Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Ayağının suyunu içməyin, ayağınızın altına salın…

Ayağının suyunu içməyin, ayağınızın altına salın…

Qadın anadır. Dünya bərqərar olandan insanlar onun haqqını ödəməyin yollarını arayırlar. Amma tapa bilmirlər. Ananın haqqı dünya malı ilə ödənilməz…

Qadın bacıdır. Yaxşı günümzdə də, pis günümüzdə də yanımızda olan təmənnasız varlıqdır…

Qadın həyat yoldaşıdır, övladlarımızın anasıdır. Bizə bir dırnağını dünyaya dəyişməyəcəyimiz varlqılar bəxş edən xanımdır…

Qadının yeri başımızdan ucadır. Bunu anlamayan kişilərin başı həmişə aşağı olub…

Son günlər cəmiyyət yenə bir qadını müzakirə edir. “Xəzər” TV-nin aparıcısı Lalə Azərtaşın “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən” sözləri onu hədəfə gətirib. Təkcə qadınlar deyil, hətta bəzi kişilər də Lalə xanımı tənqid edir. Əgər söhbət tənqidlə bitsəydi, heç səsimi də çıxarmazdım. Tənqid çoxdan təhqirə çevrilib, söyüşün, qarğışın bir bir qəpikdir.

Lalə xanımın bu sözləri hansı kontekstdən dediyi hər kəsə məlumdur. Mən onunla ömür boyu üz-üzə gəlməmişəm, bir dəfə belə verilişində qonaq olmamışam. Amma əlimi Qurana basıb and içə bilərəm ki, o, hansısa Azərbaycan qadınının həyat yoldaşının nəinki ayağının suyunu içməyə, hətta ayağını yumasına da razı olmaz.

Bəzi xanımlarımızın bu qədər haray-həşir salmasını heç cür anlaya bilmirəm. Nədən narahatsınız? Sizi sevən, sizə dəyər verən kişi sizə heç ayaqlarını yudurarmı? Sizə dəyər verməyən kişinin yanında nə işiniz var?!

Lalə Azərtaşın qalmaqala səbəb olan sözləri ailələrin dağılmamasına xidmət edir. Ola bilsin ki, fikrini düzgün ifadə etməyib, canlı efirin yaratdığı həyəcana əsir düşüb. Amma niyyəti safdır. Heç kimin yuvasının dağılmasını istəmir. Öz həmcinslərinə demək istəyir ki, kişi od olanda siz su olun. Od olub hər tərəfi yandırmayın…

Yenə deyirəm: Özünə hörmət edən kişi qadınını başının tacı etməlidir. Amma bir sözdən yapşıb spekulyasiyaya getməyə ehtiyac yoxdur. Qadını hər gün ayaq altına salıb döyməklə ona ayaq yudurmağın heç bir fərqi yoxdur. Əksinə, qadını təpikləyib yumağa çevirmək ona ayaq yudurmaqdan qat-qat pisdir.

Ağlım kəsəndən, dilim söz, əlim qələm tutandan həmişə qadın hüquqlarının qızğın müdafiəçisi olmuşam. Nə qədər ki, nəfəsim gedib-gəlir belə də olacaq. Amma bu o demək deyil ki, bir çoxları kimi mən də “yaxşı oğlan” olmaq üçün mütləq “xor”a qoşulmalıyam. Yoxsa, kimlərinsə xoşuna gəlmək üçün qadınlara “ayağının suyunu içməyin, ayağınızın altına salın” deməliyəm? 

Azərbaycan 30 ildən çoxdur ki, müstəqildir. Amma aramızda elə adamlar var ki, bu 30 ildə üst-üstə 30 saat səmimi ola bilməyiblər. Sosial şəbəkələrdə gedən müzakirələri izləyəndə dəhşətə gəlirəm. Əgər hamımız xanımlara belə dəyər veririksə, bəs hər gün döyülən, övladları əlindən alınan, evdən qovulan, efirlərdə bəzi ədəbaz ekspertlərin danlağına tuş gələn qadınlar kimin “əsəridir”? 

Yaxşı ki, Azərbaycan balaca ölkədir və hamı bir-birini əla tanıyır…

Yaxşıyın görək…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …