyətinə əsaslanır. Şərq cəmiyyətində qadın uzun əsrlər boyu missioner pozada utancaq vəziyyətdə dayandığı, qarşı tərəf onu əxlaqsız kimi görməsin deyə zövq aldığını gizlədiyi üçün elə anlaşılıb ki, seks sadəcə kişinin zövq alması üçündür, qadın həqiqətən də bir tarla kimidir, hər şey əkib-biçəndən asılıdır. Ona görə də cəmiyyətimizdəki söyüşlərin çoxu qadın üzərindəndir. Əsrlər dəyişsə də, kişilərin istəyi ilə bəzi yeni pozaları yoxlasalar da, qadın hələ də seksdə həzz alan iki şəxsdən biri deyil, hələ də bir çox qadın seksdə qarşı tərəfin istəyinə görə iş icra edən tərəfdir, buna görə nəinki təkcə qadını söyəndə, eləcə də kişi kişini söyəndə qadın üzərindən söyür.

Burada ortaya “qadın kişinin şəxsi mülkiyyətidir” fikri çıxır, eynilə bayaq dediyim sahibkarın iş icra edən aparatıdır. Ona görə də kişi kişini söyəndə qadını mülkiyyət hesab edərək söyür. Amma düşünmür ki, qadın şəxsdir, o belə bir şey etsə, qadın da zövq alacaq. Məsələyə belə yanaşanda kişi seksi, daha aydın desəm, penisini alçaltmaq vasitəsi kimi görməyəcək. Hətta təsəvvür edin, bir qadın kişini eyni tərzdə öz anatomik quruluşuna əsaslanaraq söyür. Anlayıram, təsəvvür etmək çətindir. Çünki bir çox qadın seksdə hələ o qədər azad deyil.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …