Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / Azərbaycanda belə film olmayıb – “34 milyon pul olsa…”

Azərbaycanda belə film olmayıb – “34 milyon pul olsa…”

Məlum olduğu kimi, prezident İlham Əliyev 2013-cü ilin dekabrın 28-də “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. “Dədə Qorqud” dastanlarının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq, “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılıb. Qeyd edək ki, bu ilin dekabrın 28-də ölkə başçısının sözügedən sərəncamın verilməsindən iki il ötür. “Qafqazinfo” bu məqamda filmə hazırlıq prosesinin nə yerdə olması ilə maraqlanıb.

“5-6 milyon manatla bu mümkün olmayacaq”

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Yusif Şeyxov sayta açıqlamasında film çəkilişlərinin hələ başlamadığını qeyd edib: “Filmin ədəbi ssenarisi yazılıb. Əvvəlcə, qeyd etməliyəm ki, kino tariximizdə bu böyüklükdə layihə olmayıb. Nəzərə alsaq ki, söhbət teleserialdan yox, bədii televiziya filminin çəkilişindən gedir. Hazırda bu layihənin gerçəkləşdirilməsi konsepsiyası ətrafında müzakirələr gedir”.
O tarixi bədii film çəkməyin çətin proses olduğunu vurğulayıb: “Hələ mən filmin yaradıcılıq tərəfini nəzərdə tutmuram. Bu, böyük maliyyə vəsaiti tələb edən layihədir. Həmçinin hesabat baxımından çox çətin işdir. Kino istehsalına hər il ayrılan 5-6 milyon manatla bu layihəni gerçəkləşdirmək mümkün olmayacaq. Yəni bir ildə kino çəkilişlərinə ayrılan bütün maliyyəni bir layihə yönəltmək bəlkə də mümkün olar. Amma bu ən azı iki-üç il başqa filmin çəkilməməsi deməkdir. Bir çox başqa layihəni qeyri- müəyyən vaxta təxirə salmaq tələb oluna bilər. Bu baxımdan da digər kinoların çəkilməməsi təhlükəsi yarana bilər”.

 

“Avatar” kimi…

Y. Şeyxov 40 il bundan qabaq “Dədə Qorqud” filminin çəkildiyini xatırladıb: “Uğurlu film alınmışdı. İndiki film isə ondan aşağı səviyyədə olmamalıdır. Çünki yaxın onilliklərdə belə böyük miqyasda 10 seriyalı film çəkmək mümkün olmayacaq. Filmin çəkilməsinə yeni texnoloji yanaşmalar tələb olunur. Bu sahədə dünya kinosunun nailiyyətləri var. İndiki tamaşıçının da belə filmləri qavranması streotipləri yaranıb. Məsələn, “Dədə Qorqud”da “Basat və Təpəgöz” boyu var. Onu adi kino üsulları ilə çəkmək mümkün deyil. Burada “Harri Porter” , “Avatar” filmlərini xatırlamaq olar. Məsələ təqlidçilikdə deyil, yeni yanaşmalardadır. Hazırda bu məsələlər ətrafında müzakirələr aparılır”.

Maliyyə məsələlərindən də danışan şöbə müdiri əlavə edib ki, ilkin olaraq ssenarinin yazılması və müəyyən tarixi araşdırmalar aparılması məqsədilə 1 milyon manat vəsait ayrılmışdı: “O pulun da hamısı xərclənməyib. Nə qədər vəsaitin qalması barədə məlumatım yoxdur. Filmin istehsalı isə, bundan qat-qat artıq pul tələb edir. Bu 1 milyonla ötüşəsi deyil. Ədəbi ssenari əsasında rejissor ssenarisi yazılmalıdır. Rejissoer ssenarisi yazıldıqdan sonra filmin maya dəyəri müəyyən olunacaq.

Filmin çəkilməsinə yanaşmalar müxtəlifdir. Təkliflərdən biri də odur ki, film beynəlxalq layihə olsun. Çünki “Dədə Qorqud” dastanı türk xalqlarının ortaq eposu sayılır. Türkiyə, Türkmənistan kimi ölkələri də prosesə cəlb edərək yaradıcı və maliyyə imkanlarının birləşdirilməsi təklifləri var. Çünki, çox böyük pul lazımdır. Bildiyimə görə, Kinostudiyanın rəhbərliyi bu istiqamətdə Türkiyədə müəyyən danışıqlar aparıb.
Təkliflərdən biri də xaricdən rejissorları cəlb etməkdir. Belə iriqmiqyaslı tarixi layihələr çəkmək təcrübəsi olan mütəxəssislərin cəlb edilməsi təklifləri də var”.

Anar ssenarini yazıb

Bildiyimiz kimi, filmin ssenarisini xalq yazıçısı Anar yazıb. Yazıçılar Birliyindən, Mədəniyyət və Turizm Nazirliyindən artıq hazır olan ssenarinin müəllifinə nə qədər qonorar ödənilməsi barədə sualımıza isə cavab ala bilmədik.

Pul çatışmazlığı olarsa, vaxt uzanacaq

Rejissor, ssenarist Rövşən Almuradlı da “Qafqazinfo”ya açıqlamasında tarixi filmin çəkilişinin çətin proses olduğunu vurğulayıb: “Film çəkilişində tarixçilər, etnoqraflar, arxioloqlar, arxitekturlar birgə işləməlidir. Ekspertlər olmalıdır. Geyimdən tutmuş bütün əşyalara qədər hər şey dəqiqliklə yerində olmalıdır. Zaman fərqi olduğuna görə, davranış və dil çətinliyi məsələləri var. Ümumiyyətlə tammetrajlı bir bölümdən ibarət filmin çəkilişinə ilyarım vaxt sərf olunur. Pul çatışmazlığı olarsa, müddət bir qədər də uzana bilər. Televiziya serialları operaturada çəkilir, daha rahatdır, çünki laboratoriya işi olmur. Məsələn, “Mühteşem Yüzyıl” , “Diriliş Ertuğrul” tarixi filmlər televiziya filmləridir, yəni bədii filmlər deyil”.

Onun sözlərinə görə, filmin çəkilməsinə nə qədər çox pul ayrılarsa, film bir o qədər də effektli alınar: “Bizdə tarixi filmlərə 1 milyon pul ayrılır. Məsələn, mənim çəkdiyim “Cavad xan” filminə bu qədər vəsait ayrılmışdı. Amma Qazaxıstanda “Köçərilər” tarixi filminin çəkilməsinə 34 milyon yarım pul ayrılmışdı.

Azərbaycanda da 34 milyon ayrılsaydı, bu qədər vəsaitə nələr etmək olmazdı? İstənilən texnikanı gətirmək, komputer, qrafikalardan istifadə etmək mümkün idi. Film keyfiyyətli çəkilərsə, ona baxılması imkanları da artır. Filmə lazımı pul ayrılmayanda artıq əvəzlənmələr baş verir. Bu da onun effektivliyini aşağı salır. Tarixi filmlər zaman keçdikdən sonra tarixi fakt kimi istifadə olunur. Çünki bu filmlər millətin gələcəyidir”.

Film çəkilişi onmilyonlarla pul tələb edir

Qeyd edildiyi kimi, çox seriyalı bədii televiziya filminin çəkilməsi çoxlu vəsait tələb edir. Xüsusilə də, söhbət tarixi filmlərdən gedirsə, burada büdcə bir neçə dəfə artıq olur.

Kino aləmində təkcə bir seriyalı tarixi bədii filmin çəkilməsinə nə qədər vəsait sərf olunduğuna nümunələr gətirə bilərik.

Məsələn, bu il vizyona girən Türkiyə istehsalı rejissor Özhan Ərənin çəkdiyi “Son mektub” tarixi filminin büdcəsi 8 milyon manat təşkil edib. 2014- cü ildə, yenə də Türkiyə istehsalı olan, rejissor Hasan Kıraçın çəkdiyi “Birleşen gönüller” filminə 50 milyon avro, 2002-ci ildə çəkilən, üç Oscar mükafatlı, rejissor Roman Polanskinin çəkdiyi “Pianoçu” filmi 35 milyon dollar, 2004- cü ildə rejissor Oliver Hirschbiegelin çəkdiyi, dünya müharibəsinin və Adolf Hitlerin son günlərindən bəhs edən “Çöküş” filminə 13 milyon 500 min avro, 2006-cı ildə Amerika istehsalı olan, rejissor Zak Sneyderin çəkdiyi “300 spartalı” filmi 60 milyon dollar, ABŞ, İngiltərə , İspaniya , Almaniyanın birgə istehsalı olan “Cənnətin kralllığı” tarixi filminin çəkilməsinə 135 milyon dollar, 2013- cü ildə çəkilən Amerika istehsalı “12 illik əsarət” filminə 20 milyon dollar vəsait ayrılıb.

Nəzərə alsaq ki, bu rəqəmlər təkcə bir seriyalı filmin çəkilməsinə sərf olunub.

Nə olacaq?

Türkiyədə ən bahalı büdcəyə malik olan “Mühteşem Yüzyıl” çox serialı bədii televiziya filmi olmasa da, tarixi film baxımından müqayisə edilərsə, 4 ildə 139 seriyalı filmin çəkilməsinə 47 milyon 793 min manat civarında pul xərclənib. Yəni serialın bir bölümün çəkilməsinə təxminən 1 milyon 287 min manat vəsait sərf olunub. Bu rəqəmlərə yaradıcı heyətə və filmin aktyor heyətinə ödənilən məbləğ daxil deyil.

Bu baxımdan hesab olunur ki, 10 seriyadan ibarət, ən son texnologiyaların istifadə edilərək çəkilməsi nəzərdə tutulan tarixi bədii filmə ən azı 5-10 milyon arası vəsait ayrılmalıdır.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın