Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / ANS-də islahatlar aparılır…

ANS-də islahatlar aparılır…

Daim xəbər kanalı kimi tamaşaçıların xidmətində olan ANS TV ənənəsinə sadiq qalmaqdadır. Kanalın efir formatında dəyişikliklər və yeniliklər davam edir.

Teleməkanda canlı layihələrin sayı artıb. Əsas diqqət isə həmişə olduğu kimi ilk növbədə tamaşaçıların xəbər tələbatının keyfiyyətlə ödənilməsinə hesablanıb. ANS TV-nin yeni formata keçməsi xəbər aparıcılarının işini və məsuliyyətini daha da artırıb desək, yanılmarıq. TV-nin xəbər aparıcısı Natiq Nailəoğlu yeni formatın əsas xüsusiyyətlərindən söz açdı:

“Əvvəllər hər 2-3 saatdan bir “Xəbərçi” verilişi efirdə olurdu və hər hansı bir hadisə baş verəndə “Xəbərçi”nin növbəti buraxılışında onu təqdim etməli olurduq. Amma indi ANS tam yeni formata keçib, demək olar ki, hər saat ölkədə və dünyada baş verən ən son xəbərləri tamaşaçılara çatdırır. Düzdür, yeni format əvvəlcə insanlarda çaşqınlıq yaratdı, amma vaxt keçdikcə bu formata marağın, bizi izləyənlərin sayının artdığının şahidi oluruq. Düşünürəm ki, teleməkanda bayağılıq göstərmək, ucuz şou nümayiş etdirməkdənsə, bu cür formatla efirdə olmaq daha məqsədəuyğundur”.

Yalnız fövqəladə vəziyyətlərdə, seçkilərdə proqramında dəyişiklik edərək hər saat xəbər təqdim edən ANS, indiki formatla hadisə baş verən anda həmin xəbəri operativ olaraq tamaşaçılara təqdim etmək imkanına malikdir. Operativlik və peşəkarlıq, baş verən hadisəyə obyektiv, dəqiq, qərəzsiz yanaşmaq kanalın əsas prinsipidir.

ANS TV-nin xanım xəbər aparıcısı Nigar Mahmudova hesab edir ki, kanalın indiki formatının poliqonu səhər verilişi olub. Çünki məhz ilk olaraq bu veriliş 3 saatlıq xəbər formatı ilə izləyicilərə təqdim olunub.

“Biz 3 saat ərzində durmadan yerli və xarici xəbərləri təqdim etdik. Xəbər verməklə yanaşı, tamaşaçılar üçün maraqlı rubrikalar da hazırlayırıq. Səyahət, Bil, Tarixdə bu gün, Günün videosu və fotosu, Dəbdəbə. Bu rubrikaların hər birində maraqlı məlumatlar yer alır. Yeni formatın bir özəlliyi də ondadır ki, hər bir rubrikanın dəqiq vaxtı var. Tamaşaçılar bəyəndikləri rubrikanı izləmək üçün hər gün eyni vaxtda ANS-ə baxa bilərlər. Bu dəqiqlik xəbər süjetlərinə də aiddir”.

ANS Müstəqil Yayım Media Şirkətinin (MY MŞ) Proqram Departamentinin rəhbəri Sevda Həsənova isə efir məkanında yeni layihələrin işıqlanacağını istisna etmədi.

“ANS tamaşaçının ən etibar etdiyi kanal imicini həmişə qoruyub saxlayıb və saxlayacaq da. Bunun üçün bütün əməkdaşlar var gücü ilə çalışır, birgə səylərini ortaya qoyurlar. Tamaşaçılara intellektual, tok-şou xarakterli verilişlər təqdim olunur və biz bu cür layihələri davam etdirəcəyik. Paraleldə şirkətdə müvafiq islahatlar da aparılacaq. Həmişə olduğu kimi bağlanma zərurəti olan verilişlər bağlanacaq, amma bu, o demək deyil ki, işçilərimiz iş yerini itirəcək. Biz çalışırıq ki, işində peşəkarlarla əməkdaşlıq edək və hazırda bunu edirik də”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın